Tura baxış: lider dəyişdi, autsayder dəyişmədi

Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.

“Qarabağ” “Sabah”la oyunda xal itirib və ikinci sıraya geriləyib. Mövsümün sürpriz komandası “Araz-Naxçıvan” “Səbail”i məğlub etməklə tarixində ilk dəfə liderliyə yüksəlib. “Turan Tovuz” və “Zirə” turu qələbə ilə başa vurub, “Neftçi” isə yenə xalsız qalıb.

Səbail – Araz-Naxçıvan 0:2

Elmar Baxşıyevin yetirmələri ardıcıl 15-ci oyunda məğlub olmadı. İntizamlı oyunu ilə seçilən kollektiv bu dəfə “Səbail” səfərində büdrəmədi. İki cavabsız qolla rəqibini üstələyən “Araz-Naxçıvan” liderliyə yüksəldi. Bu, klub tarixində ilk belə haldır.

“Səbail” isə enişdədir. Baş məşqçi dəyişikliyinə baxmayaraq, ardıcı üç oyundur, xal qazanmaq olmur. Turnir cədvəlinin “zirzəmi”sində yer alan “dənizçilər” heyət çatışmazlığı yaşayır və hücumçu problemi nəticələrə təsirsiz ötüşmür.

Sabah – Qarabağ 1:1

Turun mərkəzi oyunundan qalib çıxmadı. Vasili Berezutskinin “Sabah”ı “Qarabağ”la oyunda önə keçsə də, üstünlüyünü qoruya bilmədi. İkinci hissənin sonlarında böyük təzyiq göstərən “Qarabağ” qələbə qolunu vura bilmədi. Bəzi epizodlarda bəxtsizlik, bəzilərində isə uğursuz son nöqtələr yekunun bərabərliklə olmasına səbəb oldu.

“Qarabağ” bu həftə Avropa Liqasında “Elfsborq”la çətin səfər oyununa çıxacaq. “Sabah”la görüş komandanın ritmdə qalması üçün yaxşı sınaq oldu. “Atlılar” turnir cədvəlində liderliyini əldən verdi, buna baxmayaraq, ehtiyatda bir oyunu olan kollektiv yenə də çempionluğun əsas favoritidir.

Kəpəz – Zirə 0:4

Ev oyunlarını Tovuzda keçirən “Kəpəz” azarkeş dəstəyindən məhrumdur. Gəncə təmsilçisi daha bir turu məğlubiyyətlə başa vurdu. Azər Bağırovun yetirmələri “Zirə” qarşısında aciz qaldı və böyük hesabla uduzdu. Oyunun startında balansı yaxalamağa çalışan “Kəpəz” fərdi səhvlərdən sonra üstünlüyü rəqibinə verdi. Turnir cədvəlinin 9-cu sırasında yer alan “sarı-göylər” qış fasiləsinə kimi xallarını artırmağı planlaşdırır. Azər Bağırovun gəlişindən sonra oyununda artım hiss edilən “Kəpəz”in indiki durumda elitada qalmaq şansları “Səbail”dən daha çox görünür.

“Zirə” isə ardıcıl ikinci qələbə ilə formasını bərpa etdiyini göstərdi. Üçüncü sıradakı “Turan Tovuz”la oyunöncəsi aktivinə üç xal yazdıran və fərqi qoruyan “qartallar” növbəti turda mövsümün ən kritik oyunlarından birini keçirəcək.

Sumqayıt – Neftçi 2:0

Oktyabrda “Sumqayıt”dan ayrılıb “Neftçi”yə keçən Samir Abasov azarkeşlər tərəfindən xoş qarşılanmadı. Oyunun startından sonuna qədər mütəxəssislə bağlı tənqidi şüarlar səsləndirən “kimyaçılar”ın fanatları komandalarının qələbələrində önəmli rol oynadı. Vaqif Cavadovun “Sumqayıt”ı sürətli hücuma keçidləri ilə diqqət çəkir. Əvvəl komanda daha çox top saxlamağı düşünürdüsə, indi əsas hədəf irəli çıxmaq və qol vurmaqdır. “Kimyaçılar” “Neftçi” ilə oyunda da bu üsulla iki qol vurmağı bacardı. Döyüşkənliyi ilə seçilən “Sumqayıt” qələbə sayəsində 5-ci “Sabah”la xal fərqini azalda bildi.

“Neftçi” isə qeyri-stabil oyuna və nəticələrə davam edir. Heyət baxımından rəqibindən üstün olan “ağ-qaralar” bir neçə real qol şansı yaratsa da, fərqlənmək mümkün olmadı. Hücum xəttində dişsizlik və bitirici oyunçunun olmaması komandadakı əsas problemlərdəndir. EYni zamanda legionerlərin yersiz top itkiləri bəzi epizodlarda “Sumqayıt”ın təhlükəli gəlməsinə səbəb oldu. “Neftçi”də ciddi dəyişikliklər edilməli və keyfiyyəti oyunçular heyətə cəlb olunmalıdır. Əks halda, bu komanda elə mövsümü ikinci “beşlik”də başa vurmağa məhkumdur.

Turan Tovuz – Şamaxı 3:2

Turun son matçında meydan sahibləri son dəqiqə qoluna sevindi. İlk hissədə zəif və istəksiz təsir bağışlayan tovuzlular fasilədən sonra sanki ayıldı və təzyiqini artırdı. Ardıcıl hücumlarla geridönüş etməyi bacaran “Turan Tovuz” “Zirə” ilə oyunööncəsi vacib üç xal qazandı.

“Şamaxı”da isə problemlər var. Ötən gün kapitanı Adil Nağıyev və yarımmüdafiəçi Giorgi Kantariyanı yola salan “şirlər”də nə baş verdiyi hələ məlum deyil. Hər bir halda, mövsümün bu anında müdafiənin və yarımmüdafiənin əsas oyunçularını göndərmək üçün mütləq ki tutarlı səbəblər var. Onsuz da heyətlə bağlı çatışmazlıqlar yaşayan “Şamaxı”nı bundan sonra daha çətin günlər gözləyir. Son 4 rəsmi oyununu uduzan kollektivin növbəti sınağı “Səbail”ə qarşı evdə olacaq. Bu, dönüş etmək və “qara zolaq”dan çıxmaq üçün fürsətdir.

Şahin Cəfərov