Tovuzda fərqli hissələr

“Turan Tovuz” Premyer Liqanın XVI turunda “Şamaxı”nı məğlub edib. Dramatik keçən görüşdə tovuzlular son dəqiqə qolu ilə aktivinə üç xalı yazdırıb.

Kurban Berdıyevin yetirmələri 4 oyundan sonra qələbə qazanıb. Oyuna daha yaxşı başlayan “Şamaxı” rəqibinin çaşqınlığından istifadə edərək, hesabı açmağa nail oldu. Son turlardakı uğursuzluqdan sonra xal qazanmaq arzusunda olan “şirlər” bunu meydanda göstərirdi. “Turan Tovuz” cəbhəsi isə sanki rahat, qələbəyə arxayın idilər. Oyunçular həvəssiz təsir bağışlayır, fərdi səhvlər topun rəqibə keçməsinə səbəb olurdu. Birinci hissədə bir qol vurmaqla hesabı bərabərləşdirməyi bacaran “Turan Tovuz” bir neçə dəqiqə sonra ikinci qolu da buraxdı. Müdafiəçilərin “yatmasından” istifadə edən “Şamaxı” ilk hissəni öndə tamamladı.

Fasilədən sonra isə fərqli “Turan Tovuz” gördük. Berdıyevin yetirmələri indi nizamlı oynayır, sürətli hücuma çıxırdılar. Bunun məntiqi nəticəsində əvvəlcə hesabı bərabərləşdirən, son dəqiqələrdə isə qələbə qolunu vuran tovuzlular üç xalı qazanan tərəf oldu. Berdıyevin yetirmələri ümumilikdə qələbəyə yaraşan gözəl futbol sərgiləmədi. Komandanın son turlardakı çıxışı ürəkaçan deyil və görünür, kasad heyət və sıx qrafik yorğunluğa səbəb olub.

“Turan Tovuz”un növbəti rəqibi “Zirə” olacaq. Tovuzlular “üçlük”dəki yerini qorumaq üçün azı bir xal qazanmalıdır.

Çətin dönəmdən keçən “Şamaxı” isə son turlardakı ən yaxşı oyunlarından birini oynadı. Lakin yaxşı futbol xal qazandırmır. Nəticəyə təsir edəcək ehtiyyat qüvvəsi olmayan Ayxan Abbasov qış fasiləsində bir neçə mövqenin güclənməsini istəyir. Fasilə başlamamış klubda müəyyən dedi-qodular yayılıb. Kapitan Adil Nağıyev və yarımmüdafiəçi Georgi Kantariyanın gedişi də oyuna təsirsiz ötüşməyəcək. Oyunçuların vidasının səbəbləri hələ dəqiq deyil. “Şamaxı” növbəti turda autsayder “Səbail”lə dövrənin ən mühüm matçına çıxacaq.

Şahin Cəfərov