Oktyabrın 23-də Şağan Olimpiya İdman Kompleksində “Ulduz” Futbol Akademiyasının açılışı olub. Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın baş katibi Sərxan Hacıyev və Azərbaycan futbol ictimaiyyətinin nümayəndələri iştirak edib.
Ölkədə uşaq futbolunun inkişafı üçün atılmış növbəti addımlardan biri olan akademiyanın qarşısına duran vəzifələr, planları və digər mövzularla bağlı akademiyanın direktoru Mehman Əlimovla söhbətləşdik:
– Kazbek Tuayevin akademiyası illərlə tənqid edildi, nəhayət bu yöndə dəyişiklik oldu. İlkin olaraq hansı işlər görülüb?
– Əvvəllər məktəb kimi İxtisaslaşmış Olimpiya Ehtiyatları Futbol məktəbinin nəzdində fəaliyyət göstərirdik. Rəhbərlik tərəfindən etimad göstərildikdən sonra direktor təyin olundum. Qərara gəlindi ki, məktəbin nəzdində yeni futbol akademiyası yaradılsın. Hazırda məktəb olaraq bizim komandalarımız fəaliyyət göstərir. O uşaqların fəaliyyəti izlənilir və bacarıqlı uşaqlar akademiyaya cəlb olunur. Paytaxt zonasında məktəbin nəzdində U-8, U-9, U-10, U-11, U-12 və U-13 komadaları var. Sumqayıtda isə U-11, U-12 və U-13 komandalarımız mövcuddur. Akademiyanı yaratdıq və məktəblərdən bacarıqlı futbolçuları cəlb etdik. Artıq aşağı yaş qruplarında olan futbolçular başqa klublara getmir, öz akademiyamıza cəlb olunur.
– Keçmiş uğursuzluqları unutdurmaq üçün hansı addımları atmısınız?
– İlkin addım akademiyanın yaradılması idi. Hazırda 4 yaş qrupumuz var. Bununla kifayətlənməyəcəyik. Fəaliyyətimizi daha da genişləndirib, digər yaş qruplarını da formalaşdıracağıq. Olanlar keçmişdə qaldı, artıq gələcəyə baxmaq lazımdır. Fəaliyyətim dövründən qeyd edə bilərəm ki, məktəbin nəzdində akademiya lazım idi və quruldu.
– Məşqçi təyinatları məlumdur?
– Akademiyanı yaratdıqdan sonra ilkin olaraq texniki heyət formalaşdırılmalı idi. Yaş qruplarının hər birinə baş məşqçilər təyin olunub, qapıçılar üzrə məşqçilər cəlb olunub. Hazırda yuxarı yaş qruplarının kordinatoru Adil Şükürov, U-10 və U-11-də isə Nurəddin Məmmədov kordinator vəzifəsini yerinə yetirir.
– Əvvəlki məşqçilərdən fəaliyyətlərini davam etdirənlər var?
– Bəli, məktəbin nəzdindəki komandalarımızda baş məşqçi qisimində çıxış edənlər var. Bəziləri ilə yollarımızı ayırmışıq, lakin fəaliyyətini davam etdirənlər var. Hətta bir nəfər məşqçini akademiyaya cəlb etmişik.
– Məşqçiləri seçərkən hansı prinsiplər nəzərə alındı?
– Seçim edərkən C və B kateqoriyalı məşqçiləri cəlb etdik.
– Akademiyada uşaqların qalması, onların qidalanması və s. kimi məsələlər nəzərə alınıb?
– U-10 və U-11 komandaları akademiyada qalmır. Bu qruplarda oynayan uşaqların əksəriyyəti paytaxt zonasında yaşayanlardı. U-12 -13 komandalarını isə bölgələrdə seleksiya xarakterli məşqlər və oyunlar keçirdikdən sonra seçmişik. Gedib-gəlməkdə problem çəkən, regiondan gələn uşaqları “Cırtdan” uşaq yaşayış düşərgəsində yerləşdirmişik. Həmçinin uşaqların təhsildən uzaq düşməmələri üçün 237 saylı orta məktəbdə təhsillərini davam etmələrini təmin etmişik. Bəzən valideyn övladını uzaq yerə buraxmaq istəmir və onlara izah olunur ki, sizin uşağınızda istedad var. Üzərində işləsək, gələcəkdə Azərbaycanın tanınmış futbolçularından biri ola bilər. Əsas məqsədimiz milli komandaların aşağı yaş qruplarına və təbii ki, əsas yığmaya oyunçu yetişdirməkdir. Burada məşqçilərdən tutmuş valideynlərə qədər hamımız bir ailəyik. Çünki valideyn uşağını bizə əmanət edir və biz də əlimizdən gələni maksimum şəkildə yerinə yetirməyə çalışırıq.
