Tərlan Əhmədovun etikasızlığı

“Neftçi” – “Qarabağ” matçından öncə “CBC Sport”un oyun prevyusuna çıxan Tərlan Əhmədov naşı davranışı ilə diqqət çəkib.

Ona “Neftçi”nin çətinlikdən çıxarılması haqda ünvanlanan suala cavabında deyib ki, 2017-ci ildə gəlib komandanı çətinlikdən çıxardığım kimi, indi də etimad göstərilsə…

Məlum məsələdir ki, özünü öyüb, tam yazmağa gərək görmədim. Çünki etikasızlıq, hörmətsizlik hövsələmi daraltdı.

Bu, Əhmədovda ilk belə hal deyil. Bir ara lap adiləşdirmişdi – harda məşqçi istefası olurdu, orda daha uğurlu nəticə qazana biləcəyi barədə açıqlama verirdi.

PRO kateqoriyalı məşqçinin primitiv etik qaydaları bilməməsi? Yoxsa bilib, əməl etməməsi?

Əvvəla, Əhmədovun “Neftçi”ni xilas etməsi, böhrandan çıxarması kimi bir şeyin olduğunu düşünən çox deyil. 8-ci yerdən 3-4-cü yerlərə yüksəlmək “Neftçi” üçün yox, ortabablar üçün qeyri-adi bir şey sayıla bilər.

Bəli, Əhmədov təcrübəli mütəxəssisdir, “Neftçi”nin xaosdan qurtulub normal futbol oynamasına səbəb olmuşdu. Ancaq bunlar ekstra hal kimi təqdim olunmasa, daha yaxşı olar, xüsusən, özü tərəfindən.

Güman edək, Əhmədovun sosial şəbəkələrdəki dəstək qrupu da nəzərə alar, gələcəkdə çox da havaya girməzlər…

Kamil Əhməd