TPL-in əcnəbiləri: kim, necə oynadı? (LAYİHƏ)

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “FutbolPress” “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası üzrə “Ölkə futboluna güzgü tutaq” mövzusunda qalib elan edildi. Layihə ilə bağlı yazılarımızı davam etdirəcəyik.
 
Bir vaxtlar olduqca dəbdə olan ifadə vardı: Azərbaycan klubları elə legionerlər gətirməlidirlər ki, yerli oyunçular onlardan nəsə öyrənsinlər, inkişaf etsinlər. Banallaşıb, ancaq indinin özündə də istifadə olunur və hələ də aktualdır. Bu dəfəki yazıda da legionerlərdən danışacağıq. Ancaq təkcə ondan yox ki, yerlilər onlardan nəsə öyrənirmi, həm də ümumiyyətlə, gəlmələr komandalara nə verir, hansı klub bu baxımdan işini daha ağılla görür, pulunu göyə sovuranlar varmı və s.
 
***     ***    ***
 
Milli çempionatda legioner limiti tətbiq edilsə də  – dünyada bu, əsasən arxa plana keçib – klublar əcnəbilərin xidmətindən kifayət qədər istifadə edir. Bu həm onların, transfer siyasətinin tərkib hissəsi, həm də ilk abzasda mesajını verdiyimiz xaricə pul axınının geniş sferasıdır.
 
Prosesə konkret dövrlər – 2016/17 mövsümü öncəsi, gedişi, fasiləsi və sonrasında nəzər yetirək. Klublarımız legionerlərdən necə istifadə edib?

 
Ümumi mənzərə
 
Premyer Liqanın ötən mövsümündə 8 komandanın heyətində ümumilikdə 72 legioner meydana çıxıb. Bu baxımdan ən yüksək göstərici “Neftçi”dədir – 16. Ən az əcnəbi oyunçuya güvənən isə “İnter” olub. Transfer qadağasının da təsirilə “bankirlər”in heyətində cəmi 3 legioner meydana çıxıb.

Əcnəbilərin arasında ən çox oynayan “Kəpəz”in kamerunlu sabiq forvardı Julien Ebah olub – 28 matç. Bu, Fərhad Vəliyev və Azər Salahlı ilə birgə mövsümün rekordu xarakteri daşıyıb. Ən az oynayanlar isə hərəyə bir oyunda forma şansı qazanan David Pietrzkieviç (“Qəbələ”) və Əl-Hərbi Əl-Jadeyui (“Qarabağ”) olublar.

Premyer Liqanın bombardirlərindən biri də legioner olub. 11 qol vuran “Qəbələ”li Filip Ozobiç Rauf Əliyevlə birgə ən sərrast oyunçu adını qazanıb. “Qarabağ”ın afrikalısı Dino Ndlovu isə ilk “3-lüy”ü qapayıb – 10 qol. Premyer Liqada vurulan 251 qolun 115-i legionerlərin payına düşüb. Ancaq onlar avtoqol vurmaqda da “məharətlərini” göstəriblər. 8 belə halın 7-si gəlmələrin payına düşüb.
 
Bəs ayrı-ayrı klublar üzrə vəsiyyət necədir?

 
“Qarabağ”ın sabitliyi
 
Son 4 ilin çempionu transfer siyasətinə görə öyünə bilər – istər yerli, istər legionerlərlə bağlı. Şübhə yoxdur ki, ölkənin ən yaxşı yerli oyunçuları “Qarabağ”da cəmləşib. Komanda xaricilərə görə də digərlərindən geri qalmır.
 
Qurban Qurbanov ümumilikdə 10 legionerin xidmətindən istifadə edib. Onların arasında ən çox meydana çıxan Miçel olub – 25 oyun. Bu, ümumiyyətlə, komanda üzrə ən yüksək göstəricidir. Mövsümün lap əvvəlində “Qarabağ”ı tərk edən Əl-Hərbi Əl-Jadeyuini saymasaq, bu baxımdan ən uğursuz Boyan Şaranov olub. Serbiyalı qolkiperə “çərçivə” cəmi iki oyunda əmanət edilib. Nəticədə mövsüm başa çatar-çatmaz Şaranovla yollar ayrılıb.
 
“Qarabağ”ın hücum xəttinin əsasını legionerlər təşkil edib. “Atlılar”ın 46 qolundan 28-i əcnəbilərin payına düşür. Ndlovu 10 birinci olubsa, Muarem, Miçel və Reynaldo isə 4 qolla ilk “4-lüy”ü qapayıblar. Mövsümün böyük hissəsini zədə səbəbindən buraxan Dani Kintana 3 dəfə fərqlənməyi bacarıb.
 

via GIPHY

“Qarabağ” mövsümün gedişində Azərbaycan futbolu üçün yad aktla – oyunçu/legioner satışından pul qazanmaqla da yadda qalıb. Komanda Reynaldonu Türkiyə “Adanaspor”una satıb.
 