– Seçimlər zamanı hansı kriteriyalar nəzərə alınır?
– İlkin olaraq texniki heyətimizi formalaşdırdıq. Bu mərhələdən sonra bölgələrə yollanıb baracıqlı futbolçuları üzə çıxarmağa başladıq. 800-ə qədər uşaq arasında seleksiya xarakterli məşqlər keçirildi. Yəni, seçimlər iki mərhələdən ibarət olub. Birinci mərhələ istedadlı, bacarıqlı futbolçular müəyyən edildi. İkinci mərhələ isə Abşeron Olimpiya İdman Kompleksində keçirildi və akademiyaya yeni uşaqlar cəlb olundu. Və AFFA tərəfindən FİFA Connect proqramında qeydiyyatdan keçirildi və lisenziyalar alındı. Seçimlər demək olar, ölkənin bütün regionlarında aparıldı. Onu da qeyd edim ki, seçimlər mütamadi şəkildə davam edəcək. Bir seleksiya ilə kifayətlənməyəcəyik. Paytaxtda aşağı yaş qruplarında oynayan uşaqlara nəzarət edirik, amma bölgələrdə də seleksiya xarakterli məşqlər davam edəcək.
– Bu proses hansı vaxt intervalı ilə keçiriləcək?
– Ola bilər ki, uşaqlar həmin regionda qeydiyyatda olsun. Birinci növbədə uşaqların təhsil məsələsini həll etməliyik. Uşaqlar bura dəvət olunursa, təhsildən yayınmamalıdır və müəyyən dövrlər var ki, şagirdlərin yerdəyişmə prosesi keçirilir. Və ya ola bilər ki, seçdiyimiz uşaq başqa komadada qeydiyyatda olsun, onun transfer edilməsi lazımdır. Transfer pəncərəsi də yanvarda açılır. Bu məsələləri maydan sonra üçün nəzərdə tutmuşuq.
– Akademiyanın yerli və beynəlxalq turnirlərdə iştirakı yaxın gələcək üçün nə qədər real görünür?
– Uşaqların yerli və beynəlxalq turnirlərdə iştirakı nəzərdə tutulur. Komandalarımız AFFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak edirlər. İşimizin mükəmməl səviyyədə görülməsi üçün beynəlxalq turnirlər şərtdir. Təbii ki, planımızda var və uşaqların beynəlxalq yarışlarda iştirakı təmin olunacaq.
– Uzun illər bu sahədə çalışırsınız və bundan əvvəl “Neftçi”nin akademiyasında işləmisiniz. Təcrübənizə əsaslanaraq deyə bilərmisiniz ki, akademiyaların inkişafına mane olan amillər hansılardır?
– Uğursuzluqlar hər bir klubun daxili məsələsi ola bilər. Deyə bilmərəm. Lakin təcrübəmə əsaslanaraq onu qeyd edim ki, uşaq səhər 7-də evdən çıxıb məktəbə gedir, dərs bitdikdən sonra isə akademiyaya gəlir. Və bu aralığda onun qidalanma prosesi düzgün getmir. Akademiyamızda isə bu, belə deyil. Onlar dərsdən çıxdıqdan sonra məcburi şəkildə qidalanırlar və bir neçə saat istirahət etdikdən sonra məşqlərimiz başlayır. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hər bir şəraiti qurmağa çalışırıq.
– Araşdırmalarımız göstərir ki, xarici ölkələrin aşağı yaş qruplarında xeyli sayda azərbaycanlı var. Onların fəaliyyətini izləyib, Azərbaycana cəlb etməyi düşünürsünüz?
– Ola bilər ki, onların ailələri həmin ölkədə yaşasın. Lakin hazırda Azərbaycanda kifayət qədər istedadlı futbolçular var. Amma həmin oyunçu bizim akademiyada oynamaq istəyirsə və bəyəniriksə, onu cəlb edə bilərik. Məsuliyyətli prosesi üzərimizə götürmüşük, inanıram ki, Azərbaycada və ölkədən kənarda oynayacaq futbolçular yetişdirəcəyik. Hazırda futbol aləminə yeni qədəm qoyuruq, dediyim kimi məqsədimiz milli komandaya oyunçu verməkdir. Aşağı yaş qruplarını yaxşı formalaşdırdıqdan sonra digər proseslər zərzirvari şəkildə inkişaf edəcək. Bildiyiniz kimi akademiyanın təsisçisi Nazim Süleymanovudur. O. böyük təcrübəyə malik veteran futbolçudur. Onun bizdən nə tələbləri olacaqsa, yerinə yetirməyə çalışacağıq. O, tələb edirsə, demək bir bildiyi var.
Məlik Məlikov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu