Turun dəyərləndirməsi: “Komandanı gücləndirə bilməzlərsə, çox çətin olacaq”

Azərbaycan Premyer Liqasında I dövrəyə yekun vurulub. Komandalar artıq qış fasiləsinə yollanıb və bir neçə günlük istirahətin ardından hazırlıqlara başlayacaqlar.

Premyer Liqada ilin sonuncu turunda lider “Qarabağ” qələbə qazandı, “Sabah” Şamaxıda büdrədi. Digər görüşlərdə isə ehtimal olunan proqnozlar özünü doğrultdu.

Azərbaycan yığmasının sabiq futbolçusu Ceyhun Sultanov “FutbolPress“ə açıqlamasında turu dəyərləndirdi:

Qarabağ – Araz-Naxçıvan 2:0

“Qarabağ” çempionatda hamıdan üstün komandadır. “Araz-Naxçıvan” yaxşı müqavimət göstərdi. Əks-hücumlarda effektiv ola bildilər. İkinci hissədəki epizod qol sayılsaydı, fərqli ola bilərdi.

Turan Tovuz – Neftçi 1:1

“Neftçi” “Turan Tovuz”la ilk hissədə yaxşı oynasa da, ikinci hissədə sönük futbol göstərdilər və məğlub ola bilərdilər. “Turan Tovuz”un xal itirdiyini düşünürəm, çünki çoxlu epizodları var idi və dəyərləndirə bilməyib iki xal itirdilər. “Neftçi” aşağı sıralarda getsə də, adı hər rəqib üçün təhlükə sayılır”.

Kəpəz – Sumqayıt 0:0

“Kəpəz” kimi komandaya qarşı oynamaq çətindir. Çünki ev oyunlarını süni örtüklü meydançada keçirir, son sıralardadırlar və itirəcəkləri nəsə yoxdur. Buna görə daha aqressiv oyun sərgiləyilər. Bunlara baxanda “Sumqayıt”ın bir xal qazandığını düşünürəm”.

Səbail – Zirə 0:1

“Zirə” “Səbail”lə görüşün favoriti idi. Ağır keçsə də, qələbə qazana bildilər. “Səbail”in bu vəziyyətdən necə çıxacağını bilmirəm. Qış fasiləsində komandanı gücləndirə bilməzlərsə, çox çətin olacaq. Cavid Hüseynov vəziyyətdən çıxış yolunu tapmalıdır”.

Şamaxı – Sabah 3:1

“Turun sürprizi “Şamaxı” – “Sabah” oyunu oldu. “Şamaxı” nə qədər zəif olsa da, evdə yaxşı futbol oynayır. Əvvəllər bu komandaya rahat qalib gəlmək olurdusa, indi hamı səfərə hazırlıqlı çıxacaq. Şamaxıda arxayınlaşan komandaların vəziyyəti fərqli olur. Gənc futbolçulardan ibarət heyətləri var. Demək olar, bəzi oyunçular I Liqa səviyyəsindədir. Lakin dövrəyə 17 xal yığıblarsa, deməli yaxşıdır. Bütün komandalara uğurlar arzu edirəm. İnşallah, heyətlərini yaxşı formalaşdırıb, mövsümün qalan hissəsinə hazır olarlar”.

Şahin Cəfərov