“Tək Azərbaycan çempionatı ilə heç bir uşaq inkişaf etməz”

“Sabah”ın U-15 komandası Türkiyənin Antalya şəhərində keçirilən “Junior Worl Cup” beynəlxalq turnirində iştirak edib. “Futuristlər” qrup mərhələsində Almaniya çempionu “Herta”ya (Berlin, 0:6) məğlub olub, Türkiyənin “Başakşehir Kartal” (2:0) və Rusiyanın “Kosmos Moskva” (6:1) komandalarına qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

1/4 finalda Almaniyanın “Speyer 09” komandasına qalib gələn (1:0) “Sabah” yarımfinala adlayıb. U-15 bu mərhələdə Argentina çempionu “River Pleyt”ə uduzub (1:3). Elvin Həsənovun baş məşqçisi olduğu komanda 3-cü yer uğrunda matçda CAR-ın “Kuoh Foundation Academy” komandasına məğlub olub (0:1). Azərbaycan təmsilçisi yekunda 16 komanda arasında 4-cü pilləni tutub.

“Sabah”ın U-15 komandasının baş məşqçisi Elvin Həsənovla beynəlxalq turnir haqda söhbətləşdik:

“16 komanda arasında 4-cü yerə çıxdıq. Qrupumuzda Almaniya çempionu “Herta”, Türkiyənin “Başakşəhər” və Rusiyanın “Kosmos” klubu ilə mübarizə apardıq. Turnirin ilk günündə uyğunlaşma ilə bağlı problemlər yaşadıq və “Herta”ya böyük hesabla uduzduq. Rəqib bütün oyunlarını ot örtükdə keçirir, ancaq bizdə belə deyil. Buna görə problemlər yaşadıq. Növbəti oyunlarda isə türkləri və rusları məğlub etməyi bacardıq. Sonra 1/4 və yarımfinal oyunlarında yaxşı nəticə qazandıq. Final yolunda rəqibimiz Argentinaın “River Pleyt” komandası idi. Onlar bu yerə rəqiblərini əzə-əzə gəlmişdi. Mübarizə aparsaq da, kifayət etmədi. 3-cü yer uğrunda görüşdə CAR təmsilçisinə məğlub olduq. Ümumiyyətlə, çıxışımızı qənaətbəxş saymaq olur. Ölkə çempionları ilə maraqlı mübarizənin şahidi olduq”.

Mütəxəssis komandanın nəticəsinin yaxşı olduğunu bildirdi. O, Azərbaycanda uşaq futbolunun inkişafda olduğunu da dilə gətirdi:

“Bilin ki, Azərbaycanda futbol və uşaqlar var. 3 gündə 6 komanda ilə oynadıq. Rəqiblərimizə baxın, Argentina, Almaniya, Türkiyə, Afrika komandaları. 16 komanda arasında 4-cü olmaq da nəticədir. Bura gələndə açığı, düşünürdüm ki, gedib oynayacağıq və azından təcrübə qazanacağıq. Amma yaxşı nəticə əldə etdik. Bu turnir göstərdi ki, Azərbaycanda uşaq futbolu var. Orada bizi çox zəif gözləyirdilər, amma onları təəccübləndirdik. Hər kəs əl-ələ verib, iş görməlidir. “Sabah”ın təşkilatçılığı ilə səfərə yollandıq, ölkəmizi təmsil etdik. Hər kəsə təşəkkür edirəm. Bizə etimad göstərənlər sağ olsunlar. Belə turnirlər daha çox olmalı, uşaqlar xaricə çıxmalı, qalib ruhunu göstərməlidir”.

Həsənov beynəlxalq turnirin uşaqların inkişafındakı faydalarından söz açdı:

“Uşaqlar üçün belə turnirlər böyük təcrübədir. İl ərzində 25-30 oyun keçiririk. Bunların 25 faizində nəsə ciddi təzyiq görərik, ya yox. Amma Türkiyədə 3 oyunda daha çox təzyiq görə bildik. Azərbaycanda dominant, hücumda oynayan komandayıqsa, turnirdə “ikinci” kimi çıxış etdik. Orada 15 yaşlı uşaqlar elə keçidlər edir ki, biz onu əvvəl görə bilməmişik. Bu turnirlər uşaqların gələcəkdə klubları və milli komandalar üçün faydalı olacaq. Bu uşaqları itirə bilmərik, böyük təcrübə qazandılar. Uşaqlar 3 oyunda o qədər qaçıb, iş gördülər ki, heç Azərbaycanda bu qədər yüklənmirdilər”.

“Sabah”ın məşqçisi ölkə xaricində yarışların daha çox olmasının uşaqlarla yanaşı, mütəxəssislər üçün də yaxşı olduğunu qeyd etdi. O, uşaqların inkişafı üçün belə turnirlərin vacibliyini bildirdi:

“Məşqçi kimi beynəlxalq turnirlərdə çox olmuşam. 15 ildir, məşqçiyəm. Lakin ilk dəfə idi ki, “Böyük Beşlik” komandaları ilə qarşılaşdıq. Mən də müəyyən təcrübə qazandım. Gördüm ki, nələri fərqli necə etmək olar. Tək Azərbaycan çempionatı ilə heç bir uşaq inkişaf etməz. Heç kim məni pis başa düşməsin. Uşaqlar və məşqçilər xarici turnirlərdə iştirak edib, müəyyən təcrübə qazanmalıdırlar”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.