“Turan Tovuz”un kapitanı: “Berdıyevin ilk tələbi o oldu ki…”

“Kurban Berdıyev ilk gündən komanda ilə yaxın əlaqədədir”.

Bu sözləri “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev “FutbolPress“ə açıqlamasında dedi. Müdafiəçi komandanın yeni baş məşqçisi Kurban Berdıyevlə bağlı ilk təəssüratlarını bölüşdü:

“Komanda hazırlıqlara başlayıb. İlk gündən Berdıyev uşaqlarla yaxından əlaqədədir. Bizdən ilk tələbi intizamlı olmaq oldu. Bundan əlavə, öz ideyaları var və komandaya çatdırmaq istəyir. Hətta deyir ki, kimə aydın deyilsə, çətindirsə, yaxınlaşsın və soruşsun”.

Əliyev baş məşqçi və rəhbərliklə hələ yeni hədəflər haqda danışmadıqlarını bildirdi:

“İlkin mərhələdə fiziki durumumuzu yaxşılaşdırmaqdır. Oyun üslubunda necə olacağını danışmamışıq. Yaxın vaxtlarda öz planları ilə bağlı da söhbətlərimiz olacaq. İndi fiziki hazırlığa üstünlük verilir. Oyun sistemi, hədəflər haqda hələ danışmamışıq”.

Şahin Cəfərov