AFFA U-16 Liqasında Gəncədə keçirilən “Kəpəz” – “Qəbələ” oyunundan sonra futbolçularla azarkeşlər arasında insident yaşandığını xəbər vermişdik.
“Kəpəz”in akademiyasının koordinatoru Vasif Əliyev “FutbolPress“ə açıqlamasında baş verən xoşagəlməz halla bağlı bunları dedi:
“Bu mövsüm “Qəbələ” ilə oyunlar gərgin keçib. Matçdan sonra rəqibin futbolçuları məğlubiyyətə görə məyus olmuş və gərgin idilər. Bir qrup futbolçularla bizimkilər arasında söz atışması oldu, ancaq burada ciddi bir şey yox idi. Məsələni görən kimi ora qaçıb, onları ayırmağa çalışdıq. Lakin bir qrup “Qəbələ” oyunçusu isə azarkeşlərlə söz davasında idi. Futbolda belə hallar olur. Oyunçu da gərək fanata cavab verməsin, vəziyyəti daha ağırlaşdıran bu oldu. Bizim başımız bu tərəfə qarışmışdı, bir azarkeş digər qapıdan meydana daxil olmuş və oyunçuların üstünə gəlmişdi. Açığı, fanatın uşaqları vurmasını görməmişəm. Amma çəkişmələr var idi. Onlara yaxınlaşanda gördüm ki, bir oyunçu setkaya dəyib yıxılıb. Şəkli yayılan o uşaq idi və belindəki cızıqlar da buna görə olmuşdu. Amma kiminsə kiməsə zərbə vurduğunu görməmişəm”.
Akademiya rəhbəri hadisələrin baş verməsinə əsas səbəb “Qəbələ”nin oyunçularının fanatları təxribata çəkməsinin olduğunu dedi:
“Futbolda belə hallar olur. Dünyanın istənilən yerində azarkeşlərlə futbolçular arasında mübahisələr olur. Amma gərək oyunçu fanatın davranışına belə reaksiya verməsin. Sanki “Qəbələ”nin futbolçuları da azarkeşləri təxribata çəkdilər və belə hallar yaşandı”.
Mövsümdə bir neçə dəfə belə halların yaşandığını bildirən Əliyev aşağı yaş qruplarında təhlükəsizlik məsələlərinin qaydasında olmadığını əlavə etdi:
“Aşağı yaş qruplarında sadəcə U-19 liqasında polislər oyunda olur. Digərlərində yoxdur. Belə hadisələr mövsüm ərzində bir neçə dəfə olur. Buna görə hüquq mühafizə orqanlarının əməkdaşları bu çempionatlarda da olmalıdır. Onların varlığı futbolçuları, azarkeşləri belə rahat davranmalarının qarşısını ala bilər”.
“Kəpəz” “Qəbələ”ni 2:0 hesabıyla məğlub edib.
Şahin Cəfərov