Azərbaycan Premyer Liqasında VI tur başa çatıb. “Neftçi” və “Kəpəz”in qələbəsizlik seriyası davam edib, “Qarabağ” və “Araz-Naxçıvan” isə növbəti qələbəsini qazanıb. Lider “Turan Tovuz” Masazırda “Sabah”la heç-heçə edib.
Azərbaycan yığmasının sabiq məşqçisi Arif Əsədov “FutbolPress“ə açıqlamasında turu dəyərləndirdi. Mütəxəssis “Neftçi”nin “Zirə”yə məğlubiyyətini belə şərh etdi:
“Maraqlı oyun gözlənilirdi. Gərgin keçəcəyini düşünürdük. Fikirləşirdik ki, hər iki komanda açıq futbol oynayacaq və çoxlu qol epizodları olacaq. Lakin “Zirə” demək olar, bütün oyunu üstün tərəf oldu və kifayət qədər şans yarada bildi. “Neftçi”də isə imkan olmadı. Görünür, komanda fasilədən yaxşı istifadə edə bilmədi və qələbəyə həsrət qalıblar. “Neftçi” üçün çıxış yolunu kənarda olan biri kimi demək çətindir. Klubdaxili bu problemi çözə bilərlər. Amma indiki məqamda nəsə demək olmur. Meydanda istəkli “Neftçi”ni görə bilmirik”.
Mütəxəssis “Turan Tovuz”un liderliyinin təsadüf olmadığını söylədi:
“Turan Tovuz” son turlarda yaxşı çıxış edir. Dünənki matç göstərdi ki, onların nəticələri təsadüfi deyil. Hazırda Azərbaycanda intizamı ilə seçilən komandalardan biri “Turan Tovuz”dur. Qələbə də qazana bilərdilər, amma olmadı. “Sabah” isə qeyri-stabil çıxışı ilə seçilir. Gah yaxşı, gah pis oynayırlar. Bu, komandadakı əsas problemdir”.
Əsədov turun digər görüşlərini belə dəyərləndirdi:
“Araz-Naxçıvan”ın “Kəpəz” üzərində qələbəsi gözlənilən idi. Gəncə klubunda yeni baş məşqçi var və onlara vaxt lazımdır. “Araz-Naxçıvan” isə yaxşı heyət yığıb və düşünürəm ki, belə seriyaya davam etsələr, avrokuboklar zonası üçün mübarizə apara bilərlər. “Şamaxı” isə əzmkar oyunu ilə “Sumqayıt”ı məğlub etdi. “Kimyaçılar”da işlər yaxşı deyil və avrokuboklardan sonra eniş davam etməkdədir. Onlarda da nə baş verdiyini bilmirik. “Qarabağ” – “Səbail” matçına gəlincə, favorit meydan sahibləri idi və qələbə qazandılar. buna baxmayaraq, “Səbail” yaxşı mübarizə apardı, hətta, bir xal da əldə edə bilərdilər. Komandaların keyfiyyətləri bərabər deyil, amma “dənizçilər” yaxşı təsir bağışladı”.
Şahin Cəfərov