Azərbaycan Premyer Liqasınd XXXIV tur başa çatdı. Turun gözlənilməz nəticəsi Qəbələdə qeydə alındı. Şəhərin eyniadlı komandası “Sabah”ı 2:0 hesabı ilə məğlub etdi. Bununla da qəsəbə təmsilçisi avrokubok yolunda vacib 3 xal itirdi. Bundan başqa, “Turan Tovuz” “Araz-Naxçıvan”ı (1:0), “Neftçi” “Kəpəz”i (5:1), “Qarabağ” “Zirə”ni (1:0) və “Sumqayıt” “Səbail”i (2:1) üstələməyi bacardı.
Milli komandanın sabiq futbolçusu Aslan Kərimov “FutbolPress”ə açıqlamasında turu dəyərləndirdi:
“5 oyunda 2 qırmızı vərəqənin olması matçların gərgin keçdiyinin işarəsidir. Xüsusən də avrokuboklar uğrunda oynayan komandaların mübarizəsini bura aid etmək olar. Tur mübahisəli məsələlər, “Sabah”ın gözlənilməz məğlubiyyəti ilə yadda qaldı. Qəsəbə təmsilçisindən daha aqressiv oyun gözləyirdik, amma komanda son 10 oyununda ən zəif çıxışını “Qəbələ” ilə matçda sərgilədi. Həmçinin “Qəbələ” haqda onu demək olar ki, çox insan meydana motivasiyası az olan komanda çıxacağını gözləsə də, fərqli mənzərə müşahidə etdik. Gənc oyunçuların yaxşı çıxışı sayəsində “Qəbələ” 3 xala sevindi. “Qəbələ” “Sabah”dan yaxşı oyun sərgilədi. Bundan əlavə “Sumqayıt” – “Səbail” oyunu da gərgin keçdi. Komanda doğma meydanda yaxşı qələbə qazanmağı bacardı. İkincilik uğrunda mübarizədə qələbə vacib idi. Sumqayıtda azarkeşlərin çox olması, stadionun atmosferi bizə futbol ab-havasını yaşadırdı. İlk hissədə “Səbail”in qol imkanları olsa da, “Sumqayıt” məsələni ikinci hissədə həll etdi. “Araz-Naxçıvan” – “Turan Tovuz” matçından danışdıqda qeyd etmək lazımdır ki, Tovuz təmsilçisi ikinci nömrə ilə çıxış edirsə, onlara qalib gəlmək çətin olur. Ayxan Abbasovun yetirmələri oyunlarını əks-hücumlarda qurdular və istədiklərini əldə etdilər. “Kəpəz”in də “Neftçi”yə qarşı gərgin oyun sərgiləyəcəyini gözləsək də, qırmızı vərəqə burda da öz sözünü dedi. Gəncə təmsilçisi ilk qolu vursa da, amma iki dəqiqə ərzində üstünlüyünü əldən verdi. Düzdür, çox oyunçusunun olmaması gedişata təsir edirdi. Turun son qarşılaşması “Zirə” – “Qarabağ” oyunundan bəhs etdikdə onu deməliyəm ki, şübhəli penalti epiozdu var idi. “Zirə” balanslı oynayan və ən yaxşı müdafiə olunan komandadır. “Qarabağ” penaltidən qolunu vurdu. Digər tərəfdən isə Kulaçla bağlı mübahisəli epiozod var idi ki, orda da “Qarabağ”ın qapısına penalti təyin etmək olardı, çünki epizod xəttin üstündə idi. Gözlənilən o idi ki, bu tur hər hansı komanda ikincilik uğrunda əsas favorit sayılacaqdı, amma iş elə gətirdi ki, dəyişən nəsə olmadı”.
Mütəxəssis mübarizənin son oyuna qədər davam edəcəyini qeyd etdi:
“Növbəti turun daha gərgin keçəcəyi gözlənilir. Səbirsizliklə “Sabah” – “Sumqayıt” qarşılaşmasını gözləyirəm. Şühbəsiz ki, ən gərgin oyun bu olacaq. Həmçinin son turda “Neftçi” – Sabah” oyunu da bu qəbildəndir. Güman edirəm ki, bu iki oyun sarı və qırmızı kartla bol olacaq. “Zirə”nin “Qarabağ”a məğlubiyyəti komandanın işini çətinə saldı. Növbəti tur da olduqca maraqlı, mübarizə dolu keçəcək. Görünən odur ki, avrokubok mübarizəsi son tura qədər, hətta son oyuna qədər davam edəcək”.
Məlik Məlikov