Azərbaycan millisi yoldaşlıq oyununda Albaniyaya uduzdu – 1:3.
Arif Əsədovun rəhbərlik etdiyi kollektivin ikinci hissəsini daha yaxşı oynadığı matçda gücü yalnız təsəlli qoluna çatdı. Oyuna bir saat qalmış start heyətlər açıqlananda üç mərkəz müdafiəçisinin heyətdə olması Əsədovun “arxaya” daha çox diqqət yetirəcəyindən xəbər verirdi. Buna baxmayaraq, albanlar 11-ci dəqiqədə müdafiədəki səhvdən sonra sürətli hücumla hesabı açmağa nail oldu. Milli ilk hissədə demək olar, ciddi epizodla yadda qalmadı. Hücum xəttində yer alan Ramil Şeydayev və Mahir Emreli aktivlik göstərə bilmədi. Ara-sıra Toral Bayramov və Elvin Cəfərquliyevlə cinahlardan hücuma çıxan komanda bütün cəhdlərində uğursuz oldu.
Fasilədən sonra hücum üstünlüyü millidə olsa da, kifayət qədər şanslar boşa verildi. Xüsusilə, Mahir Emreli istəkli görünsə də, fərqlənməyi bacarmadı. Sonradan oyuna daxil olan Qismət Alıyev, Emil Mustafayev, Vüsal İsgəndərli hücumda aktivliyi artırmağı bacardı. Hazırda daha formada olan sağ cinah müdafiəçisi Qismətin əvəzinə startda meydana çıxan Rahil bu mövqedə düzgün seçim olmadığını göstərdi. Albaniya ilə oyun qələbə qazanmağın mümkünlüyünü ortaya çıxardı. Lakin hücumdakı passivlik, forvardların formasından uzaq olması yekunun belə sonlanmasına səbəb oldu.
Albaniya ilə görüşdə önə çıxan məqamlardan biri də müdafiədəki boşluqlar, hücuma çıxan zaman ləngimələr, sürətin yoxluğu idi.
Bir məqama qayıdaq… İlk hissədə rəqibdən topu “oğurlayan” Aleksey sürətli irəli çıxsa da, nə Mahir, nə Ramil mərkəzə qaçdı. Elə bu epizodun ardınca sürətli hücuma çıxan albanlar isə təhlükə yarada bildi. Ümumiyyətlə, millidə əsas problemlərdən biri hücuma sürətli çıxa bilməməkdi. Son zərbələrdəki uğursuzluğu da əlavə etsək, millinin irəli xəttdə ciddi çatışmazlıqlarının olduğunu demək olar. Onu da qeyd edək ki, hücumçuların bu mövsüm komandalarında vurduğu qolların sayı heç 10-u keçmir. Formasından uzaq forvardlardan artığını gözləmək də, bəlkə, çox olardı…
Əsədovlu milli ilk sınaqdan məyus ayrıldı. Məğlubiyyətin səbəbi çoxdur. Heyətin düzgün qurulmaması, hücumdakı çatışmazlıqlar, müdafiədəki səhvlər və s. Növbəti sınaq isə Qazaxıstana qarşı olacaq. Görüş iyunun 11-də baş tutacaq.
Şahin Cəfərov