“Sumqayıt” fasiləyə “6-lıq”da yollandı, “Kəpəz” üçün “zirzəmi” təhlükəsi

Azərbaycan Premyer Liqasında XVIII tura start verilib. Açılış oyununda “Kəpəz” “Sumqayıt”la qolsuz heç-heçəyə razılaşıb.

Tovuz şəhər stadionunda baş tutan görüş nominal meydan sahiblərinin sürətli hücumları ilə başladı. Birinci hissədə “Sumqayıt”ın oyunçularının fərdi səhvləri hesabına yaxşı imkanlar tapan “sarı-göylər” son zərbələrdə dəqiq ola bilmədi. “Kimyaçılar” ara-sıra təhlükə yaratmağa çalışsa da, müvəffəq ola bilmədi.

İkinci hissədə isə daha çox üstün olan tərəf qonaqlar idi. “Sumqayıt” ilk hissənin gərginliyini atmış, ancaq irəli oynamağı düşünməyə başlamışdı. Bir neçə real qol imkanı yaradan “Sumqayıt”lılar da rəqibləri kimi son zərbələrdə uğursuzluq yaşadı. Oyunun sonlarında da təhlükəli gələn “kimyaçılar” qələbə qolunu vura bilmədi.

İlin son oyununda heç-heçə qeydı alındı və bu, daha çox “Sumqayıt”a sərf edən nəticədir. Vaqif Cavadovun rəhbərlik etdiyi kollektiv 20 xalla 6-cı sıradadır və ən yaxın izləyicisi “Neftçi” bu turda qələbə qazansa belə, onlara çata bilməyəcək. “Kimyaçılar”ın qış fasiləsinə 6-cı sırada girməsi dəqqiləşib.

“Kəpəz” isə 11 xalla 9-cu pillədədir. “Səbail” bu gün “Zirə”yə qalib gəlsə, gəncəlilər fasiləyə autsayder kimi yollanacaq.

Şahin Cəfərov