Azərbaycan Premyer Liqasının II turunun “Səbail” – “Neftçi” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– Görürsüz də, futbol emosiyalar oyunudur. Bu gün yaxşı “Səbail” gördük. Komandanın orta yaş həddi 23,7-dir. Bu komanda qaçmalı, vuruşmalıdır. Yeni komandayıq. Bu gün heyətin 9-10 nəfəri keçənilkindən fərqli idi, yenilərdir. “Zirə”də bu oyunçularla ilk matça çıxdıq. Komandamızın potensialı var. Dinamikik. Oyun maraqlı keçdi, azarkeşlər üçün bol qol şansı olan görüş oldu. Daha çox qol vurula bilərdi. Bu gün “Neftçi”yə qarşı əsgərlər oynadı. Bizimlə onlar arasında fərq var, amma meydançada bunu göstərmədik. Futbolçularım “Neftçi”yə imkan verməməyə çalışdı. Qələbə də qazana bilərdik, məğlub da ola bilərdik. Başlanğıc üçün bir xal pis deyil. Bu gün yaxşı oyun gördük. “Neftçi”yə təşəkkür edirəm. Futbolçular verdiyim tapşırıqları yerinə yetirdilər.
– Heyətdə yeni futbolçular var. Komandanın tam oturuşması üçün nə qədər vaxt lazımdır?
– Vaxtdan çox çalışmaq lazımdır. İlk oyunun birinci hissəsinə və növbəti hissələrə baxsaq, deməli, potensial var. Ötən il deyirdim ki, 4-5 oyun sonra komanda düşəcək. Amma indi deyirəm ki, yaxşı olacaq. Futboldur, bilirsiz, sabah uğursuz da ola bilərsiz. Hərəkətli, dinamik komanda olduğumuza görə yaxşı olacağını düşünürəm. Bu gün Ayman Buali ilə Fərid Nəbiyev bir-birini başa düşmür. Çox oyunçular toplanış keçə bilmədi. Məsələn, Gitay demək olar, hazırlıq keçməyib, amma bu gün 12 km qaçdı. Hər oyuna son tur kimi baxmalıyıq.
– Ramalinqomun gedişindən sonra Buali yalançı doqquz nömrə kimi oynayır. Lakin sanki hücumun mərkəzində Ramalinqom kimi oyunçu yoxdur. Axtarışlar gedir, ya maliyyə məcbur edir ki, transferi bağlayasınız?
– Transferlərə nöqtə qoymuşuq, azı dekabra qədər. Əlimizdə yetərli heyət var. Tarixə baxsanız, Ramalinqom 6-7 tur sonra özünə gəlmişdi. Ayman təlim-məşq toplanışına da qoşulmayıb. Formasını yığdıqdan sonra daha yaxşı olacaq. Bir oyunçu ilə yox, komanda şəklində vəziyyəti düzəltmək istəyirik. Futbolçuya yox, döyüşçülərə ehtiyac var.
– Bu mövsüm “Səbail” nə üçün mübarizə aparacaq?
– Milyon nəfər futbola baxırsa, onun 3-nün baxışları üst-üstə düşmür. Ötən mövsüm rəqabət yarada bilən komanda qurduq. Komanda hissə-hissə yaranır, müəyyən material olur və başlayırsan ki, düzəldəsən. Bütün futbolçular gedəndən sonra yeni komanda qurmaq olduqca çətin məsələdir. Burada ağıl və fizikadan əlavə, psixoloji vəziyyət də önəmlidir. Ötən mövsüm də oyundan-oyuna yaxşılaşırdıq. Bu gün də yenidən komanda qururuq. Problemləri addım-addım həll etməyə çalışırıq. Söz verirəm ki, yaxşı “Səbail” olacaq. Heç kimə rahat uduzmayacağıq. Sonuncu yer uğrunda oynayan komanda olmayacağıq.
– Bu gün bir xal qazandınız, ya iki xal itirdiniz?
– Ədalətli nəticə heç-heçə idi. Amma qol epizodlarına baxanda, qələbəyə daha yaxın biz idik. “Turan Tovuz” – “Neftçi” oyununa və bu matça baxın. Hansında necə keyfiyyət var idi? Bu gün dinamika, sürətli oyun var. İki cür məşqçi olur: biri nəticəyə, biri zövqə oynayır. Mən ikincilərdənəm. Futboldan zövq almağa çalışmaq lazımdır. İstəyirəm, səviyyəli komanda yaradaq. Mənə futbol lazımdır. Azarkeşlər bura gələndə zövq alsın. İndi nə dərəcə alınacaq, zaman göstərəcək.
– Rüfət Abdullazadə kapitanlıq sarğısını Cabir Əmirliyə vermədi…
– Bəzən futbol vaxtı mən də nə danışdığımı bilmirəm. Futbol emosiyalar oyunudur. Rüfət düşünmədi ki, nə etdi. Futbolda emosiyalar olur.
– Hakim idarəçiliyi ilə bağlı mövqeyiniz nədir?
– Hakimdən razı olan məşqçi görmüsünüz? Amma bu gün deyirəm ki, ideal hakimlik var idi. Biz də çox səhvlər edirik, amma çalışırıq ki, səhvimizi kiminsə üstünə ataq. Kamal Umudluya təşəkkür edirəm, oyunun nəzarətini itirmədi. Cüzi səhvlər ola bilər, ona qalsa, mən daha çox səhv edirəm.
Fərrux Həsənli