Tahir Süleymanovla söhbət: Avro-2024-də hakimliyin səviyyəsi necədir?

Tahir Süleymanov: “Bəzi yığmalar üçün hakim lobbiçiliyi faktoru önə çıxır”

Avropa çempionatında bu gün 1/4 final mərhələsinin oyunlarına start veriləcək. Geridə qalan müddət ərzində bir neçə oyunda hakim narazılıqları ön plana çıxıb.

Azərbaycanın keçmiş FIFA referisi Tahir Süleymanov “FutbolPress“ə açıqlamasında turnirdəki hakimliklə bağlı fikirlərini bildirdi:

“Avropa çempionatında hakimliklə bağlı geniş fikir bildirmək üçün, yarışdan öncəki vəziyyətə, yaradılan şəraitə, hazırlıq mərhələsinə nəzər salınmalıdır. Hakimlik futbolun önəmli sahələrindən biridir və hər bir işdə kompleks yanaşma olmadan keyfiyyətin təmin olunması mümkünsüzdür.

Əvvəlki dönəmlərdəki kimi deyil, çempionatda yığma sayı çoxalıb, demək olar, Avropanın hər iki ölkəsindən biri final mərhələsində çıxış edir. Vaxtilə bu sayda komandalar dünya çempionatına buraxılırdılar. Qeyd olunan amil oyunların ümumi sayına təsir edir, bu da hakimlik məsuliyyətini daha da artırır”.

Keçmiş hakim turnirdəki referilərin daha çox Avropa ölkələrindən təyinat almasına toxundu:

“Avropa çempionatına 19 baş hakim cəlb edilib, onlardan da biri Argentinanı təmsil edir. 18 referidən 8-i(!) Almaniya, İngiltərə, Fransa, İtaliyanı təmsil edir. Keyfiyyət seçiminə fikir verilsə də, bu amil çempionatda neytrallığı pozur. Belə durumda istənilməsə də, bəzi yığmalar üçün hakim lobbiçiliyi faktoru, çoxluğu önə çıxır.

UEFA finallara hazırlıq mərhələsində çox böyük təşkilatı işlər görüb. Çempionatın fantastik şəraitə, təcrübəyə, ənənələrə sahib olan ölkədə – Almaniyada keçirilməsi də müsbət effekt verir”.

Turnir boyunca daha bir narazılıq obyekti VAR sistemidir. Xüsusilə, Danimarka – Almaniya oyununda danimarkalılar əlavə vaxtın azlığı, VAR – ofsayd sisteminin düzgün işləmədiyini qeyd edib. Süleymanov hakimlərlə bağlı bu məsələyə aydınlıq gətirdi:

“Yarışlarda VAR sistemi ilə bağlı texnoloji yeniliklər, təkmilləşmə özünü doğruldur. Ofsaydların yarıavtomatik texnoloji sistemlə qeydə alınması, İİ və “Adidas Connected Ball” texnoloji yeniliklərin vəhdət halında tətbiqi, tək oyundan kənar vəziyyətlərin qeydə alınması deyil, əllə oyunlarda, penaltilərdə dəqiqliyi çoxaldır, operativ qərarların verilməsinə kömək edir. Referi – VAR əlaqələrinin, sinxronluğunun nəticəsi olaraq, mübahisəli, yoxlanılması vacib olan epizodlara orta hesabla 50 saniyədən bir qədər çox vaxt sərf edilir. Bu da görüşlərdə baxımlığı qoruyur, oyunların dinamikasına, sürətinə təsir etmir, psixoloji olaraq tribunaları qıcıqlandırmır. Kömək məqsədi üçün əlavə olaraq hər stadionda 10 kamera quraşdırılıb və meydanda olan hər bir futbolçunun istənilən hərəkəti qeydə alınır. Çempionatın rəsmi topu – “Adidas Fusballliebe” vasitəsilə ofsayd, oyunçunun bədənə, ələ toxunuşları texnoloji yeniliklərlə dərhal qeydə alınır. Daha 7 kamera qapılara yerləşdirilib və “ağılı” topun qapı xəttini keçib-keçməməsi avtomatik olaraq referinin saatına xəbərdarlıq edir.

