TPL-in legionerləri: kim, nə bacarıb? (LAYİHƏ)

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “FutbolPress” “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası üzrə “Ölkədaxili yarışlara güzgü tutaq” mövzusunda qalib elan edildi. Layihəni eyni istiqamət üzrə növbəti dəfə icra edən saytımız yazıları davam etdirir. Bu dəfə Topaz Premyer Liqasının geridə qalan 2 dövrəsində klubların heyətində çıxış edən legionerlərin çıxışına nəzər yetirəcəyik…
  
Adətən mütəxəssislər legionerlər haqda danışarkən onların öz səviyyələriylə yerli oyunçulardan fərqlənməli olduqlarını deyirlər. Belə hesab olunur ki, öz futbolçularımızdan güclü olmayan legionerə nə ehtiyac yoxdu. Topaz Premyer Liqasında mövsümün geridə qalan ilk yarısına baxdıqda həqiqətən də gəlmələri güclü olan komandanın daha yaxşı çıxış etdiyini görürük.
 
8 klub geridə qalan 14 turda 51 legionerin xidmətindən yararlanıb. Çempionatda ümumilikdə 183 futbolçunun iştirak etdiyini nəzərə aldıqda, bu 1/3-dən də aşağı rəqəmdi. Səbəb isə çempionatda legioner limitinin olmasıdı. Məsələn, heyətində ən çox əcnəbisi olan “Qəbələ”də (11)  bu səbəbdən bəzi futbolçular az oynamaq imkanı qazanıb. Ancaq ümumi götürdükdə adı sifariş ərizəsində olub, meydana çıxmayan legioner yoxdu.
 
51 əcnəbi 54 qola imza atıb. Bu da ümumi sayın (138) 40 faizidi. Gəlmələr 3 dəfə avtoqolla da yadda qalıblar.
 
Bəs ayrı-ayrı klublar xaricdən gətirdiklərindən necə yararlanıb?
 
“Qarabağ”
 
Çempionatın lideri ən çox legioner istifadə edən ikinci kollektivdi. Qurban Qurbanov 14 matçda 10 gəlmənin xidmətindən yararlanıb. Komandanın 25 qolundan 11-nə legionerlər imza atıb. Mövsümün ilk yarısında Çempionlar Liqasını da düşünən Ağdam klubunun məşqçilər korpusu hər oyun üçün heyətdə müxtəlif dəyişikliklər etdiyi üçün legionerlərdən hansınınsa tam olaraq özünü göstərdiyini və ya uğursuz olduğunu demək də çətindi.
 
Gəlmələrin arasında ən çox oynayan Dino Ndlovudu. CAR-lı forvard ümumiyyətlə “Qarabağ”ın ən çox meydanda olan futbolçusudu. Təcrübəli hücumçu 896 dəqiqəyə 5 qol sığışdırıb və Mahir Mədətovdan (6) sonra “atlılar”ın ən yaxşı bombardiridi. Dinodan sonra Qurbanovun etibarını ən çox qazanan legioner Miçeldi. İspaniyalı 11 matçda forma geyinib. 2 qol vuran yarımmüdafiəçi 1 dəfə də qırmızı vərəqə ilə cəzalandırılıb. Ağdam klubunun üçüncü ən yaxşı legioneri yeni transfer Yakub Jezniçakdı. “Kuba” da Miçel kimi 11 matçda şans qazanıb və yalnız dəqiqə sayına görə ondan geri qalır. Ancaq polşalı müdafiəçi meydana çıxdığı oyunlarda bəzən səhvləri ilə diqqət çəkib.
 
“Qarabağ”ın ən zəif çıxış edən legioneri mövsümün əvvəlində cəlb olunan Tarik Elyunussidi. Onu TPL klublarının ən uğursuz transferləri siyahısına əlavət etmək də olar. “Olimpiakos”dan mövsümün sonuna qədər icarəyə götürülən norveçli futbolçu cəmi 4 oyunda  meydana çıxıb və xüsusi heç nə ilə yadda qalmayıb. Düzdü, bu baxımdan o, ən pis göstəriciyə malik əcnəbi deyil, amma daha az oynayan Donald Gerye əsas mövqeyi olmayan müdafiədə mübarizə aparmalı olub. Bundan başqa, Tarikdən gözləntilər də daha çox idi.
 
Mövsümün əvvəlində “Qarabağ”da cəlb olunan digər legioner – Pedro Enrike isə ən yaxşı transferlərdəndi. Braziliyalı həm Çempionlar Liqası oyunlarında, həm də TPL-də komanda üçün faydalı oldu. Çempionatda 9 matçda oynamaq imkanı qazanan Pedro 2 qol vurmağa da imkan tapıb. Digər yeni əcnəbi Anton Kanibolotski isə qapıçılar arasında ən çox şans qazanandı. 5 oyunda “çərçivə”ni qoruyan sabiq “Şaxtyor”lu 3 dəfə topu tordan çıxarmalı olub. Daha çox ÇL oyunlarında meydana çıxan İbrahim Şehiç isə TPL-də əsasən ehtiyatda olub. Cəmi 1 qol buraxan bosniyalı 1 dəfə də qırmızı vərəqə ilə cəzalandırılıb.
 
