Tahir Süleymanov: “Şamaxıda futbolun aşağılarda gəzişmək şansı yoxdur” (MÜSAHİBƏ)

FutbolPressMedianın İnkişafı Agentliyinin layihəsiFutbolpress.az MEDİA-nın onlayn media subyektlərinə dəstək layihəsi çərçivəsində uşaq və gənclərin fiziki və mənəvi inkişafı sahəsində idmanın irqçilik və narkomaniya ilə mübarizədə rolu, ölkəmizdə dərin ənənələri olan şahmat, uşaq futbolundakı mövcud durum, bədən tərbiyəsi və idmanla bağlı dövlət siyasəti barədə araşdırma yazıları təqdim etdi. Bu mövzuların davamı mütləq olacaq…Hazırda aktuallığını, eyni zamanda bu məsələnin ölkədə gənclərin idmana cəlbi, regionlarda idmanın inkişafı siyasətinə uyğunluğunu nəzərə alaraq, “Keşlə”nin ad dəyişikliyi ilə Şamaxıya köçürülməsinin bölgə futboluna, ümumən idmanına və sosial həyatına təsirləri və s. predmetlər əsasında araşdırmalarımızı da davam etdiririk. Ötən yazıda Şamaxıda futbol ənənələri, tarixini araşdırmışdıq. Bu dəfə mövzu ətrafında Azərbaycan futbolunun Şamaxıdan olan tanınmış nümayəndəsi, sabiq FIFA referisi, futbol idarəçiliyində ciddi uğurlar əldə etmiş, ilk dəfə avrokubokda qrup mərhələsində oynamış “Neftçi”də vitse-prezident postu kimi önəmli vəzifəni icra etmiş Tahir Süleymanovla söhbətləşdik… (I HİSSƏ)

“Azərbaycanda futbol xəritəsinə əsaslı şəkildə yenidən baxılmalıdır”

– “Keşlə” yaxın zamanda “Şamaxı” adı altında bu bölgəyə köçəcək. Məsələyə münasibətiniz necədir?
– Bölgələrdə nə qədər çox komanda və düzgün idarəetmə olsa, futbolun xeyrinə olar. “Keşlə”/”Şamaxı” mövzusuna keçməmişdən öncə məsələyə ümumi futbol strategiyası baxımından fikir bildirmək zərurəti yaranır. Azərbaycanda futbol xəritəsinə əsaslı şəkildə yenidən baxılmalıdır. Çox illər itirilib. Bundan sonra daha 5-10 ilin də itirilməsi faciə olar, ölkədə futbolun tam məhvinə gətirib çıxarar. Ənənəvi futbol bölgələrimiz var: Gəncə-Tovuz-Şəmkir-Qazax, Lənkəran-Masallı-İmişli-Cəlilabad, Mingəçevir-Yevlax-Bərdə, Zaqatala-Qax, Siyəzən-Quba-Qusar, Şirvan-Sabirabad-Salyan-Neftçala, Kürdəmir-Ağdaş-Göyçay və təbii ki, Bakı ilə birgə Sumqayıt, Naxçıvan. Azad edilmiş torpaqlarımızda quruculuq işləri bitəndən sonra “Qarabağ”ın Ağdama qayıdışı və Füzuli-Cəbrayıl. Digər şəhər və rayonlarımız da zaman-zaman müxtəlif liqalarda təmsil olunublar. Ən əsası, bu bölgələrin əksəriyyətindən keyfiyyətli futbolçular çıxıb. Hər şəhər və rayonumuzdan bir istedad – sonda milli komandanın bacarıqlı yerli futbolçularla formalaşması, nəticələrin qazanılması deməkdir. Şamaxıya futbolun qayıtması müsbət məqamdır. Ümumilikdə isə futbolun dirçəlməsinə kompleks yanaşılmalıdır, əks halda ciddi irəliləyişin olması mümkünsüzdür.

