AFFA İcraiyyə Komitəsinin son iclasından sonra Premyer Liqada idman prinsipləri qorundu. Çempionatın sonuncusu elitanı tərk edəcək, aşağıdan bir komanda liqaya yüksələcək. Gündəmdəki digər məsələ – legioner limiti isə artırılmadı, eyni – “7+4” olaraq qaldı.
Keçmiş FIFA referisi, “Neftçi”nin sabiq vitse-prezidenti, hazırda Bakı Futbol Federasiyası İctimai Birliyinin rəhbəri Tahir Süleymanovla İK iclası və gündəmə dair digər məsələlərlə bağlı söhbətləşdik:
“Strateji olaraq 5-6 məsələnin üzərində dayanılıb”
– AFFA İcraiyyə Komitəsinin son iclasında verilən qərarlara şərhinizi bilmək istərdik.
– Yeni AFFA rəhbərliyi artıq iki aya yaxındır fəaliyyətdədir. Konfransdan öncə strategiyanın açıqlanmaması, daha doğrusu, olmaması suallar yaradırdı. Belə durumda seçkilərdən dərhal sonra illərdi qalaq-qalaq yığılmış problemlərə yanaşmada operativliyin göstərilməsi daha məqsədəuyğun olardı. Hiss olunur ki, pərakəndəlik, təcrübəsizlik özünü göstərir. İcraiyyə Komitəsinin ilk toplantısının saatlar alması da bunun göstəricisidir. Strateji xəttin müəyyənləşdirilməsində tələsməməklə yanaşı, gecikmək də olmaz!
– Fikirlər var ki, “Qəbələ”ni infrastrukturuna görə PL-də saxlamaq lazım idi. Ancaq idman prinsiplərinin qorunması əsas tutuldu. Bu məsələdə mövqeyiniz nədir?
– Futbol ictimaiyyəti arasında bu məsələyə fərqli münasibətlər var. Əleyhdarlar, tərəfdarlar yetərincədir. Ümumiyyətlə, format dəyişilməyəcəkdisə, güzəşt edilməyəcəkdisə, çempionatın bəlli reqlamenti var, qüvvədə olan mövcud qanunu bu şəkildə yenidən müzakirəyə çıxarmağa ehtiyac yox idi. Nə “Qəbələ”nin bununla bağlı AFFA/PFL-də rəsmi müraciəti olmuşdu, nə də qəbələlilər son pillədə qalacaqlarına baxmayaraq, çempionat yekunlaşmamışdı. Bu tipli məsələlərə, ehtiyac olduğu halda, İcraiyyə Komitəsinin ikinci, sonrakı toplantılarında baxılması daha doğru olardı. Sadəcə, futbol ictimaiyyəti, azarkeşlər arasında emosional müzakirələr yeni tərkibli komitəyə öz təsirini göstərmiş oldu və məsələyə münasibət bildirildi. İdman prinsipləri ilə birgə, daha vacib olan, milyonlar hesabına başa gəlmiş “Qəbələ” futbol klubunun infrastrukturunun qorunub saxlanılması yolunda xüsusi proqramın hazırlanıb təsdiq olunmasıdır. Daha yaxşı olar ki, yardım, ianə düşüncəsindənsə, ideal bölgə şəraitindən ümumi uşaq-gənclər futbolu, milli yığmaların təlim-məşq toplanışları, rəsmi və beynəlxalq turnirlərin, yoxlama oyunlarının, futbola dair müxtəlif seminarların Qəbələdə keçirilməsi, federasiya-klub arasında plan üzrə mövsümlük müqavilələrin bağlanılması, buna uyğun vəsaitin ödənilməsi hərtərəfli daha səmərəli olar. Belə olacağı təqdirdə, “Qəbələ” tez bir zamanda elitada öz yerini bərpa edər, əziyyətlə yaradılmış infrastruktur qorunar.
– İclas 4 saat çəksə də, uşaq futbolu, milli komandanın baş məşqçisi məsələləri müzakirəyə çıxmadı. Bunu necə şərh edərdiniz?
– Strateji olaraq 5-6 məsələnin üzərində dayanılıb. Təbii, millinin baş məşqçisi amili əhəmiyyətlidir, daha vacibi isə ümumi futbolda bütün sahələr üzrə kompleks tədbirlərin görülməsi, işlək mexanizmin, sistemin yaradılması və tədricən inkişafa nail olunmasıdır.