Son dövrlər zədədən əziyyət çəkən Ansi Aqolli 7 oyunda meydanda olubsa, uzun zədədən sonra, nəhayət, formasını yığmaqda olan Dani Kintana 9 görüşdə şans qazanıb və 2 dəfə fərqlənə bilib.
 
“Qəbələ”
 
Əyalət təmsilçisi ən çox legionerin xidmətindən yararlanan komandadı. Roman Qriqorçuk 11 əcnəbidən istifadə edib. Komandanın 28 qolundan 16-na da onlar imza atıblar.
 
Qriqorçukun ən sevimli futbolçuları Dmitri Bezotosnı və Baqali Dabodu. Hər iki oyunçu 14 matçın hamısında meydanda olub. “Dima”, ümumiyyətlə, TPL-in 5 əvəzedilməzindən biridi. Dabo isə bombardirdi. 9 dəfə fərqlənən fransalı hamı üçün əlçatmazdı.
 
Üçüncü ən çox oynayan Vojislav Stankoviç, üçüncü ən çox fərqlənən isə Cozef Monrozdu. Sonuncu toru 4 dəfə silkələyib və 1 qırmızı vərəqə ilə yadda qalıb. O, “Neftçi”ylə matçdan sonra komanda yoldaşı Ruslan Qurbanova əl qaldırmışdı.
 
Keçən mövsümün bombardirlərindən Filip Ozobiç bir qədər az – cəmi 6 matçda meydanda olsa da, 3 qol vurmağa imkan tapıb. Onun heyətdə çox olmamasının səbəbi isə zədədi. Eyni səbəbdən bəzi oyunçuları buraxan digər futbolçu Vitali Vernidubdu. İkinci dövrənin sonuna doğru zədələnən ukraynalı ümumilikdə 10 oyunda meydanda olub.
 
Yeni transferlərdən Dion Malone və Famussa Kone də əsas heyət üzvləri sayılır. Onlar müvafiq olaraq 10 və 9 oyunda meydanda olublar. 5 dəfə fərqlənən Kone komandanın ikinci bombardiridi.
 
Bu mövsüm “Qəbələ”yə qoşulub uğursuz olanlar isə Ekiqo Ehiosun, Deyv Bultuis və Endi Hallideydi. Onlardan birincisi artıq yola salınıb. 6 matçda oynama imkanı qazanan Ehiosun heç nə ilə yadda qalmamışdı. Bultuis və Hallidey də yayın ən uğursuz transferlərindən sayıla bilərlər. Azərbaycana heç cür uyğunlaşa bilməyən bu futbolçular bəlkə də elə bu qış ölkəmizi tərk edəcəklər.
 
“Zirə”
 
Turnir cədvəlinin 3-cüsü legioner sayında da eyni mövqedədi. Komandanın 23 qolundan 13-nə də gəlmələr imza atıb. Ümumiyyətlə, Ayxan Abbasovu legioner futbolçuların xidmətindən ən faydalı istifadə edən məşqçi də saymaq olar. Yovan Krneta (14 oyun), Cozef Bum (11) və Qabriel Matey (10) əsas müdafiəçilər olubsa, Viktor İqbekoyi (13), Milan Duriç (11) və David Manqa (13) yarımmüdafiədə daim şans qazanıblar. İrəli xəttə çıxış edən Riçard Qadze isə komandanın bombardiridi. O, 14 matçda 6 dəfə fərqlənməyə imkan tapıb. Legionerlərdən nisbətən az oynayanı Sadio Tounkaradı. Komandaya bir qədər gec qoşulan yarımmüdafiəçi 7 oyunda şans qazanıb. O, bu matçlarda 2 qol vurmağa imkan tapıb.
 
Mövsümün əvvəlində gəlib tez də komandanı tərk edən Kerven Belfor isə 2 görüşdə meydanda olub. Hazırda Hindistan klubunda çıxış edən hücumçu xüsusi heç nə ilə yadda qalmayıb. “Zirə”dən gedən legionerlərdən biri də David Manqadı. O, mövsümün ilk hissəsi başa çatdıqdan dərhal sonra komandanı tərk etdi.
 
“Neftçi”
 
Heyətində leegioner olmayan 4-cü pillənin sahibi “Sumqayıt”dan fərqli olarak bu yerə iddialı “Neftçi”də onların sayı kifayət qədərdi. Elxan Abdullayev, Elşad Əhmədov və Tərlan Əhmədov 14 turda 7 əcnəbinin xidmətindən istifadə edib. Komandanın 17 qolundan 7-nə də “yadlar” imza atıb.
 