Ağdam klubunun əksər legionerləri komandada 2 və daha artıq ildir çıxış edirlər. “Süvarilər” adətən elə oyunçular alır ki, uzun müddət kluba xeyir verə bilsinlər. Son uğursuz nümunə artıq qeyd etdiyimiz kimi Boyan Şaranovun adı ilə bağlı olub.
 
 
“Qəbələ”nin yarım mövsümlük legionerləri
 
Vitse-çempion “Qarabağ”dan çox – 13 legionerə ehtiyac duyub. Onların əksəriyyəti mövsümün əvvəlində cəlb edilənlər olublar – qış fasiləsində gedən və yeni cəlb olunan öz yerində.
 
Ən çox oynayanlar Dmitri Bezotosnı və Filip Ozobiçdir. Hər iki oyunçu 27 matçda meydana çıxıb. Xorvatiyalı, həm də 11 qolla çempionatın bombardiri adını qazanıb. Hətta TPL-dəki çıxışına görə ölkəsinin milli komandasına da dəvət alan Ozobiçi çəkinmədən mövsümün transferi, oyunçusu da adlandırmaq olar.

via GIPHY

 
Çempionat başlamazdan transfer edilən Petar Franyiç haqqında isə eyni sözləri demək olmaz. Qış fasiləsində komandanı tərk edən oyunçu cəmi 4 oyunda meydana çıxmışdı. Bu isə legionerlərdən yalnız David Pietrzkieviçlə (1 oyun) müqayisədə daha yüksəkdir.
 
“Qarabağ”da olduğu kimi “Qəbələ”nin qollarının da əksəriyyətini legionerlər vurub 48 uğurlu zərbədən, 32-si onların payına düşüb. Bu baxımdan Baqali Dabo (7), Sergey Zenyov (6) da xüsusi qeyd edilməlidir. Mövsümün gedişində cəlb edilən Daniel Subotiçin də ümidləri doğrultduğunu demək olar – 3 qol.
 
“Qəbələ”nin legionerləri komandanın çempionluğu uduzduğu “Qarabağ”la müqayisədə əsasən 1-2 mövsümlük xarakter daşıyır. Çempionat başlamazdan cəlb edilənlərdən – Nika Kvekveskiri, Teo Uiks, Petar Franyiç artıq “qırmızı-qaralar”ın oyunçusu deyillər. Qışda ikinci gəlişi olan Daniel Subotiçlə də yollar ayrılıb. Ümumilikdə, daha 4 legioner – Rafael Santos, Sergey Zenyov, David Pietrzkieviç də mövsümün bitməsiylə yola salınıb.

 
“Özümüzküləşən” “İnter”
 
Bir vaxtlar legioner sayına görə hətta “özümüzkü” sayılmayan, çoxlarının bəyənmədiyi “İnter”i artıq tamamilə futbol patriotlarının “zövqünə uyğun” saymaq olar. Komanda ən az əcnəbi futbolçusu olan kollektivdir. Baxmayaraq ki, baş məşqçi gürcüstanlı Zaur Svanadzedir. Bu, bir tərəfdən də “İnter”ə qoyulan transfer qadağası ilə bağlı olub.
 
Ötən mövsüm “bankirlər”in heyətində cəmi 3 legioner meydana çıxıb. Onların hər biri komanda üçün kifayət qədər vacib oyunçular olublar. 26 matçda meydanda olan Zurab Xizanişvili Rauf Əliyevlə birgə ən çox oyun keçirən futbolçu adını qazanıb. Braziliyalı Denis Silva bu baxımdan 3-cü yeri tutub – 25 oyun. Həm müdafiəçi, həm də dayaq yarımmüdafiəçisi kimi oynayan Adrian Skarlatake 15 matçda forma geyinib.


 
Əsasən arxa xətt oyunçuları olduqları üçün “İnter”in legionerləri o qədər də çox fərqlənə bilməyiblər – cəmi 6 qol. Zurab 3, Denis 2, Adrian isə 1 dəfə adını tabloya yazdırıb. Sonuncu ikisi hərəyə bir dəfə qapıları səhv salmağa da imkan tapıblar.
 
Növbəti mövsüm “İnter”də legioner sayı daha az olacaq. Komandanın transfer qadağası davam edir, üstəlik Zurab Xizanişvili karyerasını başa vurub.

 
“Zirə”nin axtarışları
 
Bu mövsüm 4-cü yeri tutaraq Avropa Liqasında debüt etməyə haqq qazanan “Zirə” 11 legionerin xidmətindən istifadə edib. Bunların arasında əvvəldən qalanlar olsa da, mövsümöncəsi də, qış fasiləsi zamanı da komandanın axtarışda olması nəzərə çarpıb.
 
