Tura baxış: “Araz-Naxçıvan” fürsəti boşa vermədi

Azərbaycan Premyer Liqasında XIII tur başa çatıb.

Lider “Qarabağ” və ikinci “Araz-Naxçıvan” növbəti qələbəsini qazanıb. “Sabah” “Kəpəz”lə, “Səbail” “Turan Tovuz”la heç-heçə edib. “Neftçi” isə “Şamaxı”nın müqavimətini qıra bilməyib.

Neftçi – Şamaxı 2:2

Tarixinin ən pis dönəmini keçirən “ağ-qaralar” uğursuz zolaqdan çıxa bilmir. Turnir cədvəlinin sonun “üçlüy”ündə qərar qılan “Neftçi” yenə azarkeşləri önündə xal itkisi yaşadı. Paytaxt təmsilçisi bu dəfə 2:0 öndə olduğu matçda “Şamaxı” ilə bərabərə qaldı. Samir Abasovun gəlişindən sonra ümidlənən azarkeşlər yenə sükuta qərq olub. Nəticə, oyun istənilən səviyyədə deyil. Görünür, Roman Qriqorçukun gedişindən sonra baş məşqçi postuna təyin edilən Samir Abasov da çıxış yolu tapa bilmir. Komandada əsas problem oyun intizamının olmaması, futbolçular arasın uyğunlaşma və xəttlərarası əlaqənin yox dərəcəsində olmasıdır. Gedişat “ağ-qaralar” üçün ürəkaçan görünmür.

“Şamaxı” isə ardıcıl 4 oyundan sonra qələbəyə bərabər bir xal qazandı. Ayxan Abbasovun yetirmələri 5 dəqiqədə 2 fərqlə geri düşsə də, oyundan qopmadı, yekunda xalla paytaxtdan ayrıldı. “Şamaxı”da müsbət nüanslar hücumda Leroy Mikels, Belajdi Pusu kimi oyunçuların aktivliyidir. Rəqib müdafiəsini təzyiq altında saxlamağı bacaran legionerlər “şirlər”in bir xal qazanmasında böyük rol oynadı.

Səbail – Turan Tovuz 1:1

Şahin Diniyevin istefasından sonra “Səbail”i “Turan Tovuz”la oyuna U-19 komandasının məşqçisi Elvin Məmmədov çıxardı. Gənc mütəxəssisin “dənizçilər”i ilk oyunda pis təsir bağışlamadı. Bu mövsüm nizamlı oyunu ilə seçilən “Turan Tovuz”a qarşı 80 dəqiqə önə oynamağı bacaran “Səbail” qələbəni son dəqiqələrdə buraxılan qolla əldən verdi. Birinci hissədə daha effektiv olan, fasilədən sonra isə üstünlüyü rəqibinə verən “dənizçilər” qələbə hesabını qoruya bilmədi. Elvin Məmmədov ilk sınağında pis təsir bağışlamadı.

“Turan Tovuz” isə kasad heyətin ağrısını yaşamaqdadır. Komandanın ehtiyat qüvvəsi istənilən səviyyədə deyil. Xüsusilə, hücumda fərq yarada biləcək oyunçu demək olar yoxdur, Aleks Souza-Oto Con rotasiyası gözləniləni qarşılamır. “Turan Tovuz” avrokuboklar mübarizəsini davam etdirə bilmək üçün qış fasiləsində mütləq 3-4 transferlə güclənməlidir.

Sabah – Kəpəz 2:2

Son turlarda uğursuz nəticələri ilə yadda qalan “Sabah” bu dəfə də autsayder “Kəpəz”in müqavimətini qıra bilmədi. Oyuna kobud səhvin nəticəsində buraxılan qolla başlayan “bayquşlar” fasiləyə qədər hesaba tarazlıq gətirə bildi. İkinci hissə daha çox “Kəpəz”in mübarizəli oyunu ilə keçdi. “Sabah”ın önə keçməsindən sonra təzyiqini daha artıran gəncəlilər son dəqiqələrdə istəyinə çatdı. Nicat Süleymanov “başını işlədərək” komandasına bir xal qazandırdı. “Sabah” bu mövsüm qaçırılan qol sayında bəlkə də, rekordçudur. “Kəpəz”lə oyunda 2:1 öndə olan zaman “bayquşlar” 2 real qol şansını boşa verdi. Birinci isə Pavol Şafranko boş qapıya düşə bilmədi. “Sabah”ın bu mövsüm ən çox problem yaşadığı məsələ budur. Hücumlar qura bilən, lakin tamamlaya bilməyən “futuristlər”in sabahı aydın görünmür. Sərgilənən oyun ümid vermir, perspektiv görünmür. Krunoslav Renduliç “sonluq” problemindən şikayətlənmək əvəzinə çıxış yolu tapmalıdır. Artıq beş turdur eyni fikirlərlə media önünə çıxan mütəxəssis vəziyyəti düzəldə bilməzsə, onun üçün də yolun sonu ola bilər.

“Kəpəz” isə Azər Bağırovun gəlişindən sonra artım hiss olunur. Son turlarda xüsusilə hücumda effektiv olmağı bacaran gəncəlilər hazırda autsayderlər qrupunda yer alan “Səbail” və “Neftçi”dən daha əzmkar futbol nümayiş etdirir.

Araz-Naxçıvan – Sumqayıt 1:0

“Turan Tovuz”, “Sabah” və “Zirə”nin xal itirdiyi turda “Araz-Naxçıvan” vacib üç xal qazandı. Turnir cədvəlinin ikinci sırasında möhkəmlənən naxçıvanlılar intizamlı və səbirli oyunu ilə seçilir. Nəticəyə hesablanan oyunla xallarını artıran və məğlubiyyətsizlik seriyasını davam etdirən “Araz-Naxçıvan” 13 turun ən yaxşı komandalarındandır. Baxşıyevin komandası perspektiv vəd edir və belə tempdə davam edəcəkləri halda, avrokuboklara vəsiqənin ən real namizədi olacaq.

“Sumqayıt” da məğlubiyyətə baxmayaraq, yaxşı oyunu ilə seçildi. “Araz-Naxçıvan”la görüş “kimyaçılar”ın bu mövsüm bəlkə də, ən çox qol epizodu yaratdığı matç oldu. Bəlkə də, heç-heçə daha ədalətli sayıla bilərdi. Hər bir halda, məğlubiyyətə baxmayaraq, komandanın müvəqqəti baş məşqçisi Vaqif Cavadovun oyun planına toxunuşları hiss olunur və “kimyaçılar” indi daha sürətli hücumları ilə seçilir.

Qarabağ – Zirə 4:0

Turun son oyununda lider “Qarabağ” inamlı qələbəyə sevindi. Avropa Liqasında “Bodo-Qlimt” səfərindən yeni qayıdan “atlılar” erkən qolla rəqibinin planlarını pozdu. “Qarabağ”la oyunda geridönüş etmək çətin, indiki məqamda Premyer Liqa klubları üçün mümkünsüzə bərabərdir. “Zirə”nin bir neçə xırda qol epizodlarından savayı ciddi təhlükəsi olmadı. “Qarabağ” daha bir dövrəni lider başa vurdu və görünür, “atlılar” bu postu asan-asan kiməsə təslim etməyəcək.

“Zirə” isə avrokuboklara vəsiqə uğrunda mühüm xallar itirməyə davam edir. “Qartallar”ın indi üçüncü sıradakı “Turan Tovuz”la 6 xal fərqi var.

Şahin Cəfərov