Baş məşqçi Ayxan Abbasovla yollarını ayıran “Turan Tovuz”da axtarışlar davam edir.
Bölgə təmsilçisi bir müddətdir, yerli mütəxəssislərlə danışıqlar aparırdı. Lakin hələ kiminləsə anlaşma olmayıb.
“FutbolPress“in əldə etdiyi məlumata görə, “Turan Tovuz”da istiqamət əcnəbi mütəxəssisə yönəlib. Posta namizədlərdən biri vaxtilə “Simurq”a rəhbərlik etmiş Sergey Yurandır. Tovuz təmsilçisi son olaraq Rusiyada “Pari NN” klubunun baş məşqçisi olan mütəxəssislə danışıqlara başlayacaq.
Yuran apreldən işsizdir.
O, 2011/12 mövsümündə “Simurq”u çalışdırıb. Komanda onun rəhbərliyi altında 20 oyunda 5 qələbə qazanıb, 11 dəfə uduzub.
Yuran “Simurq”dan sonra “Sibir”, “Baltika”, “Astarak”, “Ximki”, “Xabarovsk” və “Pari NN”də işləyib. Mütəxəssisin ən uğurlu dönəmi “Ximki”də olub. O, 2020-ci ilin yanvarından iyuluna qədər rəhbərlik etdiyi komanda ilə ölkə kubokunun gümüş medallarını qazanıb.