Taleh Məmmədov: “Peşəkar idmançı belə hallara yol verməz” (MÜSAHİBƏ)

Bir neçə gün əvvəl Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov karyerasını başa vurduğunu açıqladı. Avropa ikincisi və dünya üçüncüsü olmuş Məmmədovla söhbətləşdik.

– Karyeranızı başa vurdunuz. Çətin olmadı və bu qərara necə gəldiniz?
– Karyeramı başa vurmağım zədə ilə bağlıdır. Bərpa prosesini tez keçə bilsəydim, düşünürdüm ki, Olimpiya Oyunlarından sonra karyeramı bitirim. Amma ağır zədə aldım, sağalması gec olacaqdı. Olimpiadaya da vəsiqə verən turnirlər başa çatdı, düşdüm ki, Parisə yollana bilməyəcəm. Ona görə də bu qərarı verdim. Başa düşdüm ki, 3-4 ay artıq gözləməyin mənası yoxdur. Beləcə çətin olsa da, idmançı karyerama son verdim. İndi gənclərlə şans vermək lazımdır. İnanıram ki, onlar ölkəmizi daha yaxşı təmsil edəcək və bizi qələbələrlə sevindirəcək.

– Bundan sonra gələcək karyeranızı necə quracaqsınız?
– Məşqçi kimi karyerama davam etməyi düşünürəm. Yeni tələbələr hazırlamaq niyyətindəyəm. Yeganə Olimpiya Oyunlarının medalını qazana bilmədim ki, bunu da tələbələrimə qazandırmaq istəyirəm. Sağlam nəsil, narkomaniyadan, pis vərdişlərdən uzaq nəsil gənclər yetişdirmək fikrindəyəm. Yetər ki, Dövlətimə, Vətənimə faydam toxunsun.

– Karyeranızı başa vurmaq barədə qərarı açıqlayanda komanda yoldaşlarınız və ya məşqçilər fikrinizi dəyişdirmək üçün çalışdı?
– Əslində bəzi komanda yoldaşlarım, dostlarım karyeramı bitirməyimi istəmirdi. Lakin bunun əksini düşünənlər də var idi. Məşqçilər sağalmağımı gözlədi. Dünya çempionatından öncə ciddi zədə aldım. Federasiya rəhbərliyi, məşqçilər buna çox üzüldü. İstəyirdilər tez sağalım, amma zədə ciddi olduğundan alınmadı. Ona görə də verdiyim qərara anlayış göstərdilər.

– İlk Avropa medalı 30, dünya medalı 33 yaşında qazanıldı. Taleh Məmmədovun gənc yaşlarında uğur qazanmasına mane olan nə idi?
– Bəli, doğru qeyd edirsən, 30 yaşımda ilk Avropa “bürünc”ünü qazanmışdım. Ondan sonra dünya üçüncülüyünü və ard-arda medallar əldə etdim. Bu o deməkdir 30-33 yaşımda belə uğurlar qazanmışamsa, gənc yaşlarımda daha çox uğura sahib ola bilərdim. Bəlkə də Olimpiya Oyunlarının medalını da aktivimə yaza bilərdim. Amma əvvələr indiki məşqçi heyəti yığma komadanın başında olsa və ya o düşüncədə olan insanlar milliyə rəhbərlik etsəydilər və mənə şans versəydilər, bu gün daha çox medallar qazanardım. Qismət, bəlkə də Allahın məsləhəti bu idi. Olimpiya medalı qazana bilmədim, inşallah bunu da tələbələrim qazanar.

– Azərbaycan güləşsevərlərinin ağlında erməni idmançıların qənimi kimi qalmısınız…
– İlk Avropa medalımı erməni üzərində qələbə qazanaraq əldə etdim. Ondan sonra 44 günlük Vətən müharibəsi gedən zaman yenə erməni ilə qarşılaşdım. Emosional anlar idi. O zaman xalq məni daha çox tanıdı, sevdi. 5 xallıq məşhur fənndən istifadə edəndə həmin gün 77 şəhidimiz olmuşdu. Bir daha onların qarşısında baş əyirəm. Möhtəşəm qələbədən sonra bütün ölkə, media, həmin hadisədən danışırdı. Daha da sevindim. Sonuncu dəfə erməni üzərində qələbə qazananda Ermənistanda ağır atletika üzrə Avropa çempionatında bayrağımızı yandırmışdılar. Məhz həmin vaxtı ermənini məğlub etdim və rəqib məşqçi qarşısında bayrağımızı öpüb dedim ki, “yaşa şanslı bayraq”.

