Sürprizsiz tur

Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub. Sonuncu oyun günündə “Sabah” “Neftçi” ilə heç-heçə edib, “Qarabağ” isə “Şamaxı”ya qalib gəlib.

İkinci pillədə qərarlaşan “Turan Tovuz” növbəti üç xalını qazanıb. “Zirə” “Araz-Naxçıvan”la “sülh”ə razılaşıb, “Sumqayıt” isə Vaqif Cavadovun rəhbərliyi altında ilk qələbəsini qazanıb.

Turan Tovuz – Kəpəz 2:1

Mövsümün yaxşı mənada fərqlənən komandalarından “Turan Tovuz” azarkeşlərinin də dəstəyi ilə autsayderlə oyundan üç xalla ayrıldı. “Kəpəz” Azər Bağırovun gəlişindən sonra oyun dinamikasını artırıb. Tovuzda daha üstün oynamağa çalışan gəncəlilər istəkli və arzulu göründü. Hesabda geri düşməsinə baxmayaraq, fasilədən sonra hesaba tarazlıq gətirən “Kəpəz” bir xalı da qənimət kimi görürdü. Lakin “Turan Tovuz”un son dəqiqələrdə standart vəziyyətdən sonra vurduğu qol komandanın ümidlərini puç etdi. “Turan Tovuz” yaxşı oynamadığı matçda vacib üç xal qazandı.

“Kəpəz” isə uğursuz seriyasını sonlandıra bilmir. Komanda oyun planında müsbət siqnallar verməsinə baxmayaraq, bu, nəticələrdə əksini tapmır. Xüsusilə, futbolçuların ustalıq səviyyəsinin aşağı olması komandaya təsirsiz ötüşmür.

Araz-Naxçıvan – Zirə 1:1

Turnir cədvəlində qonşu olan komandaların duelində ədalətli nəticə elə bərabərlik idi. Zaman-zaman “Araz-Naxçıvan”, bəzən də “Zirə” təzyiqini artırıb, qol axtarışlarında olurdu. Hər iki komanda çempionatda intizamlı müdafiəsi ilə seçilən kollektivlərdəndir. “Araz-Naxçıvan” Premyer Liqada 10 oyundur uduzmur və bu seriyanı davam etdirməkdədir. “Zirə” ilə görüşdə geri düşməsinə baxmayaraq, bərabərlik qolunu vuran naxçıvanlıların hücum xəttində Felipe Santos keyfiyyəti ilə fərq yarada bilir.

Səbail – Sumqayıt 0:1

Şahin Diniyevin “Səbail”ində eniş davam edir. 11 turda cəmi 2 qələbə qazanan “dənizçilər” 8 dəfə də meydanı xalsız tərk edib. Turnir cədvəlində “Kəpəz”i 4 xal qabaqlayan Bayıl komandası 7 xalla 9-cu pillədədir. “Sumqayıt”la görüşdə xüsusilə, ikinci hissədə üstün oynayan “dənizçilər” bir neçə qol imkanını boşa verdi, penaltidən yararlana bilmədi. Bu mövsüm “Səbail”də sanki bəxtsizlik də hiss edilir. Bundan əlavə, komandanın əsas problemi hücum xətti ilə bağlıdır. Bitirici oyunçu yoxluğundan əziyyət çəkən “Səbail” görünür qışa qədər bunun ağrısını yaşayacaq.

“Sumqayıt” isə Vaqif Cavadovun gəlişindən sonra daha sürətli futbol nümayiş etdirir. “Səbail”i əks-hücumlarla “vuran” “kimyaçılar” 7 tur sonra qələbə qazanıb. Cavadovun komandaya toxunuşları hiss edilir və bu, gələcək oyunlarda daha aydın olacaq.

Sabah – Neftçi 0:0

Turun mərkəzi oyunundan qazanan çıxmadı. “Sabah”ın üstünlüyü şəraitində keçən matçda “Neftçi” “çərçivə”ni toxunulmaz saxlaya bildi. “Ağ-qaralar” oyunboyu demək olar, 1-2 qol şansı yaxaladı. Hücumda sürətin zəifliyi, futbolçuların özünəinamsızlığı komandanın bir xalla kifayətlənməsinə səbəb oldu. Abasov ümidlidir və daha yaxşı nəticələr qazanacaqlarına əmindir. “Neftçi”nin heyətinin keyfiyyəti yuxarı sıralara qalxmağa bəs edir.

“Sabah” isə ardıcıl 4-cü oyunda qələbə qazana bilməyib. Krunoslav Renduliçin yetirmələri eyni zamanda ardıcıl ikinci oyununu bir xalla tərk edib.

Qarabağ – Şamaxı 3:0

Avropa Liqasında “Ayaks”a məğlubiyyətdən sonra “Qarabağ” azsaylı azarkeşləri önündə inamlı qələbə qazanıb. Qurban Qurbanovun yetirmələri keyfiyyət baxımından daha aşağı olan “Şamaxı”ya qarşı yaxşı oyunla üç xal əldə edib. Birinci hissədə qol imkanlarını boşa verən “atlılar” fasilədən sonra daha dəqiq oynayaraq, istədiyi nəticəni qazanıb.

“Şamaxı”nın isə bir-iki hücumdan artığına gücü çatmadı. Ayxan Abbasovun komandasında heyətlə bağlı problemlər var. “Şamaxı”da qışa qədər çətinliklər qaçılmazdır. Yanvarda heyət genişləndirilməsə, mövsümün qalan hissəsi də ağır keçəcək.

Şahin Cəfərov