– Şamaxılısız və oranın futbol ənənələri sizə daha yaxşı tanışdır. Saytımızda bu mövzuda araşdırma yazısı artıq gedib, ancaq mövzu ətrafında geniş auditoriyaya bəlli olmayan hansısa qeydləriniz ola bilərmi?
– Bəli, ailəmiz Bakıya köçənə kimi uşaqlıq illərim doğma Şamaxıda keçib. Həmin zamanlar elə bir məhəllə yox idi ki, öz komandası olmasın. Oyunlara yüzlərlə azarkeş toplaşırdı, futbola maraq çox böyük idi. Əkbər Məmmədov, Şahin Qədirov və başqa yerli futbolçular öz bacarıqları ilə seçilirdilər. Tək Şamaxıda deyil, o illər Azərbaycanda futbol bumu yaşanırdı və bütün bölgələrdə uşaqların bu oyuna həvəsi daha da artmışdı. Əsas səbəb “Neftçi”nin çox güclü SSRİ çempionatında 7-8 il ardıcıl liderlər qrupunda qərarlaşması, “Dinamo” Gəncənin elitaya yüksəlməsi idi. Bir çox bölgələrimizdə olduğu kimi,  Şamaxı futbolunun ən böyük problemi şəhərdə tələblərə cavab verən stadionun olmamasıydı. Şamaxı yığması oyunlarını hərbi hissənin meydanında keçirmək məcburiyyətində qalırdı. Stadion inşa edildikdən sonra – 80-ci illərdə futbol rayonda yeni mərhələyə qədəm qoydu. “Şirvan”/”İnşaatçı” 90-cı illərin ortalarına kimi ölkə çempionatlarında daimi çıxış edirdi. Son illər Region liqasında həvəskar səviyyədə görünsələr də, Şamaxı 25 ildən artıqdır, əksər şəhər və rayonlarımız kimi böyük futbolsuz qalıb.

– Ancaq etiraf edək ki, Şamaxı daha çox güləş məktəbi ilə ön plana çıxıb…
– Güləş, eynilə mentalitetimizə uyğun digər fərdi idman növləri – Azərbaycanda damarlarda axan milli qandır! Güləş, karate, cüdo, kikboksinq, peşəkar fərdi döyüş növlərində xalqmızın dəyərli övladları dünya miqyasında liderlər sırasında sayılıb-seçilən ustalardır. Şamaxı dağları, təbiəti, təmiz havası, şəffaf bulaqları hər bir uşaq-yeniyetmənin təbii fiziki hazırlığının təminatçısıdır. Özüm də uşaqlıqda bir il güləşlə məşğul olmuşam, sonradan futbol üstün gəlib. Azərbaycanın ən güclü mütəxəssislərindən olmuş əməkdar məşqçi rəhmətlik Xankişi Hüseynov həyət qonşumuz idi. Şamaxının güləş mərkəzlərindən birinə çevrilməsində onun böyük xidmətləri olub. Yeri gəlmişkən, öz dövrünün ən məşhur döşək ustalarından olmuş Telman Xəlilov “Şirvan” komandasında futbol da oynayıb, ölkə çempionatında çıxış edib. Şamaxıda güləşə, futbola maraq hər zaman yüksək olub. Nəinki Şamaxıda, Azərbaycanda bu idman növləri tam fərqli qütblərdə dayanırlar. Futbol dili ilə desək, güləşimiz dünyanın Braziliyası, İspaniyası, Argentina, Almaniyasıdır. Bu günlərdə gənclərimiz fantastik çıxışları ilə Avropa çempionluğunu qazanaraq bunu bir daha sübut etdilər. Güləşçilərimizin sağ əli futbolumuzun başına…

– Qeyd etdiyiniz kimi, güləş və futbol fərqli qütblərdədir. Şamaxıda güləşdən futbola bir növ keçid necə baş verəcək?
– Fərqli idman növləri olsa da, tələblər bir çox komponentlərdə oxşardır. Hər iki idman növündə mübarizlik, çeviklik, dözümlük, liderlik keyfiyyətləri, qələbə ruhu, fiziki, psixoloji amil, idman növlərinə uyğun özünəməxsus texniki-taktiki hazırlıq yüksək səviyyədə olmalıdır. Futbol komanda oyunudur, meydana çıxan 11 futbolçunun ürəyi eyni anda bir məqsəd uğrunda döyünməlidir. Şamaxının təbiəti bir çox idman növünün inkişafı üçün yararlıdır. Güləşlə futbolun paralel olaraq yaşaması bir-birinə mənəvi dəstəyi ancaq ümumi işə təkan verə bilər, “Şamaxı” güləşçilərin uğurlarından ilham alar. Xüsusi qeyd edim, güləşlə yanaşı digər fərdi idman növləri də Şamaxıda populyardır və nəticələrin qazanılmasında yerli məşqçi-mütəxəssislərin böyük əməyi var. Belə idman mühitində futbolun Şamaxıda aşağılarda gəzişmək şansı yoxdur.

