Tamaş: “Neftçi” “Qarabağ”dan sonra ikinci böyük klubdur”

“Neftçi”nin futbolçusu Mark Tamaş Konfrans Liqasında “Sumqayıt”la qarşılaşacaq Macarıstan təmsilçisi “Fehervar”ın mətbuat xidmətinə müsahibə verib.

Futbolpress.az xəbər verir ki, müdafiəçi “ağ-qaralar”dan, Azərbaycan çempionatından və “Sumqayıt”dan danışıb:

– Bakıya necə getdiniz?
– Rumıniyada oynayırdım, “Sepsi”də. Tanınmış rumın futbolçu Adrian Mutu “Neftçi”nin baş məşqçisi olmuşdu və o məni yerli çempionatdan tanıyırdı. Onun istəyi ilə “Neftçi” məni transfer etdi. Bura gəlməzdən əvvəl Azərbaycan çempionatı haqqında çox şey bilmirdim, amma “Qarabağ”ı yaxşı tanıyırdım. “Neftçi” “Qarabağ”dan sonra ikinci böyük klubdur.

– Azərbaycanda ilk mövsümünüz necə alındı?
– Birinci mövsümü ikinci olduq, lakin son ili beşinci sırada bitirdik. Bütün mövsüm xaotik idi, hesablamalarım işə yaramadı. Ümid edirəm ki, yeni mövsüm daha yaxşı olar. Mənimçün çətini isti iqlimə öyrəşmək idi. Əvvəl nəfəsim kəsilirdi, nəmliklə də mübarizə aparmalı oldum. Ancaq sonra düzəldi. Macarıstan çempionatı ilə Premyer Liqa bir-birinə bənzəyir. Mövsüm ərzində bir komanda ilə dörddəfə oynayırsınız. Legioner limiti də var. Hər görüşdə azı 4 yerli futbolçu meydana çıxmalıdır.

– “Fehervar”ın rəqibi “Sumqayıt” haqda nələri bilməliyik?
– İlk oyunu yeni stadionlarında keçirəcəklər. Orada oynamışıq. “Sumqayıt” əks-hücumlara önəm verir. Son həftələrdə hücumçularından birini satdılar. İndi kimin gələcəyi də məlum deyil. Yarımmüdafiədə sürətli oyunları var. “Fehervar” üçün çətin olacaq. İlk növbədə də hava şəraiti.

– Şansları necə dəyərləndirirsiniz?
– Düşünürəm ki, irəliləyə bilərsiniz. “Sumqayıt”ın iqlimə görə üstünlüyü var. Lakin öz meydanınızda ciddi nəticə əldə edə, aradakı keyfiyyət fərqini ortaya qoya bilərsiniz.