Tahir Gözəl avrokuboklarda mərhələ adlayan komandaları təbrik etdi

“Qarabağ”ın prezidenti Tahir Gözel Avropa miqyaslı turnirlərə uğurlu start münasibətilə Azərabycan komandalarını təbrik edib.
Futbolpress.az xəbər verir ki, o, təmsilçilərimizə növbəti mərhələdə uğurlar arzulayıb:
“Azərbaycan klublarının yeni start götürən Avrokubok mövsümündə göstərdiyi performans futbol ictimaiyyəti olaraq hamımızı sevindirir. Komandam “Qarabağ”ın Çempionlar Liqasına inamlı başlaması, rəqibini iki oyunun nəticəsinə görə böyük hesabla məğlub etməsi, “Zirə” və “Sabah” klublarının UEFA Avropa Konfrans Liqasında növbəti mərhələyə adlaması bizə böyük qürur və gələcək oyunlar üçün ümid verir. Avropa arenasında qazanılan hər bir qələbə, keçilən hər bir mərhələ Azərbaycan futbolu adına irəliyə doğru atılmış bir addımdır. Bu həm Avropada klub reytinqimizin yüksəlməsinə, həm də Azərbaycan klublarının tanınmasına və inkişafına birbaşa təsir edir.
Bu uğurların arxasında duran klub rəhbərliklərini, məşqçilərimizi, futbolçularımızı, klub əməkdaşlarımızı və azarkeşlərimizi ürəkdən təbrik edirəm, növbəti mərhələdə “Qarabağ”la yanaşı, “Zirə” və “Sabah”a uğurlar arzulayıram. Azərbaycan futbolsevərlərini klublarımızın yanında olmağa və onları dəstəkləməyə çağırıram.”