“Azərbaycanda hər klubun öz stadionu olmalıdır” anlayışı yanlışdır”
– Premyer Liqa klublarından “Araz-Naxçıvan”, “Kəpəz” doğma arenasında oynaya bilmir. Lakin komanda sayının artırılmamasına da aşağı liqadakıların infrastrukturunun yaxşı olmaması əsas gətirildi. İndiki məqamda qərarlar doğrudurmu?
– Stadion, infrastruktur problemlərinə həssas və ən önəmlisi doğru yanaşılmalıdır. Sirr deyil, əksər klublar dövlətdən ayrılan dotasiya hesabına yaşayır və onların heç birinin nəinki stadion, minimal tələblərə cavab verən akademiyaların, məşq bazalarının inşasına gücləri yetməz. Son illərdə klublara ödənilən vəsait hesabına çempionatda nisbi sabitlik yaranıb və “bank təminatı” anlayışı aradan götürülüb. Bu sabitliyi yaradan, qarant rolunu oynayan dövlətin özüdür, göstərdiyi qayğıdır. Hətta imkanlı sponsorlar belə klubların daimi fəaliyyət göstərməsinə təminat verə bilməz. Necə ki, yaxın keçmişdə Azərbaycan futbolu bunun şahidi olub və hazırkı durumun yaranmasında klublarda vəsaitin səmərəli xərclənməməsi ilə yanaşı, AFFA-nın bərbad fəaliyyəti öz mənfi rolunu oynayıb. Qeyd olunanlar köklü şəkildə aradan qaldırılmalıdır. Stadionlar əsasən şəhər, rayon, nazirlik, müxtəlif qurumların balansındadır. Ölkə futbolunda stadion/infrastrukturun yaradılması, müasir dünya standartlarına gətirilməsi tək AFFA-dan asılı məsələ deyil, bunun üçün bütün strukturlar prosesə cəlb edilməlidir. Sumqayıtda stadion yeniləndi, şəhərin komandası qarşılıqlı razılıq əsasında orada çıxış edir. Gəncədə akademiya federasiya hesabına ərsəyə gətirildi, stadionun inşasını dövlət öz üzərinə götürdü. Yerli şərtlərə uyğun, bu yanaşma davam etdirilməlidir. Ancaq birgə və planlı işbirliyi sayəsində ölkə futbol infrastrukturu lazımı səviyyəyə gətirilə bilər. Danimarka kimi inkişaf etmiş ölkədə “Kopenhagen”in öz stadionu var, qalanları dövlətə məxsusdur və güzəştli şərtlərlə klublara icarəyə verilir. İtaliyada iki nəhəng klub, “İnter”lə “Milan” eyni stadiondan istifadə edirlər. “Azərbaycanda hər klubun öz stadionu olmalıdır” anlayışı yanlışdır və hazırkı maddi imkanlarla mümkünsüzdür. Vəziyyətdən çıxış yolları ancaq AFFA, klub, müvafiq dövlət və yerli qurumların birgə fəaliyyətindən asılıdır. Bunun üçün ilk növbədə futbolun yol xəritəsi hazırlanmalı, şəhər və rayonlarımızda stadion/futbol arenalarının hazırkı vəziyyəti yoxlanılmalı, kateqoriyalara bölünməli, ardıcıllıqla bərpa prosesinə başlanılmalıdır. Yaxın keçmişdə inşa edilmiş Lənkəran, Zaqatala, Yevlax, İmişli stadionları keçmiş görkəminə gətirilməli, perspektiv planda futbol bölgələrimiz – Naxçıvan, Mingəçevir, Qazax, Şirvan, Masallı, Quba, Qusar, Bərdə və digər şəhər və rayonlarımızda stadionların inşası/bərpası/yenilənməsi ilə bağlı xüsusi proqram qəbul edilməlidir. AFFA İcraiyyə Komitəsi strateji/ perspektiv qərarla 2028-30-cu illərdə müasir akademiyası olmayan klubların Premyer Liqaya buraxılışını qadağan etməlidir. Dövlətin hazırda klublara ayırdığı vəsaitlə mənasız, keyfiyyətsiz legionerlərə xərclənən pullarla hər il 300-500 min yatırım etməklə, 4-5 ilə ayrı-ayrılıqda klub akademiyalarını təhvil vermək olar. Eynilə, 2026-cı ildən fors-major hallarını çıxmaq şərtilə, öz şəhər/rayonunda çıxış etməyən komanda elitaya buraxılmamalıdır. Ancaq bu şəkildə – obyektiv, qəti qərarlarla Azərbaycan futbolu “Abşeron çempionatı”ndan tam xilas oluna bilər. Tələblər liqalara uyğun digər klublara da şamil edilməli, bütün bölgələrimizi əhatə etməlidir. Gələcəkdə komanda sayının artırılması üçün indidən əməli addımlar atılmalıdır.