“Federasiya rəsmiləri hər dəfə peşəkar klub adından çıxış etməməlidir”

– “Keşlə”nin Şamaxıya köçəcəyi xeyli öncə açıqlansa da, baş tutması hər dəfə təxirə düşür. Prosesin icrası doğru aparılırmı? Qüsurlar varmı?
– Qərar verilib, istənilən halda həyata keçiriləcək. Açıqlamalar onu göstərir ki, sənədləşmə işləri yekunlaşıb. AFFA, PFL rəsmiləri lisenziyalaşdırma, təşkilati işlərlə bağlı fikirlərini bildiriblər. “Keşlə”nin Şamaxıya keçidi ilə bağlı məşqçi-futbolçuların mətbuata açıqlamaları, sonra isə gedişin ertələnməsi son günlər futbol ictimaiyyəti arasında müzakirələrə səbəb olub. Pərakəndəliyin baş verməsi açıq sezilir. Belə məsələlərdə klub rəhbərliyi önə çıxmalı, vəziyyəti izah etməli, ictimaiyyətə dolğun məlumat verilməlidir. Federasiya rəsmiləri hər dəfə peşəkar klub adından çıxış etməməlidir. Komanda hələ bölgəyə yola düşməyib və başlanğıc olaraq belə halların yaşanması doğru deyil.

– Köçün yubanması, hər dəfə təxirə düşməsi müzakirələri genişləndirib. Lakin əvvəllər xəbərlərə tez-tez reaksiya verən “Keşlə” rəhbərliyi, nümayəndələri səssizdir. Bunu yaxınlaşmaqda olan idarəçilik islahatlarının xəbərçisi kimi qəbul etmək olarmı? Və ya ola bilərmi klubun hazırkı rəhbərliyi “Şamaxı”ya çevrilmədən narazıdır və bu səbəbdən prosesə sanki etinasız yanaşır?
– Emosiyalara yol verilməməlidir. Sirr deyil ki, klublarımızın bir çoxu AFFA xətti ilə dövlət şirkətləri vasitəsi ilə maliyyələşir. Əvvəlki klublar deyil, hazırda 1-2 müstəqil, baş sponsoru olan komandalar var. Maliyyəşən klublarda rəhbərlik ən yaxşı halda futbol çərçivəsində sərbəst addım ata bilərlər. O da düzgün futbol idarəçiliyi olarsa. Burada da axsamalar varsa, xaotik durum yaranır. İcraçı rəhbərlər klubun fəaliyyəti, yerdəyişməsi, maliyyəsi ilə bağlı konkret addım ata, qərar verə bilməzlər. Bunu ancaq klublara pul ayıran təşkilatlar, şəxslər edə bilər.

– Mövcud məlumatlara görə, klub Bakıda qalacaq və oyundan-oyuna Şamaxıya gedəcək. Bu halda, şamaxılılar komandanı özlərinki hesab edəcəkmi?
– Son illər Azərbaycan futbolunda elə mühit yaradılıb ki, “Bakı çempionatı”nda oynamaq bir çoxuna sərfəlidir. Abşeron çərçivəsində, əksər hallarda boş tribunalar qarşısında “səfər” oyunları futbolu yuxuya verib. Təbii, belə olacağı halda Şamaxı azarkeşləri komandanı qəbul etməz və tədricən tribunalar boşalar.  Şamaxıda dünənə kimi şəhərə aidiyyatı olmayan komanda doğmalaşmalıdır. Bakıda yaşayıb, məşq edib oyundan-oyuna səfərə çıxmaqla şamaxılıların komandanı özlərinki kimi qəbul etmələri çətin olar. Məntiq yoxdur, komanda paytaxtda qalacaqsa, bu artıq bölgə futbolu deyil. Belə yanaşma ilə klub “Keşlə” adıyla çıxışını davam etdirsə, daha doğru olar. Şamaxıda müasir otellər, imkanlar, şərait yetərincədir. (Davamı burada)

Faiq Tahirov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.