“Kəpəz” Premyer Liqanın XXXIII turunda “Sumqayıt”la heç-heçə edib. 1:1 hesabıyla başa çatan görüşdə gəncəlilərə xal qazandıran yeganə qolun müəllifi Elçin Əlicanov olub.
Əlicanov “FutbolPress“ə açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:
“Sumqayıt”la oyun çox maraqlı keçdi. Əvvəldən gərgin və ağır olacağını bilirdik. Çünki rəqibə vacib üç xal lazım idi və avrokuboklar üçün mübarizə aparırdılar. Komandaya bir xal qazandırdığım üçün şadam. Gözəl hisslər idi, sözlə ifadə etmək olmur”.
Müdafiəçi oyunun sonlarının gərgin keçməsinin səbəbini də söylədi:
“Qoldan əvvəl onların oyunçularının biri zədələnmişdi, biz də feyr-pley nümunəsi olaraq topu kənara vurmaq istədik, ancaq onlar oyunu saxlamadı və əks-hücumda qol vurdular. Bundan sonra gərginlik artdı. Tək “Sumqayıt”a yox, bütün komandalara qarşı eyni istəklə meydana çıxırıq. Hədəfimiz bacardığımız qədər xal yığmaq, yüksək pillədə qərarlaşmaqdır”.
Əlicanov sonda elitada qalmaqlarının səbəbkarlarını açıqladı:
“Elitada qalmağımıza səbəb komanda şəklində birləşməyimiz, rəhbərliyin, məşqçilərin, azarkeşlərin dəstəyi, bizə inanmaları oldu. Bunu onlara borcluyuq”.
Şahin Cəfərov