Təxirə salınmış oyunda son dəqiqənin hökmü

“Qarabağ” Azərbaycan Premyer Liqasında III turdan təxirə salınmış oyunda “Şamaxı”nı məğlub edib – 1:0. Yeganə qolu oyunun sonuncu dəqiqəsində Musa Qurbanlı vurub.

Matçdan öncə “Qarabağ”dan rahat qələbə gözlənilirdi. “Şamaxı”nın son turlardakı enişi və heyətdəki problemlər “atlılar”ın üç xalı asanlıqla əldə edəcəyini proqnoz etməyə imkan verirdi. Lakin matç gözlənildiyi kimi keçmədi. “Şamaxı” liderə ciddi müqavimət göstərdi. “Qarabağ”ın rahat qələbəsi bir yana, məğlubiyyət də ola bilərdi. “Şirlər”in dirəkdən qayıdan topu, ofsayd səbəbiylə qeydə alınmayan qolu oldu. Ayxan Abbasovun yetirmələri güclü rəqibinə layiqli müqavimət göstərə bildi. “Şamaxı” üçün “Qarabağ”la matçda qazanılacaq bir xal da qələbəyə bərabər olardı.

Son dəqiqədə vurulan qolla aktivinə üç xal yazdıran “Qarabağ” qış fasiləsinə lider kimi daxil olmağı təmin etdi. İlin son oyunu ikinci pillədəki “Araz-Naxçıvan”a qarşı olacaq. Komandalar arasındakı fərq artıq 5-ə çatıb. Qələbə “atlılar”ın böyük fərqlə qış çempionluğunu gətirəcək.

“Şamaxı” məğlub olmasına baxmayaraq, mövsümün qalan hissəsi üçün ümid verdi. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv üçün nəticə qaneedici olmasa da, oyun baxımından irəliləyiş hiss olundu. Elitada qalmaq mübarizəsi aparan bölgə təmsilçisinin bəzi mövqeləri gücləndirməyə ehtiyacı var. Xüsusilə, müdafiədəki boşluqlar və hücumun mərkəzindəki bitiricilik problemi həll edilməzsə, Premyer Liqada qalmaq çətinləşəcək.

Şahin Cəfərov