“Sumqayıt”da iclas – Riad Rəfiyev hesabat verdi

“Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının (MŞ) iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, “Azərikimya” İstehsalat Birliyinin inzibati binasında baş tutan iclasın gündəliyində iki məsələ olub:
– Azərbaycan Premyer Liqasının 2023/24 mövsümünün yekunu ilə bağlı hesabat
– Azərbaycan Premyer Liqasının 2024/25 mövsümü ilə bağlı planlar
Əvvəlcə Müşahidə Şurasının sədri, “Azərikimya” İstehsalat Birliyinin baş direktoru Elnur Məmmədli iclası açıb və gündəlikdə duran məsələlərlə bağlı iclas iştirakçılarını məlumatlandırıb. O, daha sonra mövsümün yekunu ilə bağlı hesabatı təqdim etmək üçün sözü “Sumqayıt” Futbol Klubunun prezidenti Riad Rəfiyevə verib.
Riad Rəfiyev çıxışında ötən mövsümün yekunları ilə bağlı hesabatı Müşahidə Şurasının üzvlərinin nəzərinə çatdırıb.
Hesabatda komandanın mövsümü uğurlu başa vurması, turnir cədvəlinin 4-cü pilləsində qərarlaşması, həmçinin Konfrans Liqasına vəsiqə əldə etməsi, bununla yanaşı klub akademiyasının və qızlardan ibarət komandanın çıxışı qeyd edilib. Klub prezidentinin çıxışından sonra iclas iştirakçıları söz alaraq öz fikirlərini bildiriblər.
Yekdil rəyə əsasən, klubun mövsüm ərzindəki çıxışı uğurlu hesab edilib və bununla bağlı rəhbərliyə və məşqçi heyətinə təşəkkür ifadə edilib. Daha sonra növbəti mövsümün planları ilə bağlı müzakirələr olub.