UEFA Avropa Liqasında oktyabrın 24-də keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) oyununu şotlandiyalı hakim Nikolas Uolş idarə edəcək.
“FutbolPress“in məlumatına görə, referi daha öncə də “atlılar”In oyunlarına təyinat alıb.
Uolş 2022/23 mövsümündə Konfrans Liqasının pley-off mərhələsində baş tutan “Gent” – “Qarabağ” matçında dördüncü hakim funksiyasını yerinə yetirib. Matç belçikalıların qələbəsiylə başa çatıb. O, 2023/24 mövsümündə Bakıda baş tutan “Qarabağ” – “Molde” matçında isə VAR hakimi olub. Bu görüşü “atlılar” 1:0 hesabıyla qazanıb.
Nikolas “Qarabağ”la yanaşı, bir dəfə də “Qəbələ”nin matçına təyinat alıb. 2019-cu ildə Avropa Liqasında Tbilisi “Dinamo”suna qarşı keçirilən II təsnifat mərhələsində ev oyununun baş hakimi olub. Matç “qırmızı-qaralar”ın məğlubiyyəti ilə başa çatıb – 0:2.
Oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” oyununa saat 20:45-də start veriləcək.
Kamil Əhməd