– Hraçya Poqosyanla dünya üçüncülüyü uğrunda qarşılaşma və məşhur 5 xallıq fənn. Necə xatırlayırsınız həmin anları?
– O görüşə uzun zaman keçməsinə baxmayaraq yaxın vaxtlarda təkrar baxmışam. O zaman o qədər həyacanlı, məsuliyyətli idim ki, elə bilirdim ki, ürəyim partlayacaq. Hətta iş o yerə çatdı ki, dedim “İlahi, məni öldürəcəksənsə, tez öldür”. Dözə bilmirdim. Sözlə ifadə edə bilmirəm. Bir onu xatırlayıram ki, hakim əlimi qaldırdı və məni qalib elan etdi. Görüşdən sonra yaxın dostum var, Nizami adında, ona səs göndərmişəm. Keçirdiyim hissləri ona bildirdim. Görüşün təsiri altından gec çıxdım.

– Müsahibələrinizin birinizdə demişdiniz ki, erməniyə uduzmadan, başıdik idmandan gedəcəm. Sözünüzün üzərində durdunuz…
– İdmandır, fərq etmir kimlə qarşılaşırsan. Qalib də ola bilərsən, məğlub da. Güləşdiyim rəqiblər də zəif olmayıb. Sadəcə onlara qarşı məndə kin, niftət olub. Uduzmaq istəməmişəm. Allah bu istəyimə görə bəlkə də məni utandırmayıb.

– Xalça üzərində olduqca emosional olan Taleh Məmmədov kənarda necədir?
– Döşəydə emosional davranmağıma baxmayaraq, kənarda hisslərimi cilovlayıram. Səhvə yol vermərəm. Kimləsə mübahisə etmək mənə yaddır. Sakit biriyəm. Peşəkar idmançı belə hallara yol verməz. Son nöqtəyə qədər səbr edirəm. Maraqlı bir məqamı qeyd edim, günlərin birində bir nəfər maşınımı saxladı ki, niyə belə sürürsən, yolda olan su maşının içinə vurdu. Deyirəm pəncərəni bağlayardın da, deyir səndən icazə almalıyam? Baxdım başa düşmür, dedim bağışla, üzr istəyirəm. Deyir bax belə, ağıllı ol. Day mən də heç nə demədim. Yəni belə mənasız mübahisələrə gedən insan deyiləm.

– Geridə qalan güləş karyeranızı gözünüzün qabağına gətirdikdə, Taleh Məmmədov özünü necə xarakterizə edər?
– Taleh Məmmədovu özünü işində ciddi, məsuliyyətli, tələbkar, xarakterli, istəyinə çatmaq üçün hər bir şeyi gözə alan və qurban verən biri kimi xarakterizə edərdim.

– Bəs Taleh Məmmədov Azərbaycan və dünya güləşsevərlərinin ağlında necə qaldı?
– Azərbaycan güləşsevərləri üçün ermənilərin qənimi, dünya güləş ictimayyəti üçün isə çox texnikalı biri kimi yadda qaldım. Münasibətdə olduğum şəxslər məni belə xarakterizə edirdi.

– Sonda, qarşıdan 4 illiyin ən vacib yarışı – Olimpiya Oyunları gəlir. Güləşçilərimizin şanslarını necə qiymətləndirirsiniz?
– Olimpiya Oyunlarına lisenziya qazanan idmançılara uğurlar arzu edirəm. Bu gün dünya güləşi elə həddə çatıb ki, bütün ölkələr ciddi nəticə verir. Hamısının şansı var. İnşallah, daha yaxşı çıxış edərlər. Yunan-Roma növündə 5 nəfərdən 2-si daha çox medala yaxındır.

– Kimlər?
– Adlarını çəkməyin düzgün olmaz.

Məlik Məlikov