“Turan Tovuz” Azərbaycan kubokunun II təsnifat mərhələsinin “Hypers Guba” ilə matçında yüksək məhsuldarlıq nümayiş etdirib.
Futbolpress.az xəbər verir ki, 7:2 hesabı ilə qalib gələn Qərb təmsilçisi tarixinin rekordunu növbəti dəfə təkrarlayıb.
“Turan Tovuz” 4-cü dəfə bir oyunda 7 qol vurub. Tovuz təmsilçisi 2016/17 mövsümündə I Divizionda (indiki I Liqa) oynadığı vaxt üç fərqli qarşılaşmada belə məhsuldar olub. “Energetik”i 7:0 və 7:1, “Bakılı”nı 7:0 hesabı ilə məğlub edən komanda həmin rekordu yenidən təkrarlayıb.
Amma 7:2 hesablı qələbə klub tarixinə kubokdakı rekordlarla düşüb. “Turan Tovuz” bu turnirdə ən böyük qələbəsini qazanıb, ən yüksək məhsuldarlığını göstərib və ən qollu matçını keçirib. Bunadək hər üç rekord ötən mövsümün “Göygöl”lə matçına məxsus idi. Həmin vaxt tovuzlular 5:1 hesablı qələbəyə seviniblər.