“Sabah”ın yeni transferi Pavol Şafranko “FutbolPress“ə açıqlama verdi. Slovakiyalı forvard komandanın Sloveniya toplanışını dəyərləndirdi:
“Hazırlığımız yaxşı keçdi. Ağır məşqlərimiz oldu və düşünürəm ki, hamı yeni mövsümə hazırdır. Rəhbərliyə bizə gözəl şərait yaratdığı üçün təşəkkür edirəm”.
Uyğunlaşmaqda problem yaşamadığını bildirən hücumçu “Sabah” və Azərbaycan çempionatı haqda çox məlumatlı olmadığını qeyd etdi:
“Uyğunlaşmaq problemim olmadı. Çünki kollektiv çox peşəkar və mehribandır. Düzünü desəm, bura gəlməzdən əvvəl çox məlumatlı deyildim. İndi oyunlara çıxmaq, komandaları tanımaq üçün səbirsizlənirəm”.
“Sabah” Konfrans Liqasının II təsnifat mərhələsində sabah “Makkabi” (Hayfa, İsrail) ilə qarşılaşacaq. Şafranko matçla bağlı fikirlərini bölüşdü:
“Konfrans Liqasında oynamaq xüsusidir. “Makkabi” yaxşı rəqibdir. Çalışacağıq ki, meydanda bacarıqlarımızı göstərə bilək. Bunun üçün işləyirik. Hədəfimiz hər oyun yaxşı oynamaq, nəticə qazanmaqdır. Ümid edirəm ki, oyunumuz və nəticələrimizlə azarkeşlərimizi sevindirə bilərik”.