Qeyd olunanlarla bərabər, UEFA hakimlərə xüsusi tapşırıq verib, hər çıxarılan qərar, ehtiyac olarsa, komandalara, məşqçilərə izah edilməlidir. Bütün bunlar qarşılıqlı inamı artırır. Daha bir tələb, VAR sisteminin hər mübahisəli, xırda epizodlara reaksiya göstərməməsidir. Ancaq yüzfaizli əminlik olduğu halda baş hakimə xəbər ötürülə bilər. Oyunlarda da hiss olunur, referilər əvvəlki illərdə olduğu kimi özgüvənlərini, müstəqil qərar qəbul etmə qabiliyyətlərini geri qaytarmaqdadırlar. VAR-n yersiz müdaxilələri, “iclas”ları, referinin işinə müdaxilələri minimuma endirilib. Daha bir önəmli faktor, oyuna artırılmış dəqiqələrlə bağlıdır. Dünya çempionatında olduğu kimi, aşırı vaxt artırmalarına son qoyulub. Necə ki, Xorvatiya-İtaliya oyununun ikinci hissəsinə 8 dəqiqənin artırılması, niderlandlı referi Danni Makelliyə ciddi xəbərdarlıqla nəticələndi”.

Tahir bəy turnirdə tətbiq edilən yeni qaydalardan da söz açdı:

“Qrup oyunlarında bir çox müzakirələrə səbəb olan epizodlar yaşandı, mübahisələrə səbəb oldu. Əsasən də ofsaydların santimetirlərlə ölçülməsində hakimlər tənqidlərlə üzləşdi. Xüsusi qeyd edilməlidir, yeni qaydalar bunu diqtə edir və yarıavtomat VAR texnologiyası dərhal epizodlara reaksiya verir. Qaydaların uyğun olub olmaması artıq fərqli müzakirə mövzusudur. FİFA/UEFA ofsayd məsələlərində illər öncəki qaydalara qayıtmaq fikrindədir. Həqiqətən də, futbolun gözəlliyi qoldur və millimetrlərə görə qolun sayılmaması azarkeşlər arasında haqlı narazılığa səbəb olur.

UEFA çempionata nə qədər yaxşı hazırlaşsa, texnoloji inkişafın tətbiqini təkmilləşdirsə də, “Oyun qaydaları”nı tam olaraq şablona salmaq mümkün deyil. Futbolun gözəlliyi, baxımlılığı da bunu sübut edir. Çempionatın gedişində, bəzi oyunlarda insan/hakim, nüfuzlu yığmalar faktoru, təəssüf ki, özünü göstərmiş oldu..”

Həmsöhbətim sonda turnirin təşkilatçılıq məsələlərindən danışdı:

“Hiss olunur ki, yarışların gedişində bu amillər təhlil olunur və aradan qaldırılmağa çalışılır. Bu səviyyədə yarışlar üçün yüksək kateqoriyalı hakimlərin bəsit, metodiki, ani diqqətsizlik səhvləri yolverilməzdir. İspaniya-İtaliya, Türkiyə-Gürcüstan, Portuqaliya-Çexiya və digər görüşlərdə baş verən “xırda” qayda pozuntuları Avropa çempionatına yaraşmaz.

Ümumilikdə, mübahisəli qərarlar olsa da, çempionatın idarəçilik səviyyəsi son illərdəki dünya və Avropa çempionatlarında müşahidə edilən hakim səhvləri nisbətində nəzərəçarpacaq qədər yüksəkdir. 1-2 oyunu çıxmaq şərtilə, komandaların, məşqçilərin, futbolçuların bir-birilərinə olan nümunəvi davranışları, qarşılıqlı hörməti, tribunalarda azarkeşlərin mədəni münasibəti, referi -oyunçular arasında vizual müsbət dialoqlar, hakimlərin idarəçiliyinə, obyektivliyinə müsbət təsir etməklə yanaşı, referilərə olan inamı da artırır.

Çempionat finişə yaxınlaşır, hakimlərin məsuliyyəti daha da artıb. İnanaq ki, final oyunu daxil olmaqla, qarşıdakı görüşlərdə hakimlər yüksək səviyyəli idarəçilikləri ilə meydanda ədaləti qoruyacaqlar. Güclü olan qalib gəlsin!”

Şahin Cəfərov