Sxadadze: “Harda işləyiriksə, iddialı olmağa çalışırıq” (MÜSAHİBƏ)

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadzenin “FutbolPress“ə müsahibəsi:

– Komanda Premyer Liqanı tərk edəndən sonra işinizdə qalacağınızı düşünənlər az idi. Amma “Qəbələ” ilə müqavilə imzaladınız. Bu qərarı verməyinizə əsas səbəb nə idi?
– Təəssüf ki, “Qəbələ” kimi komanda elitanı tərk etdi. Bura gələndə də bununçün narahat idik. Rəhbərliklə danışdıq və razılaşdıq ki, qalıb, komandanı Premyer Liqaya qaytaraq.

– I Liqada mübarizə aparacaqsınız. Çempionatın səviyyəsindən xəbərdarsınız?
– Bəli, maraqlı mübarizə olacaq. I Liqada da yaxşı futbolçular var.

– Komandanı tərk edənlər var. Xüsusilə, legionerlər yola salınır. Yeni mövsümdə “Qəbələ” yerli oyunçular təşkil olunacaq, ya əcnəbilər də heyətdə olacaq?
– Düzdür, gedənlər var. Üstünlüyümüz yerli bazar olacaq. Bəzi əcnəbiləri də heyətimizə qatacağıq. I Liqada oynayan komandaya legioner gətirmək çətindir. Çalışacağıq ki, bizimçün faydalı olan əcnəbiləri tapaq.

– Ötən mövsümün son turlarında yaxşı nəticələr qazandınız, amma artıq gec idi. İndi I Liqada çıxış edəcəksiniz və hansısa bir layihə tətbiq etmək üçün yaxşı şansdır. Düşündüyünüz nəsə var?
– Yaxşı oyunlarımız olsa da, təəssüf ki, alınmadı. Ən böyük problemimiz realizasiya problemi idi. Gələndə taktikanı dəyişdik və gec də olsa, faydasını gördük. İndi müəyyən layihələrimiz və planlarımız var. Rəhbərliklə danışmışıq və bunlara görə müqavilə imzaladıq.

– Yeni mövsümdə iddianız nə olacaq?
– Çempionluğa oynayacağıq. Harda işləyiriksə, iddialı olmağa çalışırıq.

– “Neftçi”də baş məşqçi postuna Roman Qriqorçuk, “Turan Tovuz”da isə Kurban Berdıyev təyin olundu. Bunlar fonunda Azərbaycan çempionatından gözləntiləriniz nədir, inkişafa ümid var?
– Vaxtilə “Qəbələ”də də iddialı məşqçilər olub. Yəqin xatırlayırsınız, Toni Adams, Yuri Syomin, elə Qriqorçukun özü də burada işləyir. Düşünürəm ki, Azərbaycan futbolunun səviyyəsi yavaş-yavaş artacaq. İnanıram ki, yeni mütəxəssislər də rəqabətə təsirini göstərəcək və maraqlı Premyer Liqa olacaq.

Şahin Cəfərov