Tovuzda anlaşılmaz ayrılıq – Ayxan Abbasov niyə getdi?

Dünən “Turan Tovuz”un baş məşqçisi Ayxan Abasovun postundan getməsi haqda xəbər təəccüblə qarşılandı. Gedişin rəsmi təqdimatında qarşılıqlı anlaşma ifadəsi yer alsa da, anlaşılmazdır.

Çünki klubun əsas siması Ehtiram Quliyev son açıqlamasında gələn mövsüm Avropa Liqasına vəsiqə qazanmağın hədəf qoyulduğunu bildirmişdi.

Əgər bundan günlər sonra baş məşqçi ilə yollar ayrılırsa, deməli, açar rolunu həmin ifadə oynayıb.

Belə ki, Ayxan bəy avrokubok hədəfinin konkret məqsəd qoyulmasını qəbul etmirdi, o, tədricən, təbii formada inkişaf yolunun tərəfdarı olduğunu həmişə açıq bildirirdi. Bu gedişatla avrokubok vəsiqəsi də əldə olunarsa, pakizə…

Görünür, bu rəvan yanaşma klub rəhbərliyini haçansa “qane etməmə” baxımından “ayıldıb”.

Bəlkə də “Neftçi”nin avrokuboklardan kənarda qalıb, “Sumqayıt”, “Zirə” kimi onlara bab rəqiblərin vəsiqə qazanması Ehtiram bəyin fikirlərini dəyişib/təmkinini azaldıb?..

Suallar çoxdur. Baş məşqçi ilə növbəti mövsüm mövzusunda həlledici görüşdə istefa səsi çıxır və hər iki tərəf buna tutarlı açıqlıq gətirməyib. Ümumiyyətlə, daim Abbasovun tərəfini tutan klub rəhbərliyi indi yolların ayrılmasına qərar verir və bu başadüşülən deyil.

Tərəflər açıqlamalarıyla aydınlıq gətirməyənə qədər konspiroloji versiyalar uçuşacaq. Artıq uçuşur…

Kamil Əhməd