Tural Piriyev: “Qarşıda böyük layihəmiz var”

Ötən gün Futbolun İnkişaf Fondunun (FİF) vasitəçiliyi ilə I Liqa klubu “Mingəçevir” ilə Azerbaijan Sport Talents Academy (ASTA) arasında tərəfdaşlıq müqaviləsi imzalandı.

Daha bir bölgə təmsilçisinə baş sponsor cəlb edilməsi təqdirəlayiq addımdır. Çünki mövcud reallığa görə maliyyəsi olmayan komandaların inkişafı çətindir.

Yalnız AFFA tərəfindən ayrılan yardımla iddialı yerlər uğrunda mübarizə, həmçinin I Liqaya keyfiyyətli legionerlərin cəlb olunması mümkünsüzdür. Bu səbəbdən də istənilən komandanın inkişaf etməsi üçün maliyyə dayanıqlılığının olması vacibdir.

Sözsüz ki, bu sponsorluqda FİF-in rolu böyükdür. Qurumun daha əvvəl Premyer Liqada çıxış edən “Turan Tovuz” və Huner Group arasında, I Liqada mübarizə aparan “İmişli” və RDC MMC, həmçinin eyni liqada çıxış edən “Zaqatala” ilə “Music Gallery” arasında baş sponsorluq müqavilələrinin imzalanması bu yöndə müsbətə doğru inkişafın göstəricisidir.
Demək olar ki, bu sponsorluqla daha bir bölgədə futbol canlanacaq. Həmçinin təkcə futbol deyil, Mingəçevirin bütün sosial-ictimai sahələri faydalana biləcək.

FİF-in icraçı direktoru Tural Piriyev “FutbolPress”ə açıqlama verərək, qarşıda hansı işlərin görüləcəyi barədə məlumat verdi:

“Bütün regionlar üzrə işlərimiz davam edir. Qarşıda layihəmiz var. Hansı ki, bu, daha geniş ictimaiyyəti əhatə edəcək və 3 regionda baş tutacaq. Şəki, İmişli və Şəmkir şəhərlərində biznes-klublarla bağlı danışıqlar gedir. Əlavə olaraq “Şəki” və “Şəmkir” klublarıyla bağlı uzunmüddətli plan hazırlamışıq. Həm klubun kommersiya fəalliyyəti, həm də klubun ictimaiyyətlə əlaqələrinin koordinasiyası ilə bağlı. Onları həyata keçirəcəyik. “Zaqatala” ilə işlərimiz davam edir. Şimal bölgəsindəki klubların bəziləriylə aktiv danışıqlar aparırıq. Ümumən qarşıdakı işlər çoxdur. Bildiyiniz kimi bizdə regionlar 4 qrupa bölünüb və hər birinin öz koordinatoru var. Hər bir koordinator da öz qrupundakı klublarla fərqli işlər görür. Məsələn, kiməsə strategiya yazılır, kiməsə oyun günüylə bağlı işlər görülür və ya biznes-klub hazırlanır. Təbii olaraq sponsorluq axtarışları hər zaman davam edir. İndidən nəsə demək tezdir. “Kəpəz”lə bağlı hərəkətliliyin olması barədə xəbərimiz var. Ancaq bu işi biz aparmırıq deyə bir şey deyə bilmərəm. Amma ümumi olaraq şirkətlərlə aktiv danışıqlarımız davam edir”.

Mirkamal Kazım