Azərbaycan Premyer Liqasında 6 turdan sonra ən çox qol vuran komandalar “Qarabağ” və “Sabah”dır.
“FutbolPress“in məlumatına görə, hər iki kollektiv 12 dəfə rəqib qapılarına yol tapıb. “Qarabağ” bu saya 5, “Sabah” isə 6 oyunda çatıb.
“Qarabağ” eyni zamanda, çempionatda ən az qol buraxan üç komandadan biridir. Bu göstəricidə birinci pillədə “Turan Tovuz” yer alıb. Kurban Berdıyevin yetirmələri 6 oyunda cəmi 2 qol buraxıb ki, bu da son turun “Sabah”la oyununda olub (2:2).
Ən az qol buraxan digər komanda “Şamaxı”dır. Ayxan Abbasovun rəhbərlik etdiyi “şirlər” 5 oyunda 3 qol buraxıb. “Şamaxı” həm də ən az qol vuran üç komanda arasındadır.
Qol vurmaqda çətinlik çəkənlər isə “Neftçi” və “Kəpəz”dir. Turnir cədvəlində müvafiq olaraq 9 və 10-cu sıralarda qərarlaşan komandalar hərəyə iki qol vurub. “Neftçi” 6, “Kəpəz” isə 16 qol buraxıb. Gəncə klubu Premyer Liqada hazırda ən çox qol buraxan komandadır.
Autsayderlər həm də Premyer Liqada qələbəyə həsrət iki komandadır. “Neftçi” 6 oyunda 4 heç-heçə, 2 məğlubiyyətlə yadda qalır. “Kəpəz” isə ümumiyyətlə xal qazanmayıb.
Kamil Əhməd