“Zirə”nin ötən mövsüm ən çox oyun keçirən legioneri Milan Duriç olub. 25 matçda meydana çıxan serbiyalı yalnız Təmkin Xəlilzadədən geri qalıb. Həmyerlisi Yovan Krneta isə 23 dəfə oynamaq imkanı qazanıb. Bu baxımdan ən aşağı göstərici Yasin Həmiddədir. Ukraynalıya cəmi 3 oyunda şans verilib.
 
Komandanın 29 qolundan 16-sı gəlmələrin payına düşüb. Onların arasında ən çox fərqlənən Sezar Maza Kolli (4 qol) komandanın bombardiri olub. Milan Duriç və Riçard Qadze hərəyə 3 dəfə topu tora qovuşdurublar.
 
“Zirə”nin mövsümün gedişi zamanı 4 legioner cəlb etməsi diqqətdən yayınmır. Amadu Sanqar, Akim Latifu, Riçard Qadze, Georgi Qorozia qış fasiləsi zamanı komandaya cəlb olunub. Daha maraqlısı odur ki, onlardan ilk ikisi ilə artıq yollar ayrılıb. Baxmayaraq ki, daha uğursuz transfer Georgi Qoroziya olub. 4 matçda meydana çıxan gürcü cəmi 46 dəqiqə oynayıb.


 
“Zirə” mövsümlərarası fasilədə də legioner gətirən ilk komandadır. Afrikalı David Manqa ilə müqavilə bağlayan qəsəbə təmsilçisinin bu axtarışlarının, imkan olsa, hələ bir neçə mövsüm də davam edəcəyini ehtimal etmək olar.
 
 
Hamının atdığı “Kəpəz”
 
Baş məşqçi Şahin Diniyev cəmi 5 legionerin xidmətindən istifadə etsə də, komandanın əsasını məhz onlar təşkil ediblər. Təsadüfi deyil ki, Julien Ebah ümumilikdə TPL üzrə ən çox meydana çıxan oyunçudur – 28 görüş. Serjio Kosta 27 oyunla ikinci olub. Komandanın ən az meydana çıxan legioneri Tadas Simaitis belə mövsümün yarıdan artıq oyununda forma geyinib. Qolkiper 17 matçda oynayıb.
 
Gəncə klubunun bombardiri də Julien Ebah olub. Kamerunlu forvard 6 dəfə rəqib qapısına yol tapıb. “Kəpəz”in legionerləri mövsüm ərzində 12 qol vurmağa imkan tapıblar. Renan Alveş isə bir dəfə qapıları səhv salıb.


 
Mövsüm bitər-bitməz “Kəpəz”in 4 legioneri komandadan getdi. Ebah, Federiko və Kosta klubdan üz çevirdilərsə, Simaitis uğursuz çıxışına görə göndərildi. İndi yalnız Renan Alveş qalıb ki, onun da növbəti mövsümü “Kəpəz”də keçirib-keçirməyəcəyi sual altındadır. Klub “sambaçı”nı razı salmağa çalışır.
 

“Sumqayıt”a legioner lazım deyil
 
“Sumqayıt” haqqında danışarkən, bu komandanın oyunlarında legionerlərin gözə dəymədiyini demək olar. Ancaq bu, o demək deyil ki, komandada əcnəbi oyunçu olmayıb.
 
“Kimyaçılar”ın baş məşqçisi Samir Abasov 5 gəlmənin xidmətindən yararlanıb. Maraqlıdır ki, onlardan ən çox oynayanı Afşin Esmaelzadeh TPL-in təxminən 1/3-də – 10 oyunda meydanda olub. Ən az şans qazanan onun həmyerlisi İbrahim Abednezaddır. İranlı oyunçu cəmi 5 matçda forma geyinib. Qeyd etmək yerinə düşər ki, “Sumqayıt”ın legionerləri cəmi iki ölkəni – Rusiya və İranı təmsil ediblər.
 

Əcnəbilər cəmi 1 qola imza atıblar. Yalnız Sergey Çernışev fərqlənməyə imkan tapıb.
 
Legionerlərdən ikisi – cənubdan olanlar qış fasiləsi zamanı komandadan göndəriliblər. Samir Abasov şimallı Nasir Abilayevi də artıq yola salıb. Fərhad Qıstarov və Sergey Çernışevin komandadakı gələcəyi isə sual altındadır. Onların da növbəti mövsümdə “Sumqayıt”da olmayacağını proqnozlaşdırmaq olar. Yeri gəlmişkən, yeni legioner cəlb etmək “Sumqayıt”ın yay transfer pəncərəsi planlarına daxil deyil.
 