Legionerlərdən ən çox oynayan İqnasio Erreradı. Çilili yarımmüdafiəçi 14 matçın hamısında meydanda olub. O, bu görüşlərdə 2 qol vurmağa imkan tapıb. Kirilo Petrov 13 qarşılaşmada oynamaq imkanı qazansa da, dəqiqə sayında ən yüksək rəqəmə sahibdi. Ukraynalı müdafiəçi bir dəfə adını qol vuranların sırasına yazdıra bilib. Derlis Meza Koli də daim meydanda olanlardandı. 13 görüşdə şans qazanan yarımmüdafiəçi 1 dəfə fərqlənməyi bacarıb. O, ilk vaxtlar fiziki cəhətdən tam hazır görünməsə də, get-gedə komandanın bel sütunlarından birinə çevrildi.
 
“Neftçi”nin də bombardiri legionerdi. Huqo Barqas 3 qolla hamıdan öndə qərarlaşıb. Fransalı forvard bu saya 13 qarşılaşmada çatıb. Daniel Seqovia, Pavel Dreksa və Mateo Mujek isə ümidləri doğrultmayıblar. Sonuncu cəmi 2 matçda oynamaq imkanı qazanıb. Mövsümün əvvəlində “ağ-qaralar”a cəlb edilən Mujeki yay transfer pəncərəsinin ən pis transferlərindən saymaq da olar. İcarə müddəti başa çatan Dreksa artıq yola salınıbsa, digər iki futbolçu ilə müqavilələrin xitam verilməsi üçün danışıqlar aparılır. Böyük ehtimalla mövsümün ikinci hissəsində onların heç birini komandada görməyəcəyik.
 
“Səbail”
 
Debütantın heyət axtarışları legionerlərlə bağlı da davam edib. Samir Əliyev mövsümün ilk yarısında 7 legionerin xidmətindən yararlanıb. Maudo Jarjue TPL-in əvəzedilməzlərindən biridi. Tamazi Tsetsxladze və Edqaras Jarskis də daim meydanda olublar. Komandanın daha çox diqqət çəkən legionerləri Ayrton Stati və Elman Taqayevdi. Türkmənistanlı yarımmüdafiəçi 2, dəfə Ayrton isə 1 dəfə fərqlənməyə də imkan tapıb. Renan Telleş və Adrian Popoviçi isə onlardan gözlənilən oyunu göstərməyi bacarmayıb. Bu ikili ümumi 18 oyunda cəmi 1 vurub. O da komandaya gec qoşulan Popoviçinin hesabındadı.
 
“Keşlə”
 
Transfer qadağası yalnız bu qış başa açtan “Keşlə”də cəmi 2 legioner var. Söhbət Adrian Skarlatake və Denis Silvadan gedir. Uzun illərdi ölkəmizdə olan bu futbolçular “Keşlə”nin əvəzolunmazlarındandılar. Onların hər ikisi 14 oyunun 13-də meydanda olub. Adrian 2 qol vurmağa da imkan tapıb. Onlar hərəyə bir dəfə də topu öpz qapılarına göndəriblər.
 
“Kəpəz”
 
Çempionatın autsayderi 5 legionerin xidmətindən yararlanıb. Onların demək olar ki, heç biri xüsusi nə iləsə yadda qala bilməyib. Ən çox meydanda olanlar Viktor Oseqeyl, Samba Diallo və Dedimar Fereyradı. Oseqeyl gəncəlilərin qol vurmağı da bacaran yeganə əcnəbisidi. O, daha çox “Qarabağ”la oyunda feyr-pley nümunəsi göstərərək, rəqib qapıçının ona qarşı kobudluq etmədiyini bildirməsi və penaltinin ləğv edilməsiylə yadda qalıb. Sergey Çernışev və Ba Aladji Mansur isə ümidləri doğrultmayıb.
Qış fasiləsi yaranan kimi “Kəpəz” legionerləri ilə yollarını ayırdı. Onlardan yalnız Dedimar Ferreyra mövsümün ikinci hissəsində də “sarı-göylər”in uğurları üçün çalışacaq.

***               ***              ***

Statistik göstəricilərdən də görünür ki, legionerlərdən çox istifadə edənlər daha uğurlu çıxış edir. Təbii ki, bunda əcnəbi futbolçuların hansı səviyyədə olması da rol oynayır. Legioner limitinin isə bir çox halda klublara mane olduğu göz önündədi. Məsələn, “Qəbələ”nin əslində kifayət qədər keyfiyyətli görünən (və avrokubokda meydana çıxan) oyunçuları məhz bu amilə görə oynamaq şansı qazanmayıblar. Bir çox legionerin isə yayda gəlib, qış fasiləsi yaranan kimi yola salınması, klubların bunda maraqlı olması onu göstərir ki, qarşıdakı transfer pəncərəsində komandalar əcnəbi oyunçuların seçimində daha diqqətli olmalıdı.

Faiq Tahirov

Məqalə AFFA yenında Media Komitəsinin maliyyə dəstəyilə hazırlanıb