Tura baxış: “Həm “Neftçi”, həm də “Sabah” iki xal itirdi”

Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub. Lider “Qarabağ” növbəti qələbəsini qazandı, “Turan Tovuz” isə gözlənilmədən “Kəpəz”ə məğlub oldu. “Səbail” Cavid Hüseynovun rəhbərliyi altında ilk qələbəsini əldə etdi. “Neftçi” “Sabah”la heç-heçəyə razılaşdı, “Zirə” isə “Araz-Naxçıvan”ı minimal hesabla üstələdi.

Azərbaycan yığmasının sabiq məşqçisi Arif Əsədov “FutbolPress“ə açıqlamasında turu dəyərləndirdi:

“Fasilədən sonra klubların necə hazırlaşdığını görmək maraqlı idi. Nəticələr də həm gözlənilən, həm gözlənilməz oldu. Transferlər də az idi. Əsas elitada qalmaq mübarizəsi aparanlar aktivlik göstərdi, bir az da “Turan Tovuz”.

Qarabağ – Şamaxı 3:2

“Qarabağ” “Şamaxı” ilə oyunda favorit görünürdü və bolqollu oyun oldu. Açıq futbol izlədik. Baxmayaraq ki, “Qarabağ” hesabda irəli çıxırdı, “Şamaxı”da özünəinam var idi və açıq futbol oynayaraq, qollar vura bildi.

Zirə – Araz-Naxçıvan 1:0

“Zirə”nin “Araz-Naxçıvan”la oyunu maraqla gözlənilirdi. Turnir cədvəlində bir-birinə yaxın komandalardır. “Zirə” üçün görüş altı xallıq idi və erkən qol vuraraq, istəkli olduqlarını göstərdilər.

Sumqayıt – Səbail 0:2

“Sumqayıt” – “Səbail” oyunu maraqlı keçdi. Xüsusilə, “Səbail”dən belə oyun gözləmirdik. Lakin onlar inamlı oyunla qələbə qazana bildilər. Birgünlük də olsa, son sıradan qurtulmuşdular. “Sumqayıt” isə çox zəif çıxış etdi. Səbəbini bilmirəm, amma “Səbail” qələbəyə layiq oyun göstərdi.

Kəpəz – Turan Tovuz 5:2

“Kəpəz” – “Turan Tovuz” görüşü də bolqollu keçdi. Favorit tovuzlular göstərilsə də, nəticə fərqli oldu. “Turan Tovuz”un heyətində çatışmazlıqlar var idi, xüsusilə müdafiədə. İlk dəfə onlar 5 qol buraxdılar. Bununla yanaşı, “Kəpəz”in də oyununu qeyd etmək lazımdır.

Neftçi – Sabah 1:1

“Neftçi” – “Sabah” görüşündə hər iki komandaya üç xal vacib idi. “Neftçi” irəliləmək, “Sabah” avrokuboklar mübarizəsinə qoşulmaq istəyirdi. Lakin hesabın ədalətli olduğunu düşünürəm. Həm “Neftçi”, həm də “Sabah” iki xal itirdi.