Bu gün Azərbaycan Premyer Liqasında XII tura yekun vurulacaq. Sonuncu oyun günündə “Kəpəz” “Səbail”lə, “Sumqayıt” isə “Sabah”la üz-üzə gələcək.
Günün ilk matçı Tovuzda baş tutacaq. Turnir cədvəlinin sonuncusu “Kəpəz” burda “Səbail”in müqavimətini qırmağa çalışacaq. Gəncə təmsilçisi 3 xalla 10-cu pillədədir, “dənizçilər” isə 7 xalla 9-cu pilləni tutub. “Kəpəz” bu görüşdə məğlub olarsa, xal fərqi 7-yə yüksələcək və komanda vəziyyətini daha çətinləşdirəcək. Mövsümün böyük hissəsinin qarşıda olmasına baxmayaraq, gəncəlilərin ən yaxın rəqibinə xal itirməsi komandanı daha təzyiq altına salacaq.
“Səbail”də də vəziyyət eynidir. Məğlubiyyət onları sonuncu pilləyə daha yaxınlaşdıracaq, “Kəpəz”in nəfəsi hiss ediləcək. Hər iki komanda son beş oyunda cəmi bir qələbə qazanıb. “Kəpəz” bu mövsüm 11 oyunda 7, “Səbail” isə 15 qol vurub. İki komandanın da müdafiəsində problemlər var və çempionatda ən çox qol buraxanlar məhz bu kollektivlərdir.
Görüşün aşkar favoriti yoxdur. “Kəpəz” son turlarda daha yaxşı təsir bağışlayır. Hücumda effektivliyi artan gəncəlilər “Səbail”lə matçda bir addım öndə görünür.
Tura Sumqayıtda yekun vurulacaq. Avrokuboklar mübarizəsi aparan “Sabah” burda “Sumqayıt”ın qonağı olacaq. “Kimyaçılar” Vaqif Cavadovun gəlişiylə Premyer Liqada 7 turdan sonra qələbə qazanıb. Ötən tur “Səbai”ə səfərdə qalib gələn “Sumqayıt”da atmosfer yaxşıdır. Cavadovun əsas oyun planı sürətli hücumlar üzərində qurulub və bu mövsüm demək olar, hər oyunda qol buraxan “Sabah”ın müdafiəsi üçün çətinlik yarada bilərlər. Komandalar arasında 7 xal fərq var və “Sumqayıt” özündən irəlidə olan “Şamaxı”nın xal itirməsiylə bu gün qələbə qazanaraq, bir pillə yüksəlməyi hədəfləyir.
“Sabah” isə 4 oyundur, qələbə qazana bilmir. Krunoslav Renduliçin yetirmələri avrokuboklar mübarizəsində əsas rəqibləri – “Araz-Naxçıvan”, “Zirə”, “Turan Tovuz”un xal qazanmasından sonra bu gün mütləq qələbə düşünür. 4-cü sıradakı “Zirə” ilə xal fərqi 3 olan “bayquşlar” qələbə sayəsində xalları bərabərləşdirə bilər. 3-cü pillədəki “Araz-Naxçıvan”la isə indiki məqamda xal fərqi 7-dir. Fərqin azalması üçün də üç xal şərtdir.
Görüşün favoriti “Sabah”dır. Daha keyfiyyətli və təcrübəli heyətə sahib olan “futuristlər” bu mövsüm 5 səfər oyununda 3 qələbə qazanıb. “Sabah” eyni zamanda son 5 Sumqayıt səfərinin 4-də qalib tərəf olub.
Kamil Əhməd