“Sumqayıt” Premyer Liqanın V turunda “Araz-Naxçıvan”a məğlub olub – 0:1. “Kimyaçılar” bununla da çempionatda ardıcıl ikinci məğlubiyyətini yaşayıb.
Samir Abasovun rəhbərlik etdiyi kollektiv bu mövsüm qeyri-stabilliyi ilə fərqlənir. “Araz-Naxçıvan”la görüşdə üstünlüyü rəqibə verən “kimyaçılar” oyunda ciddi qol epizodu ilə demək olar, yadda qalmadı. Buraxılan qoldan sonra oyunun sonlarında bir neçə dəfə qol axtarışına çıxan “kimyaçılar”da dəqiqlik çatmadı. Komandanın hücum xəttində ciddi problemlər müşahidə edilir.
Yayda heyətə cəlb olunan Nikola Vuynoviç çempionatda qol hesabını aça bilməyib. Ümumiyyətlə, forvard oyunlarda xüsusi nə iləsə yadda qalmır. Yarımmüdafiədə Fernando Medeiros böyük ümidlərlə transfer edilməsinə baxmayaraq, hələ özünü doğrulda bilmir. Abasov yeni transferlərin uyğunlaşma problemi yaşadığını bildirir və zamanla daha yaxşı olacaqlarını söyləyir. Qarşıda milli komandanın oyunları ilə bağlı iki həftəlik fasilə olacaq və bu, “Sumqayıt” üçün indiki məqamda ən müsbət hadisədir. “Kimyaçılar”da oyunu ilə fərqlənənlər müdafiədə Elvin Bədəlov, Vüqar Mustafayev, yarımmüdafiəçi Səbuhi Abdullazadə və cinahda Cordan Rezabaladır.
“Araz-Naxçıvan” isə “Sumqayıt” səfərində ilk dəqiqələrdən “bir nömrə”də oynamağı bacardı. İlk hissədə bir neçə qol imkanları yaradan komanda hesabı aça bilmədi. Fasilədən sonra Felipe Santosun möhtəşəm ara ötürməsini qolla tamamlayan Miço Kuzmanoviç komandasına üç xal qazandırdı. “Araz-Naxçıvan”da Santos yaxşı oyunu ilə seçildi. Demək olar, bütnü hücumların baş rolunda yer alan cinah oyunçusu qısa zamanda komandanın aparıcı üzvü olmağı bacarıb.
Şahin Cəfərov