 
“Neftçi”…
 
Tarixinin ən bərbad mövsümünü keçirən “ağ-qaralar”ın son bir neçə ildə transfer siyasəti anlaşılmazdır. Hər mövsümün sonu, mövsümdaxili fasilədə oyunçular gətirilir, 2-4 ay sonra göndərilir. Keçən mövsüm bu say baxımından xeyli “məhsuldar” olub.
 
Çempionata Vəli Qasımovla başlayıb, Elxan Abdullayevlə başa vuran paytaxt klubu 16 legionerin xidmətindən yararlanıb. Onların arasında ən çox meydana çıxan Edson Kastilyo 20 matçda forma geyinib. 300 minə başa gəldiyi deyilən müdafiəçi cəmi Vançe Şikov cəmi 5 oyun keçirib.
 
Komandanın keçən ilin yayında etdiyi transferlər tamamilə mənasız olsa da, insafən qışdakı fəaliyyəti nisbətən yaxşı adlandırmaq olar. Mövsümün yarısı arxada qaldıqdan sonra gətirilən Daniel Seqoviya 4 qolla komandanın ən sərrast oyunçusu adını qazanıb. Paytxat klubunun legionerləri ümumilikdə 13 dəfə hədəfi dəqiq nişan alıblar. “Avtoqol kralı” Jayro 3, Georgi Navalovski isə 1 dəfə qapıları səhv saldı. Qol vurmaq əvəzinə azarkeş vuran Katalin Tira isə ayrı məcmuadır.

via GIPHY

 
Mövsümdən öncə, gedişi zamanı, ortasında çoxlu legioner cəlb edən, qovan “Neftçi” çempionat başa çatdıqdan dərhal sonra da Jayro və Baykoviçlə vidalaşdı. Folprextin isə müqavilə müddəti başa çatıb və o, Çexiya “Slovan”ına qayıdıb.
 
“Neftçi”nin nə yerlilər, nə də əcnəbilərlə bağlı siyasətini düzgün adlandırmaq olar. Sanki komandada bir vaxtlar əzəli rəqibi olan “Xəzər Lənkəran”da olduğu kimi hər transfer pəncərəsi zamanı “legioner axını” baş tutur. Belə görünür ki, yenidən komandaya çoxlu əcnəbilər cəlb ediləcək. Əvvəlki səhvlərin təkrarlanmayacağına yalnız ümid etmək qalır.
 
 
Tarixə qovuşan AZAL
 
Əvvəlcə I Diviziona yuvarlanıb, daha sonra tarixin yaddaşına qovuşan AZAL-da 9 legioner çıxış edib. Komandanın baş məşqçisi Tərlan Əhmədov onların arasında ən çox Nuqzar Kvirtiyaya güvənib – 26 matç. Ən az oynayan isə 3 görüşdə forma geyinən Brayan Fok olub.


 
Legionerlər ümumilikdə 7 dəfə fərqləniblər ki, bunlardan 6-sı gürcülər – Kvirtiya və Canelidzenin payında düşüb. Onlar hərəyə 3 qol vurublar.
 
AZAL ötən mövsüm xüsusilə qış fasiləsində 5 legionerin cəlb edilməsiylə diqqət çəkdi. Hətta bu transferlər komandanın yenidən dirçələcəyinə ümidləri də artırmışdı. Ancaq bütün digər oyunçular kimi yeni gələnlərdə də heç nə alınmadı.
 
***     ***    ***
 
Yazıdan aydın olduğu kimi, klubların legioner oyunçu siyasətini uğurlu adlandırmaq çətindir. Hətta ən yaxşı kimi qeyd etdiyimiz “Qarabağ”da belə alınıb, cəmi 1 oyunda meydana çıxan legioner var, Samuel Armenteros kimi haqqında düzgün qərar verilməyən futbolçu olub. Digər klubların problemlərini isə göstərdik.

Növbəti transfer pəncərəsi açıqdır. Klublar sentyabra qədər yəqin ki, bir çox legionerlər transfer edəcəklər. Bu  məsələdə həssas davaranılmalı, ən azı 2-3 mövsüm uğurlu çıxış edəcək futbolçular alınmalıdır. Ya da nəhayət ki, hansısa klub buna qazanc mənbəyi kimi yanaşmağa başlamalıdır. Belə getsə, hələ uzun illər futbol yalnız ölkədən pul çıxışı obyekti olmağa davam edəcək. Çünki əksərən futbolçular müəyyən məbləğ qarşılığında alınır, uğurlu-uğursuz bir mövsüm keçirib, geri qayıdırlar – deyə ki, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilməklə. Əslində futbol sənayesində beləmi olmalıdır? – Yəqin ki, yox.

Faiq Tahirov

Məqalə AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb