“Qarabağ” Azərbaycan Kubokunun finalında “Zirə”ya (2:1) qalib gəldi.
Futbolpress.az xəbər verir ki, matçdan sonra qəsəbə təmsilçisinin qapıçısı Tiaqo Silva jurnalistlərin suallarını cavablandırdı:
“Qarabağ”ı təbrik edirəm. Yaxşı mübarizə apardıq. Mövsümü də uğurlu adlandırmaq olar. Premyer Liqada ikinci olduq, ölkə kubokunda isə finala qədər gəlib çıxa bildik. “Qarabağ” qızıl medalları qazandı. Lakin mövsümü pis keçirmədik. Komandamla fəxr edirəm. Niyə məğlub olduq sualına hazırda cavab vermək çətindir. Final bir matçdan ibarətdir. Kiçik məqamlar məsələni həll etdi”.
“Çərçivə” qoruyucusu komandasının Avropa Liqasının təsnifat mərhələsindəki çıxışına da münasibət bildirib:
“Təbii ki, hər bir futbolçu kimi mən də qrup mərhələsində çıxış etmək istəyirəm. Lakin bilirəm ki, bu, asan olmayacaq. Bizi çətin rəqiblər gözləyir”.
Silva mövsüm ərzindəki çıxışını da dəyərləndirdi:
“Premyer Liqada ən yaxşı qapıçılardan biriyəm. Buraxdığım qol sayı buna işarədir. Üzərimdə daha çox çalışıb, uğur qazanmaq istəyirəm. Çıxışımdan tam razı qaldım”.
Karyerası barədə sual cavablandıran 28 yaşlı portuqaliyalı qapıçı “Zirə”də xoşbəxt olduğunu dilə gətirdi:
“Hazırda komanda ilə müqaviləm var. Burada xoşbəxtəm. Karyeramda daha böyük uğurlar qazanmaq istəyirəm. Lakin buna hələ zaman var”.
Məlik Məlikov