Uğursuz start, dəyişiklik, bürünc medallar

Azərbaycanda daha bir futbol mövsümü geridə qaldı. Çempion martdan bəlli olsa da, avrokuboklar uğrunda mübarizə son tura qədər davam etdi. “Zirə”, “Sabah” və “Sumqayıt” avrokuboklara vəsiqə qazanmağı bacardı. “Sabah”ın 2022/2023-cü illər mövsümündəki uğurlu çıxışı, onların gümüş medalları qazanması ilə nəticələndi. Bu sıçrayışdan sonra hamı “bayquşlar”ın bu il “Qarabağ”la başabaş rəqabət aparacağını təxmin edirdi. Hətta “Sabah”ın çempion ola biləcəyini deyənlər də az deyildi. Lakin hər şey gözlənilənlərin əksinə oldu. Komanda mövsümün ilk oyununda qələbə qazansa da, daha sonra ardıcıl olaraq 8 tur qələbəyə həsrət qalmışdı. Ardıcıl məğlubiyyətlər və xal itkiləri rusiyalı mütəxəssis Murad Musayevin komandadakı gələcəyini sual altında qoyurdu. Bunun da nəticəsidir ki, Musayevlə qış fasiləsində yollar ayrıldı. Bundan sonra qəsəbə təmsilçisini oyunlara komandanın idman direktoru İqor Ponomaryov çıxardı. Onun rəhbərliyi altında komanda 2 dəfə qələbə qazandığı halda, eyni saytda da heç-heçə etdi. 5 matçın yalnız birində “Sabah” meydanı xalsız tərk etdi. Bəzən futbolçular Musayevin tələb etdiyi təzyiqə dözə bilmədiklərini qeyd edirdilər. “Sabah”ın məşqçilər korpusu da oyunçuları matçlara əsasən psixoloji cəhətdən hazırladıqlarını bildiridilər.

Martın 5-də isə “Sabah”da Krunoslav Renduliç səhifəsi açıqdı. Xorvat mütəxəssisin rəhbərliyi altında “Sabah” 11 Premyer Liqa oyununda 8 qələbə qazanıb, 3 dəfə meydanı xalsız tərk etdilər. Bu nəticələrdən sonra komanda “Sumqayıt” və “Neftçi” kimi komandaları qabaqlayaraq, “Qarabağ”la “Zirə”dən sonra üçüncü oldu. Masazır təmsilçisi növbəti mövsüm Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək. Mövsümü 58 xalla başa vuran komanda rəqib qapılarında 50 top keçirdiyi halda, 40 dəfə qapısında qol görüb.

Komandanın yeni yaradılmasına baxmayaraq, artıq akademiyada yetişən aşağı yaş qrupundan ibarət komandalar da beynəlxalq arenalarda nəticə verməkdədir. Belə ki, bu ilin mayında “Sabah”ın U-14 komandası Türkiyənin Antalya şəhərində keçirilən “Junior World Cup” beynəlxalq turnirində çempion oldu. Qeyd etmək lazımdır ki, Masazır təmsilçisinin U-15 komandası da müvafiq turniri 4-cü bitiriblər. Bundan başqa, komandanın xanımlardan ibarət heyəti U-17 Qızlar Liqasında qızıl medalları qazandılar. Bu siyahını bir qədər də uzatmaq olar. Geridə qalan ildə “bayquş”ların aşağı yaş qrupları müxtəlif turnirlərdə kubok və medallar qazanmağı bacarıblar.

Bütün bunlar gənc komandada işlərin düzgün qurulduğundan xəbər yerir. Ümid edirik ki, “Sabah” futbol akademiyasının Azərbaycan futboluna tövhələrini qarşıdakı illərdə qabarıq şəkildə hiss edəcəyik.

Məlik Məlikov