Məşhur insayder Fabrizio Romano dünən keçirilən “Tottenhem” – “Qarabağ” oyunundan sonra Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun fikirlərini paylaşıb.
Futbolpress.az xəbər verir ki, o, tıxacda qalmağın oyunlarına təsir etdiyini deyən Qurban Qurbanovun fikirlərinə yer verib və başlığı belə qeyd edib: “Qarabağ”ın baş məşqçisi Qurbanov “Tottenhem”lə oyundan əvvəlki tıxaca görə qəzəbləndi!”
Qurbanov oyunsonrası konfransda tıxacla bağlı bunları söyləyib:
“Bəlkə, fikir bildirsəm, düzgün çıxmaz. Təsəvvür edin ki, 2 saat 30 dəqiqə yolda olmuşuq. Futbolçular oturaq vəziyyətdə gəlirsə, istər-istəməz onların diqqəti pozulur. Bunu səbəb kimi gətirmək istəmirəm. Bu cür oyunlarda belə hallar olmamalıdır. Tıxacda qalmağımızın böyük təsiri oldu. Amma bunu deyərək, rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Stadiona gələndə dedilər ki, 40 dəqiqəyə oyun başlamalıdır. Heç hazırlaşa da bilmədik”.
“Qarabağ” “Tottenhem”ə 0:3 hesabıyla uduzub.