Bu gün Azərbaycan Premyer Liqasında III tura start veriləcək. Açılış günündə “Kəpəz” “Turan Tovuz”la, “Sumqayıt” isə “Səbail”lə üz-üzə gələcək. Sabah daha bir matç baş tutacaq. “Neftçi” “Sabah”la münasibətlərinə aydınlıq gətirəcək.
Turun “Şamaxı” – “Qarabağ” və “Zirə” – “Araz-Naxçıvan” görüşləri təxirə salınıb. Buna səbəb “Qarabağ” və “Zirə”nin avrokuboklarda pley-off oyunlarına yaxşı hazırlaşmaq istəməsidir.
17 avqust / 18:15 Kəpəz – Turan Tovuz
Matç Tovuz şəhər stadionunda baş tutacaq. “Kəpəz” Gəncə şəhər stadionunda yenidənqurma işlərinin davam etdiyi üçün ev oyunlarını bu arenada keçirir. “Turan Tovuz” öz meydanında nominal qonaq qismində olacaq. Buna baxmayaraq, azarkeş üstünlüyü məhz tovuzlularda olacaq.
“Kəpəz” Premyer Liqada xalı olmayan yeganə komandadır. Adil Şükürovun rəhbərlik etdiyi kollektiv mövsümə uğursuz start verib. Əvvəlcə “Sumqayıt”a daha sonra “Qarabağ”a uduzan gəncəlilər hələ qol da vura bilməyib. Heyəti yenidən qurmalı olan Şükürov hələ komandanı komplektləşdirə bilməyib. Ötən mövsümün yaxşıları – Latir Fal, Olavele Onanuqa, Junior Martins kimi oyunçular komandanı tərk edib və yeni gələnlər hələ uyğunlaşma prosesini adlamayıb. Bu baxımdan “Kəpəz”in daha bir neçə tur xal sarıdan əziyyət çəkəcəyi ehtimal edilir.
“Turan Tovuz” isə Kurban Berdıyevin gəlişindən sonra müəyyən oyun üslubuna sahibdir. Müdafiədən sürətli hücuma çıxmağı yaxşı bacaran tovuzlular əvvəlki turlarda yaxşı oyunu ilə seçilib. “Kəpəz”lə görüşün də favoriti məhz Berdıyevin yetirmələridir.
17 avqust / 20:30 Sumqayıt – Səbail
Konfrans Liqasında “Fehervar”a məğlubiyyətdən sonra özünə gəlməkdə çətinlik çəkən “Sumqayıt” ötən tur Tovuzda “Turan Tovuz”a məğlub olub. Komanda bu gün azarkeşləri önündə meydana çıxacaq. “Kimyaçılar”da heyətlə bağlı çatışmazlıqlar aradan qalxmaq üzrədir. Komanda son bir neçə gündə ardıcıl transfer açıqlamaları ilə gündəmə gəlir. Buna baxmayaraq, yenilərin uyğunlaşması üçün da müəyyən vaxta ehtiyac olacaq.
“Səbail” isə ötən tur “Neftçi”dən xal almaqla yanaşı, yaxşı oyunu ilə diqqət çəkdi. Komanda xüsusilə, cinahlardan sürətli reydlərlə təhlükə yaratmağı bacarır. Şahin Diniyevin rəhbərlik etdiyi “dənizçilər” qələbəsizlik seriyasını qırmaq arzusundadır.
18 avqust / 20:30 Neftçi – Sabah
“Neftçi Arena”da təmir işləri getdiyi üçün matç Mərdəkanda “Liv Bona Dea Arena”da olmalı idi. Bu arenanın da ot örtüyü futbol üçün əlverişli deyil. Meydança tam yüklənməsin deyə, görüş Zirə İdman Kompleksinin stadionuna dəyişdirilib.
Hər iki komanda pis dönəmdən keçir. “Neftçi”nin bu mövsüm çempionluq yarışına qoşulacağı gözləniləs də, artıq iki turda liderdən 4 xal geri qalıb. “Ağ-qaralar” hələ qələbə qazana bilməyib. Roman Qriqorçukun komandası oyunlarda demək olar, bir hissə qənaətbəxş performans sərgiləyir, ya da müəyyən anlarda 5-10 dəqiqə. Komandada ötən mövsümlə müqayisədə ciddi irəliləyiş yoxdur. Dəyişən adlardır, amma komanda yenə eyni üslubdadır. Hücumda effektivlik yoxdur, müdafiədə isə bəzən asan boşluqlar verilir.
“Sabah”da isə vəziyyət daha acınacaqlıdır. Konfrans Liqasında İrlandiyanın “Sent Patriks” komandasına uduzan “futuristlər”lə bağlı ciddi narazılıqlar var. Çempionatda da qələbə yoxdur. Baş məşqçi Krunoslav Renduliç “Neftçi” səfərində mütləq qələbə ardınca yollanmalıdır. Məğlubiyyət və ya xal itkisi narazılıqları daha artıracaq. “Sabah”da əsas problem heyətin yorğun olması və hələ bərpa ola bilməməsidir. Son avrokubok matçında belə futbolçuların tez yorulduğunun, istəksizlik göstərdiklərinin şahidi oldu. Renduliç problemi aradan qaldıra bilməzsə, məğlubiyyət qaçılmaz olacaq.
Şahin Cəfərov