Azərbaycan Premyer Liqasında bu gün XVII tura yekun vurulacaq.”Qarabağ” azarkeşləri önündə “Sumqayıt”ı qəbul edəcək.
“FutbolPress“in məlumatına görə, Qurban Qurbanovun yetirmələri çempionatda son 5 oyunda 2 heç-heçə edib, 3 dəfə qələbə qazanıb. 38 xalla turnir cədvəlində ikinci sırada yer alan “atlılar” bu gün azı heç-heçə etsə, liderliyə yüksələcək. Ehtiyatda daha bir oyunu olan “Qarabağ” bu görüşdən üç gün sonra “Şamaxı”nı qəbul edəcək.
“Sumqayıt” isə Vaqif Cavadovun baş məşqçi postuna gətirilməsindən sonra yüksəlişdədir. “Kimyaçılar” çempionatda son 5 matçda 3 qələbə qazanıb və 19 xalla turnir cədvəlinin 6-cı sırasında qərarlaşıb.
Komandalar arasında baş tutan son 10 oyunda “Qarabağ” 9, “Sumqayıt” 1 qələbə qazanıb. Bu mövsümün birinci dövrəsində keçirilən görüş isə “atlılar”ın minimal hesablı (1:0) üstünlüyü ilə yekunlaşıb. “Sumqayıt” sonuncu dəfə 2023-cü ilin mayında “Qarabağ”a səfərdə qalib gəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sumqayıt” oyunu bu gün saat 19:00-da start götürəcək.
Şahin Cəfərov