Niderland – Türkiyə: statistika nə deyir?

Türkiyə millisi Avro-2024-ün 1/4 final mərhələsində Niderlandla qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, “ay ulduzlular” tarixində 15-ci dəfə “narıncılar”la üz-üzə gələcək.

Komandalar arasında baş tutan görüşlərin 6-da Niderland, 4-də Türkiyə qələbə qazanıb. 4 matç isə bərabərliklə başa çatıb.

Türkiyə ilə Niderland arasındakı rəsmi oyunların sayı isə 10-dur. Bunlardan 8-i dünya, 2-si Avropa çempionatına təsadüf edir. Komandaların son dueli 2021-ci ildə olub.

DÇ-2022-nin seçmə mərhələsində G qrupunda yer alan komandaların sonuncu görüşündə Niderland yığması böyük hesablı qələbəyə sevinib – 6:1. Ümumiyyətlə, Türkiyə yığması “narıncılar”ı sonuncu dəfə 2021-ci ilin martında Türkiyədə baş tutan DÇ-2022-nin seçmə mərhələ oyununda 4:2 hesabıyla məğlub edib.

Bugünkü görüşə saat 23:00-da start veriləcək.