Güləş məşqçilərinin Ümumrespublika seminarı davam edir. Seminarın növbəti mərhələsi bu gün Tərtər şəhərində keçirilib.
Futbolpress.az xəbər verir ki, tədbirdə Tərtər, Şuşa, Xankəndi, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Xocalı və Xocavənd rayonunu əhatə edən region məşqçiləri iştirak edib. Seminarın nəzəri hissəsi Gənclər Mərkəzində keçirilib. Qarabağ Regional Gənclər və İdman İdarəsinin idman şöbəsinin müdiri Şəhram Quliyev bu seminarın təşkilinə görə Azərbaycan Güləş Federasiyasına (AGF) təşəkkürünü bildirib. Tədbirdə bu regionda güləşlə bağlı mövcud problemlər və çatışmazlıqlar dilə gətirilib. AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev yarış qaydalarından danışıb və gələcəkdə bu regionda güləşi daha da canlandırmaq üçün yerli yarışların keçirilməsinin məqsədəuyğun olduğunu qeyd edib. Sərbəst güləş üzrə U-20 millinin məşqçisi Nazim Əlicanov və yunan-Roma güləşi üzrə U-17 millinin məşqçisi Nazim Əhmədov həmkarlarıyla təcrübələrini bölüşüb. I-S kateqoriyalı referi Sədi Quliyev video görüntülərlə müxtəlif görüşlərdə həyata keçirilən fəndlərin xalla qiymətləndirilməsini izah edib.
Qeyd edək ki, güləş məşqçilərinin Ümumrespublika seminarının növbəti mərhələsi dekabrın 3-də Lənkəran şəhərində keçiriləcək.