– Bakı Futbol Federasiyası olaraq, yeni AFFA rəhbərliyi ilə görüşünüz olubmu və ya planda varmı?
– Görüşlərimiz, fikir mübadilələrimiz olur. AFFA-da illərdi monopoliyanın yaradılması sayəsində birbaşa və dolayı üzvlərin böyük əksəriyyəti süni şəkildə “ofsayda” salınıb. Şəxsi məqsədlər üçün dəfələrlə nizamnamə dəyişiklərinə gedilib, AFFA tərəfindən üzv qurumlara laqeyd yanaşılıb, ölkə futbol strukturuna ancaq “boz bina” çərçivəsində baxılıb. Futbolumuzun tənəzzülə uğramasında əsas səbəblərdən biri də belə yanaşma olub. Bunlar yeni federasiya rəhbərliyi tərəfindən tez bir zamanda aradan qaldırılmalı, bütün üzvlər vahid mexanizm olaraq bir-birini tamamlamalıdır.
– Ümumiyyətlə, qurumun yeni rəhbərliyindən gözləntiləriniz nədir?
– Qeyd etdiyim kimi, təəssüf ki, illər itirilib və yeni AFFA rəhbərliyini çətin, məsuliyyətli işlər gözləyir. Gec də olsa, federasiya tərəfindən yeni strategiyanın hazırlanması qərarının verilməsi də, illərdi cəmiyyət arasında formalaşan, azarkeşlərin haqlı narazılığını özündə əks etdirən, jurnalistlərin, az sayda futbol adamlarının davamlı olaraq qabartdıqları fikirlərin, təhlillərin təsdiqidir. Əks halda yeni strategiyaya nə ehtiyac olardı?! Bundan sonra işlər zərgər dəqiqliyi ilə görülməli, dünənin səhvləri təkrar edilməməlidir. Yeni heyətdə intellektual səviyyəsi yüksək olan şəxslər var. Önəmli olan bu keyfiyyətlərin futbolla, futbol adamları ilə vəhdətinin təşkili, təmin edilməsidir.
– Premyer Liqada mövsüm başa çatır, “Qarabağ” yenə asan çempion oldu deyə bilərik. Rəqabətsizliyi necə aradan qaldırmaq olar?
– Futbolda bacarıqlı, iddialı, qalib ruhlu, bəhanələrdən uzaq olan, minimumdan maksimumu əldə edə bilən insanların olması çempionatda təbii olaraq rəqabəti, səviyyəni, azarkeşlərin futbola, öz komandalarına inamını artırır. Peşəkarlar, məsuliyyətini dərk edənlər məşqçi, futbolçu, ümumən, klublarda kollektiv seçiminə də bu tələbkarlıqla yanaşır. Belə olduqda nəticə, prinsipiallıq, güclü rəqabət öz yerini alır.
“Neftçi”də heç vaxt iddialar süni şəkildə aşağı salına bilməz!”
– Sabiq klubunuz “Neftçi”də demək olar, xaos var. Hələ prezident bəlli deyil, nəticələr qənaətbəxş deyil. Mövsüm bitir və avrokuboklar mövsümünə az qalır. Qısa müddətdə hansı dəyişiklər vacibdir?
– Azərbaycan futbolunda “Neftçi”nin əvəzolunmaz yeri var. Klub buna uyğun fəaliyyət göstərməli, nəticələr qazanmalı, azarkeşlərini sevindirməlidir. “Neftçi”də heç vaxt iddialar süni şəkildə aşağı salına bilməz! Hər zaman finişə turlar qalmış çempionluqlarını təmin edən, kuboklarını qazanan tarixi klub, hazırda avrokubok zonasına düşmək üçün taleyini son tura saxlayıb, bu, yolverilməzdir. Təəssüf ki, belə durum uzun illərdir davam edir. Buna nəhayət ki, son qoyulmalı, günahkarlar kənarda yox, daxildə axtarılmalı, komanda lider mövqeyini geri qaytarmalıdır.
– “Şamaxı”nın yenidən Premyer Liqaya qayıdacağı gözlənilir. Hazırkı vəziyyətdə heyət baxımından çox aşağıdırlar. Böyük ehtimalla, yaxşı büdcələri də olmayacaq. Ümumiyyətlə, klubların şəraitinin yaxşılaşdırılması üçün hansı addımlar atılmalıdır? Həm klub, həm AFFA tərəfindən?
