“Tülkülər”in azarkeşləri etiraza hazırlaşır

“Lester Siti” azarkeşləri bu şənbə “Arsenal”la oyunda klub rəhbərliyinə etiraz aksiyası keçirməyi planlaşdırır.

Futbolpress.az xəbər verir ki, azarkeşlərin əksəriyyəti 2023-cü ildəki kimi bu mövsüm də klubun çempionatdan aşağı liqaya düşməsindən qorxurlar. 

Bu səbəbdən bir qrup tərəfdar “King Pover” stadionuna yürüş etməyi və oyunun 14-cü dəqiqəsində azarkeşləri öz narazılıqlarını bildirməsi üçün çağırış etməyi planlaşdırır. 14 rəqəmi 2017-ci ildə yarımmüdafiəçi Adrien Silvanın uğursuz transferi ilə əlaqələndirilir. “Lester” portuqaliyalı futbolçu üçün “Sportinq” ilə 22 milyon funt-sterlinqlik razılığa gəlmişdi. Lakin yay transfer pəncərəsinin son günündə 14 saniyə ərzində onun qeydiyyatını əldən verdi.

Klubun direktoru Con Rudkin bütün kampaniya boyu fanatların təzyiqinə məruz qalıb. O, “Tülkülər”in mübahisəli transfer siyasətinə görə son vaxtlar diqqət mərkəzində olub.