Tura baxış: qələbə və qol həsrəti davam edir

Azərbaycan Premyer Liqasında XII tur başa çatıb. Lider “Qarabağ” Tovuzda bir xal qazanıb, “Neftçi” azarkeşləri önündə “Araz-Naxçıvan”a uduzub.

Autsayder “Kəpəz” mövsümdə ikinci qələbəsini qazanıb. “Şamaxı” “Zirə”yə, “Sabah” isə “Sumqayıt”a məğlub olub.

Turan Tovuz – Qarabağ 0:0

Mövsümün uğurlu komandalarından “Turan Tovuz” tribunaların tam dolu olduğu matçda lider “Qarabağ”la heç-heçə etməyi bacardı. Kurban Berdıyevin yetirmələri xüsusilə ilk hissədə üstün oynayıb, kifayət qədər qol şansları yarada bildi. Buna baxmayaraq, “Qarabağ”ın qapıçısı Mateuş Koxalski bir neçə seyvlə komandasının bir xal qazanmasında pay sahibi oldu. Fasilədən sonra isə “atlılar” daha üstün oynadı. Buna baxmayaraq, sıx müdafiə olunan tovuzluların xəttini yarmaq alınmadı.

Neftçi – Araz-Naxçıvan 0:1

“Neftçi”nin məğlubiyyətsizlik seriyası iki oyun çəkdi. Samir Abasovun gəlişindən sonra “Səbail”i məğlub edən, “Sabah”la heç-heçəyə razılaşan “ağ-qaralar” bu dəfə xalsız qaldı. Oyun baxımından da, hesabda da rəqibindən geri qalan “Neftçi”də görünür, komanda oyununda problemlər var. “Araz-Naxçıvan”la matçda ciddi qol epizodu yarada bilməyən “ağ-qaralar”ın bu oyunla “üçlüy”ə qalxması çətin olacaq.

“Araz-Naxçıvan” isə sürpriz nəticələrinə davam edir. Çempionatda yalnız “Qarabağ”a uduzan Elmar Baxşıyevin yetirmələri “üçlük”də yerini qoruyur.

Şamaxı – Zirə 0:2

“Şamaxı”nın uğursuz seriyası davam edir, “Zirə” isə çətin səfərdə qələbə qazanmaqla “Araz-Naxçıvan”ın xal fərqini artırmasına imkan vermədi. Avrokuboklar mübarizəsində olan komandaların xallar qazanması “Zirə”nin qələbəsini şərtləndirmişdi. Ümumi nəzər saldıqda, bərabər səviyyəli oyun keçdi. “Zirə” hücumlarda daha kəsərli olmağı bacardı və imkanlardan maksimum yararlandı. “Şamaxı”də isə heyətlə bağlı problemlər davam edir. İtkiləri olan “şirlər” xüsusilə hücumda dişsiz görünür.

Ayxan Abbasovun yetirmələri Premyer Liqada ardıcıl 4-cü oyunda qol vura bilmədi.

Kəpəz – Səbail 1:0

Autsayderlərin Tovuzda baş tutan dueli gəncəlilərin qələbəsiylə başa çatdı. Birinci hissədə “Səbail”, ikincidə isə “Kəpəz” effektiv oynadı. Azər Bağırovun gəlişindən sonra nizamlı oyun sərgiləyən “sarı-göylər” üçün qələbə hava-su kimi vacib idi. Son dəqiqəlrdə vurulan qolla aktivinə üç xal yazdıran “Kəpəz” həm də 9-cu pillədəki “Səbail”lə fərqi minimuma endirdi.

Bayıl klubunda isə məğlubiyyət baş məşqçi Şahin Diniyevin istefası ilə nəticələndi. Mövsümün startından komandada perspektiv görən mütəxəssis bu dəfə çarəni getməkdə gördü. Diniyevin qərarının indiki məqamda düzgün olduğunu demək olar, lakin yeni baş məşqçinin oyun fəlsəfəsi, komandaya adaptasiyası üçün vaxt lazım olacaq və bu məqamdakı nəticələr komandanı “zirzəmi”yə sala bilər.

Sumqayıt – Sabah 1:0

“Sumqayıt” Vaqif Cavadovun rəhbərliyi altında ardıcıl ikinci qələbəsini qazandı. Ötən tur “Səbail”i büdrədən “kimyaçılar” bu dəfə “bayquşlar”ı xalsız yola saldı. Son dəqiqə qolu ilə aktivinə üç xal yazdıran “Sumqayıt” “Sabah” qarşısında nizamlı oyunu ilə seçildi. Hiss olunur ki, Cavadov komandaya yeni nəfəs gətirib və artıq “Sumqayıt” sakit, hücuma sürətlə çıxan, hər epizodda maksimum imkan yaratmağa çalışan komanda təsiri bağışlayır. Cavadovun startı uğurlu alınır.

“Sabah” isə ardıcıl 5-ci oyunda xal itirdi. “Qarabağ”a məğlubiyyətdən (2:3) sonra qələbəyə həsrət qalan Krunoslav Renduliçin yetirmələri “Sumqayıt” qarşısında demək olar, ciddi qol epizodu yarada bilmədi. Cinahlardan və mərkəzdən zaman-zaman irəli atılan, boşluq axtaran “futuristlər”in cəhdləri boşa getdi. Komandada üzdə görünən əsas problem hücumçu ilə bağlıdır. Pavol Şafranko tapşırıqların öhdəsindən gələn bilmir – irəlidə top saxlamır, düşən fürsətləri də boşa verir. “Sabah” qış fasiləsində mütləq keyfiyyətli hücumçu transfer etməlidir. Əksi olacağı halda, bu hücum xətti ilə avrokuboklara düşmək çətin olacaq.

Şahin Cəfərov