– “Şamaxı” Premyer Liqaya geridönüşünü təmin etdi. Bu mövsüm ərzində dəfələrlə adını dəyişmiş, köç etmiş komanda ruhən daha da şamaxılaşdı. Premyer Liqa klublarına bəlli dotasiya ödənilir, bildiyim qədərilə rayon rəhbərliyi də komandaya biganə deyil. Ayrılan vəsaitdən səmərəli istifadə edilərsə, “Şamaxı” ötənilki aqibətini yenidən yaşamaz. Ümumən isə, Azərbaycanda futbol daha çox sosial layihə üzərində qurulub. Dövlət qayğısı ilə sponsorların cəlb edilməsi paralel addımlamalıdır. AFFA inamı özünə qaytara bilsə, yeni layihələr ortaya qoyulsa, azarkeşlər tribunalara axışar, imkanlı şəxslər futbola yatırımlar edər.
“Top çiləyənlər” onu da çox gördülər, qarşısını aldılar”
– Akademiyalarda canlanma var. Bəzi klublar aşağı yaş qruplarını beynəlxalq turnirlərə yollayırlar. Bunların fonunda gələcək üçün nəyəsə ümid etmək olarmı?
– Futbol bütün sahələr üzrə sistemli hala salınmalı, uşaq futbolundan tutmuş son mərhələyə kimi konveyer kimi çalışmalıdır. Ancaq kompleks halda işlərin görülməsi ilə futbolun dirçəlməsi təmin edilə, sabaha ümid yarana bilər.
– Bakı Futbol Federasiyasında hansı planlar var, görüləcək hansı işlər nəzərinizdədir? Uşaq futbolu ilə bağllı hansısa layihələr oalcaqmı?
– İstənilən sahədə keyfiyyətin təmin olunması üçün maddi-texniki bazanın yaradılması mütləqdir. Ölkə futbolunda mövcud şəraitə uyğun AFFA xətti ilə klublara göstərilən diqqət üzv qurumlara da şamil edilməlidir. Klublar ölkə futbolunun özəyidirsə, bölgə və sahə federasiyalar kütləvi və uşaq futbolunun təməlidir. Ancaq 5-10 klub, onların da bəziləri süni yaradılmışlar, Azərbaycan futbolunun tam yükünü daşıya, inkişafı təmin edə bilməz. Bölgələrdə futbolun dirçəlməsi klublarla birgə regionları təmsil edən federasiyalardan və onlara yaradılan şəraitdən qaynaqlanmalı, akademiyaları istedadlarla, bacarıqlı futbolçularla qidalandırmalıdır. Uşaq futbolunda ən uğurlu layihə olan, vaxtilə UEFA tərəfindən xüsusi diplomla təltif edilən “Sabahın ulduzları” yarışlarının tək paytaxtda deyil, bütün ölkə üzrə yayılmasının təmin olunması yönündə AFFA rəhbərliyi ilə danışıqlarım olub və ideya müsbət qarşılanıb. Az-çox üzdə olan, özlərini göstərməyi bacaran Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Emil Balayev, Mahir Emreli, Məqsəd İsayev, Coşqun Diniyev, Rövlan Muradov, Musa Qurbanlı və digər onlarla futbolçular klublarla, cəmiyyətlərlə, uşaq məşqçiləri ilə birgə ümumi fəaliyyətin bəhrəsi olaraq üzə çıxıb, davamı olaraq müxtəlif klublara cəlb edilib, püxtələşiblər. Tək futbolçular deyil, Hakimlər Komitəsi ilə sıx işbirliyi sayəsində Əliyar Ağayev kimi referilər də yetişirdi və yarışlar bir yarmarkaya çevrilmişdi. Azərbaycanda uşaq futbolunu sistemli hala salmaq üçün xaricdə yeni-yeni lippertlərin axtarışına çıxılmamalı, yerli futbol mühitini bilməyən əcnəbilərə bel bağlanılmamalıdır. Xarici mütəxəssislər ancaq ehtiyac olan sahələr üzrə cəlb edilməlidir. “Sabahın ulduzları” çox böyük həcmli layihədir və zamanında AFFA-dan heç bir yardım almadan maksimum 10-15% həcmdə fəaliyyət göstərmək imkanı olub. “Top çiləyənlər” onu da çox gördülər, qarşısını aldılar. Yeni AFFA rəhbərliyi layihəyə isti yanaşır və şərait yaradılacağı halda, yaxın illərdə ölkədə keyfiyyətli futbolçu, hakim, uşaq məşqçiləri qıtlığına birdəfəlik son qoyular.
Şahin Cəfərov