Tısbağa ili və ya Rövşən Nəcəfin Banqkok məhsuldarlığı

AFFA-nın prezidenti Rövşən Nəcəf Tailandın paytaxtı Banqkokda keçirilən FIFA-nın 74-cü Konqresində iştirak edir.

Rövşən bəyin Banqkok səfəri məhsuldarlığı ilə diqqət çəkir. Yəni prezident orada Türkiyə, ABŞ, Fransa, Gürcüstan, Belarus, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Çexiya, Şotlandiya, Uels, Şimali İrlandiya futbol federasiyalarının rəhbərləriylə görüşüb (AFFA.az).

Aydındır ki, bu qədər görüşün bir gündə olması ən yaxşı halda, “qarşılıqlı əməkdaşlığın gücləndirilməsi” şablonu ilə dəyərləndirilə bilər.

Yalnız bir görüş şablondan istisna hesab edilə bilər.

“Bu gün AFFA-nın prezidenti Rövşən Nəcəflə Danimarka Futbol Assosiasiyasının (DBU) prezidenti və UEFA-nın İcraiyyə Komitəsinin üzvü Yesper Möller arasında görüş keçirilib.

Görüşdə AFFA və DBU arasında qarşılıqlı əməkdaşlıqla bağlı ətraflı fikir mübadiləsi aparılıb. Əsasən uşaq futbolunun və hakimliyin inkişafı, eləcə də daxili liqaların formatı barədə müzakirələr olub.

R.Nəcəf AVRO-2024 çərçivəsində keçirəcəyi oyunlarda Danimarka milli komandasına uğurlar arzulayıb. (yox, bu da şablon oldu)

Y.Möller xoş arzulara görə AFFA prezidentinə təşəkkürünü bildirib. (həmçinin)”.

Rövşən bəyin proqramsız-filansız AFFA prezidenti seçkilərinə qatılması, yeganə namizəd kimi seçkidə yekdilliklə seçilərək… Kəsəsi, boşluqlar yaradırdı və yaradacaq. Lakin Tailand səfəri öyrənmək baxımından önəmli sayılmalıdır.

Məsələn, DBU prezidenti ilə hakimlik, uşaq futbolu barədə müzakirə. Yavaş-yavaş öyrənəcək…

Yoxsa AFFA-nın  İcraiyyə Komitəsinin iclasında o boyda vaxta uşaq liqalarındakı xaos, ibtidai problemlər barədə bir əncam müəyyənləşdirə bilməmək, hardan baxsan, kral hərəkət sayılmalıdır.

Haydı, Rövşən bəy, öyrənin! Amma mümkünsə, bir az tez olsun.

İdman prinsiplərini qoruyub, liqanın sonuncusunu diviziona salmaq inqilab deyil, şablondur. Olmalı olanı etdiniz. Vacib olanlarsa həsrətlə gözləyir. PL-də komanda sayını artıra bilməmək əsaslandırılmayıb. Ona qalsa, yüz il də olsa PL-də komanda sayını artırmağa zəruri, məntiqli, hüquqi-iqtisadi əsas tapılmaz.

Bir az qıvraq olmaq lazımdır. Keçmişin uğursuzluqları qaxınc kimi istifadə edilməməlidir, keçmişdə nə qələt qılınıbsa, qılınıb artıq. Erudisiya, futbol təcrübəsi və sistematiklik əsasında ölkə futbolu üçün operativ faydalı, məhsuldar qərarlar vermək lazımdır. Tısbağa ili deyil ki…

Kamil Əhməd

P.S. Məqalə dərc olunan anda daha bir xəbər çıxdı. Bunu da məqaləmizə post skriptum qismində əlavə etməyi lazım qıldıq. Rövşən bəy Banqkokda Avstriya Futbol Federasiyasının baş katibi Tomas Hollerer ilə də görüşmüşdür. Maşallah, lap lasveqasçılıqdır! İnşallah, bu görüş bolluğunun futbolumuza töhfəsini tezliklə hiss edərik. Yeri gəlmişkən, Hollerer yoldaşla isə kütləvi futbol və qadın futbol barəsində müzakirələr aparılmışdır. Xeyirli olsun..