Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə yekun vuruldu. Son turda çempion “Qarabağ” “Araz-Naxçıvan”la heç-heçəyə razılaşdı. “Zirə”, “Sabah” və “Sumqayıt” qələbə qazanaraq, avrokuboklara vəsiqə əldə etdi. Tovuzda baş tutan “Qərb derbisi”ndə isə “Turan Tovuz” qələbəyə sevindi.
Neftçi – Sabah 0:1
Son tura ikinci pillədə girən “Neftçi” evində heç-heçənin də sərf edəcəyi halda, məğlub oldu. “Sabah”a uduzan “ağ-qaralar” mövsümü beşinci sırada bitirdi və avrokuboklardan kənar qaldı. Məğlubiyyət baş məşqçi Miodraq Bojoviçin də göndərilməsi ilə nəticələndi. Mövsüm “Neftçi” adına uğursuzluqla yadda qaldı. İlin əvvəlində çempionluq hədəfi ilə yola başlayan, gedişatda kubok və ikincilik məqsədi güdən “ağ-qaralar” həm kubokdan, həm də gümüş medallardan oldu.
“Sabah” isə enişli-yoxuşlu mövsümü medallarla başa vurmağa nail oldu. Krunoslav Renduliçin baş məşqçi postuna gəlişindən sonra 8 oyunda 5 qələbə qazanan “futuristlər” sonda üçüncü yeri tutdu. Bir müddət aşağı pillələrdə qərarlaşan “Sabah” ardıcıl qələbələr sayəsində avrokuboklara vəsiqə əldə etdi.
Zirə – Səbail 1:0
Premyer Liqada mövsümün “Qarabağ”dan sonra ən uğurlu komandası “Zirə” oldu. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv gümüş medalları qazanmaqla Avropa Liqasına vəsiqə əldə etdi. İndi qarşıda kubokun finalı var. Rəqib isə çempion “Qarabağ” olacaq. Sadıqovun komandası gümüş medalla yanaşı, mövsümü titulla başa vurmaq arzusundadır. Bu mövsüm “Qarabağ”la başabaş oyun sərgiləyən “qartallar” həlledici matçda qızıl medalları hədəfləyir.
“Səbail” isə mövsümü yeddinci pillədə tamamladı. Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv ilin əvvəlində “üçlük”də qərarlaşsa da, qış fasiləsindən sonra yaşanan eniş sonda “altılıq”dan kənar qalmaqla nəticələndi. Ardıcıl beş oyun uduzan “dənizçilər”də baş məşqçi Diniyevin də taleyi sual altındadır. Artıq müxtəlif söhbətlər dolaşır – baş məşqçi dəyişir, büdcə azalır və s. Mövsümü “Səbail” adına uğursuz hesab etmək olar.
Sumqayıt – Qəbələ 1:0
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun açılışından sonra ikinci dəfə mövsümün azarkeş rekordu qeydə alındı. “Sumqayıt” 10 minə yaxın fanatın önündə autsayder “Qəbələ”ni məğlub edərək, Konfrans Liqasına vəsiqə qazandı. İmkanlarına görə “kimyaçılar”ın bu nəticəsini böyük uğur kimi dəyərləndirmək yerinə düşər. Samir Abasovun komandası qış fasiləsindən sonra əldə etdiyi nəticələrlə avrokuboklara vəsiqə qazandı. Bundan sonrası isə daha çətin olacaq. Heyət qorunmalı və mütləq güclənməlidir. Əks halda, Konfrans Liqası mövsümü komanda üçün erkən başa çata bilər.
“Qəbələ” isə uğursuz mövsümü başa vurdu. Bölgə təmsilçisi yeni il də I Liqada mübarizə aparacaq. İlin gözlənilməz nəticəsinə məhz “qırmızı-qaralar” imza atdı. Mövsümün əvvəlində “Kəpəz” və “Araz-Naxçıvan” autsayder göstərilsə də, “Qəbələ” onlardan geri qaldı. İstər Elmar Baxşıyev, istərsə də Kaxaber Sxadadze komandanı çətin durumdan çıxara bilmədi. Komandada heyətdə böyük dəyişikliklər qaçılmazdır. Xüsusilə, legionerlər artıq vidalaşmağa başlayıb və Premyer Liqaya qayıdış ümidi gənclərin üzərində olacaq.
Turan Tovuz – Kəpəz 1:0
Mövsümün sonuncu “Qərb derbisi” tovuzluların qələbəsiylə başa çatdı. Qeyri-stabil mövsüm keçirən “Turan Tovuz” azarkeşləri önündə üç xalla ilə yekun vurdu. Komanda üçün altıncı pilləni pis nəticə saymaq olmaz. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Premyer Liqada “Qarabağ”dan sonra ən çox qol vuran ikinci komandadır.
“Kəpəz” qarşıya qoyulan hədəfə – elitada qalmağa nail oldu. Adil Şükürovun təyinatından sonra nəticələri yaxşılaşan və oyun planında artıran gəncəlilər mövsümü 9-cu sırada tamamladı. Ev oyunlarını Gəncədən kənarda keçirən, böyük azarkeş dəstəyindən məhrum qalan “Kəpəz”in nəticəsini qənaətbəxş hesab etmək olar. Minimum imkanlarla çempionatda qalmaq gəncəlilər üçün uğursuzluq deyil.
Araz-Naxçıvan – Qarabağ 2:2
Mövsümün sonuncu oyunu həm də turun ən qollu qarşılaşması oldu. Buna qədər 4 matçda 1:0-lı hesablar qeydə alındısa, son matçda qapılara 4 qol vuruldu. “Qarabağ” çempionluğunu turlar öncə təmin etmişdi. “Çamadan” əhvalında olan futbolçularıgörüşə köklənmək çətin məsələ idi. Məhz son turlarda itirilən xalların da əsas səbəbi budur. “Qarabağ” ağır mövsümü geridə qoydu. Liqada çempion olan, Avropa Liqasında 1/8 finala qədər irəliləyən “atlılar” həm də kubokun finalındadır. Qurban Qurbanovun komandası ölkə kubokunu da qazanıb, “qızıl dubl” arzusundadır.
“Araz-Naxçıvan” isə qeyri-stabil nəticələrlə mövsümü 8-ci pillədə başa vurdu. Bu ildən elitada çıxış edən komanda üçün nəticəni uğursuz qeyd etmək olmaz. Mövsümün əvvəlində qısa zamanda toplaşan və demək olar, heyəti bütünlüklə dəyişən “Araz-Naxçıvan” bir müddət liderlər sırasında da yerini tutdu. Buna baxmayaraq, təcrübəsizlik, qış fasiləsində ehtiyac olan mövqelərə transferlərin edilməməsi yekunda komandanı 8-ci sıraya gerilətdi.
Premyer Liqada son illərin gərgin mövsümünə şahidlik etdik. Avrokuboklara vəsiqənin sahiblərinin son turda bəlli olduğu yarışda autsayder də gözlənilmədən “Qəbələ” oldu. “Neftçi” üçün də uğursuz mövsüm keçdi. İlin sürpriz komandası isə sözsüz, “Sumqayıt”dır. Abasovun komandası heç kimin gözləmədiyi anda qələbələri sıralamaqla avrokuboklara vəsiqə əldə etdi.
Klublar üçün qarşıda qısa istirahət müddəti olacaq. Bundan sonra isə avrokubok mövsümünə yaxşı hazırlaşmalı, heyətdə güclənmə işləri görülməlidir.
Şahin Cəfərov