“Tofiq Bəhramov”da şanssız gün – hər şey Razqradda həll olunacaq

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Bolqarıstanın “Ludoqorets” komandasına məğlub olub – 1:2.

Görüşdən öncə “atlılar”ın evdəki böyük azarkeş qarşısında keçirdiyi oyunlar nəzərə alınaraq favorit göstərilir, bolqarların isə bu mövsüm avrokuboklarda səfər görüşlərində məğlub olması təmsilçimizə inamı artırırdı. Mütəxəssislərin fikri də birmənalı şəkildə “Qarabağ”ın qələbə qazanacağı yönündə idi, ancaq…

“Ludoqorets”lə görüşə sürətli başlayan, tez-tez hücuma çıxan tərəf təmsilçimiz oldu. Lakin buna baxmayaraq, cinahlardan edilən asmalar, uzaqdan zərbələr “çərçivə”yə tuş gəlmirdi. Ümumiyyətlə, oyunda iki hissədə də üstün tərəf məhz “Qarabağ” idi. Daha çox hücum edən, qol şansı yaradan “atlılar” bunlardan cəmi birini qola çevirə bildi. Əvəzində isə bolqarlar sürətli əks-hücumlarla təhlükə yaradıb, iki eyni epizod sayəsində fərqlənməyi bacardı.

“Ludoqorets” Avropa arenasında daha təcrübəli komandadır. Eyni zamanda, meydanda futbolçuların sərt oyunu diqqət çəkdi. Xüsusilə, Kayo Vidal bir neçə dəfə Marko Veşoviçə sərt müdaxiləsi ilə yadda qaldı. Bolqarların aktiv oyunçularından olan vinger ikinci hissənin sonunda da kobud oyunu ilə diqqət mərkəzinə düşdü, amma bu dəfə qarşısında “qırmızı” gördü. Meydandan qovulan futbolçu cavab oyunu öncəsi komandasını pis duruma saldı.

Razqrad təmsilçisinin digər itkisi isə Bernard Tekpetey oldu. İkinci hissədə ikili mübarizə zamanı ayağı sınan vinger uzun müddət oynamayacaq. Əsas oyunçularından ikisinin yoxluğu “Ludoqorets”ə cavab oyununda çətinlik yaradacağı şübhəsizdir.

“Qarabağ” daha əvvəl Avropa arenasında səfərdə yaxşı nəticələri ilə yadda qalıb. Hesabda üstün bolqarlar olsa da, şanslar hələ bərabərdir. “Ludoqorets”in itkiləri, “Qarabağ”ın səfər görüşlərindəki inamlı çıxışı bunu deməyə imkan verir, amma asan olmayacaq. Bakıdakı oyunda da bolqarların fərdi bacarığı yüksək olan oyunçuları hesabına sürətli hücumlarla hər an təhlükə yarada biləcəkləri göründü. Qurban Qurbanov demiş, cavab görüşündə maksimum diqqətli olmaq şərt olacaq.

“Ludoqorets” – “Qarabağ” oyunu avqustun 13-də Razqradda baş tutacaq.

Şahin Cəfərov