Rumıniyanın “Styaua” komandası sabah Avropa Liqasının Liqa mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşacaq.
Futbolpress.az xəbər verir ki, görüş saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyundan öncə baş tutan mətbuat konfransında Rumıniya təmsilçisinin baş məşqçisi Elias Xaralambous iştirak edib. 44 yaşlı mütəxəssis sabah əziyyət çəkməli olacaqlarını bildirib:
“Qarabağ” indiyə qədər əldə etməli olduğu xala sahib deyil. Bilirik ki, məqsədimizə çatmaq, yaxşı nəticə əldə etmək üçün çox əziyyət çəkməliyik. Çətin duel olacaq, bilirik ki, bu, böyük təcrübəyə malik komandadır. Hələlik “Mançester Yunayted”lə oyun haqda düşünmürük. Bu, böyük səhv olardı, yalnız sabahkı oyunu düşünməliyik. Əgər diqqətimizi bu oyuna yönəltsək, “Mançester Yunayted”lə oyunumuzu asanlaşdıra bilərik. Biz həmişə hər şeyi addım-addım atırıq. Növbəti matç ən önəmlidir. Sabah qalib gəlsək, bu o demək deyil ki, ilk səkkiz komandanın varlığına əmin olacağıq. Turnir cədvəlinə baxsanız, xalları az olan çox böyük komandalar var. Sabahkı oyun çox çətin olacaq. Hər xal, hər qol indi önəmlidir”.
Mütəxəssis Olavio Juninyonun yoxluğunu belə şərh edib:
“Fərdlərin çox da əhəmiyyəti yoxdur. “Qarabağ”ın bir oyunçudan ibarət olmayan komandası var. Onların komandada Juninyo ilə indiyə qədər oynadıqları kimi oynamalarını gözləyirəm. Biz çox vacib oyunçumuzu, kapitanımızı itirdik. Əlimizdə olan oyunçulara diqqət yetirməli və istədiyimiz nəticəni əldə etməliyik”.
O, klubun prezidenti Cici Bekalinin mətbuata açıqlama verərək, start heyətini bölüşməsiylə bağlı da fikirlərini bölüşüb:
“Müdir danışmağı və emosiyalarını göstərməyi xoşlayır. Bəzən haqlıdır, bəzən haqlı deyil. Sabah kiminlə oynayacağımızı bilirik”.